Məhkəmə qərarları › İş №3(5-136)-86/2026

Qazax Rayon Məhkəməsi Qərar — İş №3(5-136)-86/2026

16.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qazax rayon İş № 3(5-136)-86/2026 16.01.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Sadıxova Günay Fauna qızının katibliyi ilə, Qazax RPŞ-nin DYPB-in Yol Patrul Xidməti baş ispektoru X1 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi barədə Qazax Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 334.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı Qazax Rayon Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün 16 yanvar 2026-cı il tarixdə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Qazax Rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti baş inspektoru, polis kapitanı X1 tərəfindən tərtib olunmuş 15 yanvar 2026-cı il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs 15 yanvar 2026-cı il tarixdə saat 18:00 radələrində “Vaz 2104” minik markalı 21BJ645 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş və inzibati xətanı il ərzində təkrar törətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Qazax RPŞ-nin DYPB-in Yol Patrul Xidməti baş ispektoru X1 izahatında göstərdi ki, Şəxs 15 yanvar 2026-cı il tarixdə saat 18:00 radələrində “Vaz 2104” minik markalı 21BJ645 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri Ələddin Qədirov küçəsində hərəkətdə olarkən onlar tərəfindən saxlanılmış və araşdırma zamanı məlum olmuşdur ki, sürücü avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, Qazax RPŞ-yə gətirilərək müvafiq sənədləşmə aparılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, O, inzibati xəta haqqında protokolda qeyd edilən əməli törətmişdir. Belə ki, o, 15 yanvar 2026-cı il tarixdə saat 18:00 radələrində “Vaz 2104” minik markalı 21BJ645 dövlət qeydiyyat nişanlı avtomobillə Qazax şəhəri Ələddin Qədirov küçəsində hərəkətdə olarkən yol polisləri onun avtomobilini saxlamışlar, sənədləri yoxlanılarkən sərxoş olduğundan alkotestr müayinəsindən keçirilmiş və o sərxoş olduğundan avtomobili duracağa yerləşdirilmiş və onu protokol tərtib olunması üçün Qazax RPŞ-nə aparmışlar daha sonra onu sərbəst buraxmışlar. Hazırda törətdiyi əməldən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsinə dair aktdan görünür ki, “Vaz 2104” minik markalı 21BJ645 dövlət qeydiyyat nişanlı avtomobil 15 yanvar 2026-cı il tarixdə Qazax RPŞ-nin dayanacağına yerləşdirilmişdir. İş materiallarında olan Şəxs tərəfindən əl yazısı ilə yazılmış və imza edilmiş qəbzin surətindən görünür ki, Şəxs həkim müayinəsinə ehtiyac yoxdur spirtli içki qəbul etmişəm qeyd etmişdir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli Azərbaycan Respublikası ƏƏSMN Mərkəzləşdirilmiş elektron informasiya sistemi pensiya haqqında və sosial müavinət haqqında arayışlardan görünür ki, Şəxs İİİ qrup əlilliyə görə 180 manat məbləğində müavinət alır. İş materiallarında olan Qazax Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı X2 Haqqında qərardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixli, İXP7359468 saylı protokola əsasən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 339.1-1, 334.1, 329.3 və 332.1-ci maddələri ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğdə cərimə edilməsi barədə qərar çıxarılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 334.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi Qazax Rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti inspektorunun izahatı, özünün izahatı, inzibati xəta haqqında protokollar və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən X2 haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təsirlilik dərəcəsini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran hal kimi isə şəxsin eyni xətanı X2 haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alıb, iş üzrə mövcud sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.2-ci maddəsi ilə yanaşı, həmçinin 342.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddələrində nəzərdə tutlmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.2-ci maddəsi ilə təqsirli bilinib, 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 16 yanvar 2026-cı il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Qazax Rayon polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qazax Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar