Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-117/2026 06.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1, Zərərçəkmiş şəxs, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 19xx-ci il xxxx xx-da Qəbələ rayonu, Tüntül kəndində doğulmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Tüntül kəndində qeydiyyatda olan və Qəbələ şəhəri, M.Abduyev küçəsi, bina 52 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına 06 fevral 2026-cı il tarixdə Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510-cu maddəsi ilə İnzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. Həmin İXH protokolda göstərilir ki, o, xx.xx.2026-cı il tarixdə Zarağan kəndi M.Abduyev küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərərək xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN № ******* nömrəli, 06 fevral 2026-cı il tarixli həmin İXH protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 göstərdi ki, xx.xx.2026-cı il tarixdə Zarağan kəndi M.Abduyev küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərərək xırda xuliqanlıq hərəkətlərinə yol vermişdir. Bununla da Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Qəbələ şəhəri, M.Abduyev küçəsi, 52-ci binada tək yaşayır. xx.xx.2026-cı il tarixdə qonşusu Şərəf xala ilə digər xəstə qonşuları Məhəmmədə baş çəkmək üçün getmişdir. Məhəmmədin yaşadığı blokdan düşüb evə qayıdarkən qonşuluqda yaşayan Zərərçəkmiş şəxs ilə rastlaşmışdır. Binanın qarşısında olarkən Mirzağa 5-ci mərtəbədə öz evinin pəncərəsindən başını çölə çıxardaraq guya telefonla danışırmış kimi uca səslə “qanınız qan deyil, harda yönsüz adamlar var bu binaya yığılıb, birinin ölüsü zibilli qazeldə gəlir, molla tapılmır, quran oxunmur” kimi ifadələr işlətmişdir. Yaxın zamanlarda onun qardaşı yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişmişdir. Onun cənazəsini o Qazel maşını ilə Tüntül kəndinə aparmışdır. O bilmişdir ki, Zərərçəkmiş şəxs onu nəzərdə tutub bu sözləri işlədir. O əsəbləşib bu sözləri qəbul edə bilməyib onun ünvanına nalayiq ifadələr işlətmiş, Şərəf adlı qadın onu sakitləşdirib onu öz evinə aparmışdır. O, bir saat onlarda oturub öz evinə qayıtmışdır. Törətdiyi əməldən peşmandır. Qadın olmasının nəzərə alınmasını, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Şəxs onun qonşusudur. Şəxs tək yaşayır. Günün axşam saatlarında evinə qadın qonaqlar gəlir, evində səs-küy yaranır, o və ailə üzvləri həmin səs-küydən narahat olurlar. xx.xx.2026-cı il tarixdə axşam saatlarında evinin pəncərəsindən həyətə baxmış, həmin vaxt qonşusu Nəzakəti həyətdə görmüşdür. Ona demişdir ki, o, onkoloji xəstədir, onun evində olan səs-küydən evində rahat otura bilmir. Şəxs isə onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. Onların mübahisəsi təxminən 5 dəqiqə davam etmiş, daha sonra o pəncərəni bağlayıb içəri daxil olmuşdur. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürsounun vəkili Vəkil çıxış edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yaşını və qadın olmasını nəzərə alaraq ona yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, Şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. xx.xx.2026-cı il tarixdə Şəxs ilə digər qonşusu Şərəf Xasməmmədova onlara xəstə yoldaşına baş çəkmək üçün gəlmişdirlər. Axşam onlardan gedəndən sonra binanın qarşısında səs-küy eşitmiş, Pəncərəyə çıxanda Mirzağa ilə Nəzakətin mübahisə etdiklərini görmüşdür. Mirzağa Nəzakətin ünvanına nalayiq ifadələr işlədərək təhqir etmiş, Nəzakət də əsəbləşərək ona təhqirlə cavab vermişdir. Mübahisələri təxminən 3-5 dəqiqə davam etmiş, Şərəf adlı qadın Nəzakəti öz evinə aparmışdır. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2026-cı il tarixdə yazılmış Ərizədən görünür ki, xx.xx.2026-cı il tarixdə saat qonşusu Şəxs binanın qarşısında onu söyüb təhqir etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, ŞəxsAzərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Şəxs xx.xx.2026-cı il tarixdə Zarağan kəndi M.Abduyev küçəsində Zərərçəkmiş şəxs ilə mübahisə edərərək xırda xuliqanlıq hərəkətləri etməsi tədqiq olunmuş digər materiallarla da, o cümlədən özünün məhkəmə iclasında verdiyi ifadəsi ilə də tam təsdiqini tapır. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plemumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür.İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yaşını və qadın olmasını inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İXM-in 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə işin faktiki hallarını nəzərə almaqla hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 2 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil 22 (iyirmi iki) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 49, 48-51, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh növü tətbiq edilsin. Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil 22 (iyirmi iki) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №3(5-137)-117/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-117/2026
06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver