Məhkəmə qərarları › İş №3(5-137)-192/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-192/2026

06.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-192/2026 06.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə. 1993-cü il oktyabrın 15-də Qəbələ rayonu, Xırxatala kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu Xırxatala kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ü.S.Həmidlinin tərtib etdiyi 06 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1529/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə baxılmasının yeri və vaxtı barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs Məmmədova (Rüstəmova) Aygün Hüseyn qızı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala zərərçəkmiş şəxs Məmmədova (Rüstəmova) Aygün Hüseyn qızının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 protokolda göstərilənlərə uyğun izahat verərək göstərdi ki, borclu Şəxs məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Şəxs maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini qeyd edir. 2000 manat aliment borcu var və har hansı ödəniş edilməyib. Qarşı tərəf aliment borcunun ödənilməsini tələb edir. İnzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, ödənişləri işsiz olduğu üçün həyata keçirə bilməmişdir. Hazırda taksi fəaliyyəti ilə məşğul olur. Buna görə də məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Osmanov X1 Kənan Saday oğlunun ödəniş etməməsinin səbəbinin işsiz olması olduğundan, hazırda işə düzəldiyindən və qarşıdakı aylarda ödəniş edəcəyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icraat materialları, proses iştirakçılarının izahatları ilə tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Qəbələ Rayon Məhkəməsinin e-2(025)-1529/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iddiaçı X6 ilə Şəxs arasında 01 iyul 2017-ci il tarixli 195 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş 07 iyul 2017-ci il təvəllüdlü X8 və 22 avqust 2018-ci il təvəllüdlü X4 X2 yanında qalması və yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü cavabdeh Şəxs xx.xx.2025-ci il tarixdən başlayaraq, hər bir uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli sabit pul məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi, cavabdeh Şəxs 50 manat məbləğində mediasiya xərci və 50 manat məbləğində dövlət rüsumunun tutularaq X5 verilməsi müəyyən edilmişdir. - İcra məmurunun xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən, Qəbələ Rayon Məhkəməsinin 2(025)-685/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır. - “Elektron İcra” sistemindən çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. - Qəbələ Rayon İcra və probasiya şöbəsinin 05 mart 2026-cı il tarixli arayışında göstərilmişdir ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-1529/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən X5 hazırda 2000 manat aliment borcu yaranmışdır. Eyni zamanda icra işində olan xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, “İcraata başlamaq haqqında” Qərarın surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbini yerinə yetirməmiş, eyni zamanda həm icra məmuru tərəfindən izahatları alınarkən, həm də məhkəmə iclasında verdiyi izahatında aliment borcunu maddi vəziyyəti ilə əlaqədar olaraq hal-hazırda ödəyə bilməyəcəyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, uşağını saxlamaq üçün maddi imkana malik olmaması barədə Şəxs dəlilləri qəbul edilməzdir. Həmin dəlillərə qiymət verən məhkəmə qeyd edir ki, onun bu dəlili uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Uşaqlarını saxlamaq isə valideynlərin həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur. Təyin olunmuş aliment uşaqların cəmiyyətdə maksimum dərəcədə normal inkişafına, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə, təlim-tərbiyyəsinə, mütərəqqi tələblər əsasında təhsil almasına, sağlamlığının qorunması üçün tələb edilən müayinə və müalicə xərclərinə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə və s. məqsədlərə xidmət etməlidir. Göstərilən xüsusatlar Şəxs maddi durumunun ağır olmasına deyil, onun valideyn olaraq üzərinə düşən aliment öhdəliyinə səhlənkar yanaşmasına və alimenti ödəməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Halbuki, «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinin tələbinə görə, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 13-cü maddəsinin tələbinə görə isə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati icraat aparılan Şəxs icra sənədinin icrasını təmin etmədiyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48- 51,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 06 mart 2026-cı il saat 15:10-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərgiz Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar