Məhkəmə qərarları › İş №3(5-137)-208/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-208/2026

11.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-208/2026 11.03.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Qarayeva Şəhla Mahir qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra rəisi X1, Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə 1983-cü il oktyabrın 27-də Qəbələ rayonu, Mıxlıqovaq kəndində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Qəbələ rayonu, Kötüklü kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi T.A.Həsənquliyevin tərtib etdiyi 11 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 3(025)-601/2021 və 3(025)-305/2021 nömrəli icra vərəqələrinə əsasən icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 3(025)-305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi, 3(025)-601/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək bildirişlərlə birlikdə icra olunması üçün icra sənədləri üzrə borclunun ünvanına göndərilmişdir. İcra sənədlərinin icrası barədə borcluya bildirişlər göndərilməsinə baxmayaraq, icra sənədləri üzrə tələb təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədləri üzrə tələbi icra etməyi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə qədər icra sənədləri təmin edilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi X2 protokolda göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarlarının icrasını təmin etməmişdir. “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına hər hansı əmlaklar aşkar edilməmişdir. İcra sənədi şöbənin icraatına daxil olduğu vaxtdan hazırki dövrədək borclu tərəfindən hər hansı ödəniş edilməmişdir. Borclu çağırışlara vaxtlı-vaxtında gəlməmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, məhkəmə qərarı qəbul olunduğu dövr ərzində təxminən həmin obyektdə direktor vəzifəsində işləmiş və sonradan işdən çıxmışdır. Hazırda ödəniş etməyə maddi imkanı yoxdur, heç bir yerdə işləmir. İş tapıb işlədikdən sonra ödəniş edəcəkdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi – Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində maddənin sanskiyasında nəzərdə tutulmuş yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işləri, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 1.1-1-ci maddəsinə əsasən inzibati xətalara dair işlər üzrə inzibati cərimə tətbiq edilməsi barədə qərarlar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 142, 143, 144.1, 145, 146.3, 147, 150-ci maddələrinin tələbləri nəzərə alınmaqla bu Qanuna müvafiq icra olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Qəbələ Rayon Məhkəməsinin 3(025)-305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 1.500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. - Qəbələ Rayon Məhkəməsinin 3(025)-601/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadovun xx.xx.2021-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 3(025)- 305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ramin İbadovun xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin 3(025)- 601/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - “Elektron icra” informasiya sistemindən Çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 3(025)-305/2021 nömrəli, xx.xx.2021-ci il tarixli və Qəbələ Rayon Məhkəməsinin 3(025)-601/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərinə əsasən borclu Şəxs ümumilikdə 3500 manat borcu vardır. Eyni zamanda icra işində olan bildirişlərin surətlərindən görünür ki, “İcraata başlamaq haqqında” Qərarların surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Göstərilən xüsusatlar Şəxs cərimə cəzasına səhlənkar yanaşmasına və cəriməni ödəməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs icra məmurunun çağırışlarına vaxtlı-vaxtında gəlməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati icraat aparılan Şəxs icra sənədlərinin icrasını təmin etmədiyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Qəbələ rayon vəkil bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki və ya psixi qüsurlarına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. 66.3-cü maddəsinə əsasən, maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 1-ci bəndinə əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə baxışı dövründə hüquqlarını 2 saat müddətində müdafiə etmişdir. Odur ki, Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil 22 (iyirmi iki) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-50, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 11 mart 2026-cı il saat 11:50-dən hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Şəxs göstərilmiş 2 saat hüquqi xidmətə görə Vəkil 22 (iyirmi iki) manat məbləğində pul dövlət büdcəsindən Qəbələ rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar