Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-150/2026 20.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X2, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə. 1977-ci il mayın 30-da Yevlax rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2an Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə 20 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X3 tərəfindən Şəxs barədə tərtib edilmiş xx.xx.2026-cı il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol daxil olmuşdur.Həmin protokola əsasən Şəxs 2026-cı ilin yanvar ayı ərzində qanunsuz olaraq narkotik vasitə olan marixuana istifadə etmiş və nəticədə onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir İnzibati xəta haqqında həmin protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Əhmədlinin 20 fevral 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarı əsasında tərtib edilmişdir. Həmin qərara əsasən Şəxs barəsində AR İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Qəbələ RPŞ İTB-nin polis sahə rəisi, polis leytenantı X3 protokolda qeyd olunanlara uyğun çıxış edərək bildirmişdir ki, Şəxs izahatı alınmış, əməlini etiraf etmişdir. Daha sonra raport tərtib edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən müayinə aparılmışdır. Nəticədə inzibati protokol tərtib edilmiş və məhkəməyə göndərilmişdir. Qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, törətdiyi əməldən peşmandır. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil çıxış edərək bildirdi ki, Şəxs narkotik vasitə qəbul etsə də əməlindən nəticə çıxarıb. Müdafiə etdiyi şəxsin əməlini səmimi etiraf etməsini və əməlindən səmimi peşimançılıq keçirməsini nəzərə alıb ona həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 206-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etiraf edici izahatı, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin rəyi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir: - Qəbələ rayon polis şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Əhmədlinin 20 fevral 2026-cı il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarına əsasən Şəxs barəsində AR İXM-in 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qərarın surəti Qəbələ RPŞ-nin İTB-yə verilmişdir - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X1 Ədalət Vilayət oğlu barəsində tərtib edilmiş 20 fevral 2026-cı il tarixli 297 nömrəli rəyindən müəyyən edilir ki, Şəxs narkoloji-tibbi yoxlamadan keçmişdir. Sidikdə narkotik vasitələrin birmomentli immunoxromotoqrofiq test-xətt üsulu ilə müayinə zamanı, THC aşkar edildi. Narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X1 Ədalət Vilayət oğlu barəsində tərtib olunan xx.xx.2026-cı il tarixli 861/2026 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan müəyyən edilir ki, sidikdə THC (marixuana) aşkar edildi. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, inzibati protokolu tərtib etmiş şəxsin izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həbs növündə inzibati təhbeh tətbiq edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri X1 Ədalət Vilayət oğlu barəsində tərtib edilmiş 20 fevral 2026-cı il tarixli 297 nömrəli rəyinə əsasən ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 114, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsdə saxlama müddətinin əvvəli 20 fevral 2026-ci il saat 16:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Qəbələ Rayon Polis Şöbəsinə həvalə edilsin. Şəxs ərazi Narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərgiz Abbaszadə
Məhkəmə qərarları › İş №3(5-137)-150/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-150/2026
20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver