Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-81/2026 13.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Nigar İbrahim qızının sədrliyi, məhkəmə iclas katibi Çobanova Elminaz Zarif qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi 17, mənzil 24-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Qazax Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə Qazax rayonu Ağköynək kəndi ərazisində özünə məxsus ** GS *** dövlət qeydiyyat nömrəli avtomobildə saat 18:40 radələrində X5 ilə birlikdə narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Qazax Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 izahat verərək bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 18:40 radələrində Qazax rayon polis şöbəsinin post patrul xidmətinin əməkdaşları xidmətdə olan zaman Qazax rayonu Ağköynək kəndi ərazisində Əhmədoğlu servisin yaxınlığında Şəxs bir nəfər qadınla avtomobildə olduğunu görüb onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra, Şəxs avtomobildən düşüb özünü təqdim etmiş, hər iki şəxsin Bakı şəhər sakini olduğunu bildikdən və qeyri-səmimi cavablarından sonra polis əməkdaşlarında şübhə yaranmış, nə üçün orada dayandıqlarını soruşduqda onlar qəbristanlığa ziyarətə gəldiklərini bildirmişlər. Lakin bundan sonra avtomobildə olan hər iki şəxs polis əməkdaşları ilə söhbət edərkən narkotik vasitə istifadə etdiklərini etiraf etmişlər. Həmçinin avtomobildə olan X5 orada uşağını gözlədiklərini bildirmişdir. Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Bakı şəhərində yaşayır, oğlu X1 rayonunda yaşadığı üçün xx.xx.2026-cı il tarixdə səhər saatlarında Qazax şəhərinə gəlmişdir. Bundan sonra qeyrirəsmi yaşadığı X5 ilə birlikdə Qazax rayonu ərazisində tanımadığı boş bir əraziyə getmiş və oğlu Emili gözləməyə başlamışlar, orada gözləyən müddətdə narkotik vasitədən istifadə etmişlər. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq müəyyən suallar vermişlər, həmçinin daşınması, saxlanılması və istifadəsi qanunla qadağan olunmuş əşya və ya predmetləri olub-olmaması barədə sual verildikdə narkotik vasitə istifadə etdiklərini səmimi etiraf etmişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şəxs bildirdi ki, 10 yanvar 2026-cı il tarixdə axşam saatlarında PPX-nin əməkdaşları tərəfindən saxlanılmış və həmin gün Qazax RPŞ-nə aparılaraq növbətçi hissəyə təhvil verilmiş, məhkəməyə gələn vaxta qədər Polis Şöbəsinin inzibati binasında saxlanılmışdır. Məhkəmə iclasında iştirak edən Şahid1 izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə saat 18:40 radələrində taqım komandiri Şahid2 və komandir müavini Şahid3la birlikdə 6512 çağırışlı avtopatrulda xidmətdə olarkən Qazax rayon Ağköynək kəndi ərazisində yerləşən Əhmədoğlu servisin yaxınlığında **-GS-*** dövlət qeydiyyat nişanlı qara rəngli "Mercedes E-Class" markalı nəqliyyat vasitəsinin yolun qaranlıq hissəsində dayandığını görmüşlər. Onlar nəqliyyat vasitəsinə yaxınlaşaraq nəqliyyat vasitəsində olan şəxslərə özlərini təqdim etmişlər, həmin şəxslər verilən suallara qeyri-səmimi cavab vermişdir. Onlara üzərlərində daşınması, saxlanılması və istifadəsi qadağan edilmiş əşya və ya predmet olub-olmaması barədə sual verilmiş, onlar isə narkotik vasitə istifadə etdiklərini səmimi etiraf etdilər. Onlar həmin şəxsləri avtopatrula əyləşdirib Qazax RPŞ-nə aparmışlar, RPŞ-də həmin şəxslərin Bakı şəhər sakinləri Şəxs və X5 olması onlara məlum olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, Bakı şəhər sakinləri Şəxs və X4 10 yanvar 2026-cı il tarixdə axşam saat 18 radələrində saxlayaraq, həmin günü Qazax RPŞ-nin inzibati binasına gətirib növbətçi hissəyə təhvil vermişdirlər. Məhkəmə iclasında iştirak edən Şahid2 Raib oğlu izahatında göstərdi ki, xx.xx.2026-cı il tarixdə saat 18:40 radələrində komandir müavini Şahid3 və polis serjantı Şahid1 ilə birlikdə 6512 çağırışlı avtopatrulda xidmətdə olarkən Qazax rayon Ağköynək kəndi ərazisində yerləşən Əhmədoğlu servisin yaxınlığında **-GS-*** dövlət qeydiyyat nişanlı qara rəngli "Mercedes E-Class" markalı nəqliyyat vasitəsinin yolun qaranlıq hissəsində dayandığını görmüşlər. Onlar nəqliyyat vasitəsinə yaxınlaşaraq nəqliyyat vasitəsində olan şəxslərə özlərini təqdim etmişlər, həmin şəxslər verilən suallara qeyrisəmimi cavab vermişdirlər. Onlara üzərlərində daşınması, saxlanılması və istifadəsi qadağan edilmiş əşya və ya predmet olub-olmaması barədə sual verildikdə, onlar narkotik vasitə istifadə etdiklərini səmimi etiraf etmişlər. Onlar həmin şəxsləri avtopatrula əyləşdirib Qazax RPŞ-nə gətirmişlər, RPŞ-də həmin şəxslərin Bakı şəhər sakinləri Şəxs və X5 olmaları onlara məlum olmuşdur. Məhkəmə iclasında verilən suallara cavab olaraq Şahid2 Raib oğlu bildirdi ki, Bakı şəhər sakinləri Şəxs və X4 10 yanvar 2026-cı il tarixdə saxlamışlar və həmin günü Qazax RPŞ-nin inzibati binasına aparıb növbətçi hissəyə təhvil vermişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu izahat verərək deyilənləri bir daha təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri özünün etirafedici ifadəsi və iş materiallarında olan ekspert rəyi ilə tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli, 31 nömrəli rəydə göstərilmişdir ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixortop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüşdür. Belə ki, iş materiallarında olan xx.xx.2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs və X3 əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş və Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Qazax RPŞ-nin İTB-nə göndərilmişdir. İş materiallarında xx.xx.2026-cı il tarixli, 192/2026 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan Şəxs sidiyində AMP(amfetamin) MCT(mmetamfetamin) aşkar edilmişdir. İş materiallarında olan ƏƏSMN-nin Mərkəzləşdirilmiş EİS-nin arayışından görünür ki, Şəxs mərkəzləşdirilmiş elektron informasiya sistemində şəxsin pensiyaçı olması barədə məlumat mövcud deyildir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin, şahidlərin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şəxs 10 yanvar 2026-cı il tarixdə saat 18 radələrində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilməsi, yəni həmin andan faktiki olaraq azadlığının məhdudlaşdırılması, onun barəsində inzibati tənbeh tətbiq edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30-cu (inzibati həbs) maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İnzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Şəxs əməlini səmimi etiraf edərək peşman olması, il ərzində ilk dəfə olaraq inzibati xəta törətməsi, himayəsində azyaşlı uşağının olmasını, onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Onun əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13.1-ci maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Eyni Məcəllənin 13.5-ci maddəsinə əsasən cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqi ilə bağlı qeyd etmişdir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu, həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Bu institutla bağlı daha geniş açıqlama Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 11 noyabr tarixli Qərarında verilmişdir. Həmin Qərarda göstərilmişdir ki, qanunun analogiya üzrə tətbiqi konkret hüquq münasibətlərini tənzimləyən normanın olmamasını və bu hüquq münasibətlərinə oxşar münasibətləri tənzimləyən digər qanun normasının tətbiqini nəzərdə tutur. Məhz konkret normanın olmaması qanunun analogiya üzrə tətbiqini onun təfsirindən fərqləndirən əsas əlamətdir. Hüquq nəzəriyyəsində formalaşmış fikrə əsasən, hüququn təfsiri normanın mətninin mənasının aydınlaşdırılması və izahıdır. Hüquqi boşluq isə əksinə, hüquqi məsələni tənzimləyən normativ mətnin olmamasını və ya natamam olmasını nəzərdə tutur. Normativ akt konkret mübahisəli məsələnin həlli üçün nəzərdə tutulduqda, lakin nəticə etibarı ilə mətninin ikimənalılığı və ya qeyri-dəqiqliyinə görə deyil, natamamlığına görə bunu etmək qabiliyyətində olmadıqda boşluq yaranır. Baxmayaraq ki, hüquqi boşluğun müəyyən edilməsi yalnız hüquq normasının təfsir edilməsindən sonra mümkün olur, onun aradan qaldırılması hüquq normasının təfsiri prosesi çərçivəsində həyata keçirilmir. Hüquq tətbiqedən normanın məzmununu, o cümlədən nəzərdə tutulan mənanı müəyyən etməklə həmin normanın qeyrimüəyyənliyini və ikimənalılığını aradan qaldırmış olur. Boşluğun aradan qaldırılması zamanı isə hüquq tətbiqedən faktiki olaraq konkret hüquqi mübahisənin birdəfəlik həlli üçün qanunvericiliklə müəyyən edilmiş meyarlara müvafiq davranış qaydası müəyyənləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Yuxarıda göstərilən qanunvericiliyin və Plenum qərarının tələbindən aşkar görünür ki, barəsində inzibati icraat aparılan şəxsin inzibati qaydada tutulduğu müddət, məhkəmə tərəfindən onun barəsində inzibati tənbeh tətbiq edilərkən nəzərə alınması onun vəziyyətini yaxşılaşdıran hal olduğu üçün həmin qaydanın analogiya üzrə tətbiqi qanuna uyğun hesab edilir. Məhkəmə hesab edir ki, Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməli, 10 yanvar 2026-cı il tarixdən azadlığının faktiki məhdudlaşdırılması nəzərə alınaraq ona təyin edilmiş cərimə növündə inzibati tənbeh tədbiri yüngülləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib, 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Şəxs xx.xx.2026-cı il tarixdən azadlığının faktiki məhdudlaşdırılması nəzərə alınaraq ona təyin edilmiş 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh yüngülləşdirilib 300 (üç yüz) manata endirilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Nigar Məmmədova
Məhkəmə qərarları › İş №3(5-136)-81/2026
Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-81/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver