Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-23/2026 05.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi ilə Şəxs MMC-nin nümayəndəsi İbrahimov İbrahim Barat oğlunun iştirakı ilə. Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-in 539.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X3 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 06 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında 06 yanvar 2026-cı il tarixli MN seriyalı ******* nömrəli qərardadla inzibati xəta haqqında protokol və material aidiyyəti üzrə baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də inzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X3 məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X1 iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan 06 yanvar 2026-cı il tarixli İnzibati xəta haqqında protokolda əmək haqlarına düzəliş edilməsi məqsədi ilə müəssisəyə göndərilmiş 09 dekabr 2025-ci il tarixli 3- 17-5/2-114252/2025 saylı icrası məcburi göstəriş məktubunun icrasının Şəxs MMC tərəfindən təmin edilmədiyi qeyd edilmişdir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusuna hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə tərəfindən araşdırılmış sübutlarla öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X3 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 09 dekabr 2025-ci il tarixli, 3-17-5/2-114252/2025 saylı icrası məcburi göstəriş məktubunda qeyd edilmişdir ki, 01 yanvar 2025-ci il tarixindən Respublika üzrə minimum aylıq əmək haqqının məbləği 400 manata çatdırılmışdır. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və məşğulluq” altsistemində ixrac edilmiş baza məlumatları ilə nəticələr yenidən üzləşdirilərkən elektron informasiya sisteminə daxil olmuş aktiv əmək müqaviləsində (və ya müqavilələrində) əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğindən aşağı qeyd edildiyinin müəyyənləşdirildiyi, 24 dekabr 2025-ci il tarixədək aktiv əmək müqavilələlərində əmək haqqı ilə bağlı düzəlişlərin edilməməsi inzibati xəta haqqında iş üzrə icraata başlanılması üçün əsas olduğu bildirilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X3 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 09 dekabr 2025-ci il tarixli, 3-17-5/2-114252/2025 saylı icrası məcburi göstəriş məktubunun Şəxs MMC-yə poçt vasitəsi ilə çatdırılmasına dair sübut iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədə müəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, qərardadlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır, yaxud səlahiyyətli vəzifəli şəxs tərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Sənədin çatdırılmasını hakim məhkəmə işçisinə, səlahiyyətli orqan isə müvafiq orqanın əməkdaşına tapşıra bilər. İş materiallarında yalnız, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X3 tərəfindən 09 dekabr 2025ci il tarixli 3-17-5/2-114252/2025 saylı məcburi icrası göstəriş məktubunun “Əmək və məşğulluq” altsisteminə əlavə edilməsinə dair çıxarış əlavə edilmişdir. İş materiallarında olan 328X46L000100 nömrəli əmək müqaviləsinin bağlanmasına dair bildirişlə müəyyən edilir ki, Şəxs MMC-nin direktoru 01 sentyabr 2014-cü il tarixdən İbrahimov İbrahim Barat oğlu olmuşdur. Şəxs MMC tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş elektron çıxarışa əsasən müəssisənin yeganə ştat vahidi direktordur, digər vakansiya tutulmayıb. Şəxs MMC tərəfindən məhkəmə iclasında məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 27 dekabr 2025-ci il tarixli 76 nömrəli arayışa əsasən İbrahimov İbrahim Barat oğlu Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli hökmü ilə AR CM-nin 213.1, 46.2, 66.4, 68.1.3 və 263.2-ci maddələri ilə 03 il 10 ay müddətinə azadlıqdan məhkum edilmiş, 27 iyul 2022-ci il tarixdən 27 dekabr 2025-ci il tarixədək cəza müddətini çəkib və “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-c il tarixli Qərarının 2.3-cü bəndinə əsasən azad edilmişdir. Məhkəmə iclasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Şəxs MMC-nin direktoru İbrahimov İbrahim Barat oğlunun və müvafiq səlahiyyətli şəxsin imzaladığı 27 yanvar 2026-cı il tarixli Kommunikasiya xidmətləri ilə əlaqədar X7 Asan İmza xidmətinə qoşulma/imtina formasına əsasən müvafiq abunə müqaviləsi üzrə istifadəsində olan nömrənin Asan imza xidmətinə qoşulması xahiş edilmişdir. Daha sonra Asan imza bərpa olunduqdan sonra 28 yanvar 2026-cı il tarixdə Şəxs MMCdə direktor vəzifəsində işləyən İbrahimov İbrahim Barat oğlu ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, sistemdə olan əmək müqaviləsi ləğv edilmiş və bu barədə 28 yanvar 2026-cı il tarixli məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X2 məlumat verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə. məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X3 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 09 dekabr 2025-ci il tarixli, 3-17-5/2- 114252/2025 saylı icrası məcburi göstəriş məktubunun Şəxs MMC-yə poçt rabitəsi vasitəsi ilə çatdırılmasına dair müvafiq sübut protokol tərtib edən orqan tərəfindən təqdim edilməmiş, bunun əvəzində məcburi icrası göstəriş məktubunun “Əmək və məşğulluq” altsisteminə əlavə edilməsinə dair çıxarış əlavə edilmiş, Şəxs MMC-nin direktoru və yeganə işçisi İbrahimov İbrahim Barat oğlu Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli hökmü ilə AR CM-nin 213.1, 46.2, 66.4, 68.1.3 və 263.2-c maddələri ilə 03 il 10 ay müddətinə azadlıqdan məhkum edilmiş, 27 iyul 2022-ci il tarixdən 27 dekabr 2025-ci il tarixədək cəza müddətini çəkib və “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-c il tarixli Qərarının 2.3-cü bəndinə əsasən 27 dekabr 2025-ci ildə cəza çəkməkdən azad edilmiş, tərəfindən 27 yanvar 2026-cı il tarixdən sonra Asan imza xidmətinə təkrar qoşulduğundan “Əmək və məşğulluq” altsisteminə qoşulma bundan sonra bərpa edilmişdir. Bununla da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X3 tərəfindən Şəxs MMC-yə ünvanlanmış 09 dekabr 2025-ci il tarixli, 3-17-5/2-114252/2025 saylı icrası məcburi göstəriş məktubu və oradakı tələblərin 24 dekabr 2025-ci il tarixədək yerinə yetirilməli olması barədə barəsində inzibati xəta protokol tərtib edilən şəxs Şəxs MMC-nin vaxtında məlumatlı olmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta tərkibinin olmasını istisna etdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 114.1.4, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərgiz Abbaszadə
Məhkəmə qərarları › İş №3(5-137)-23/2026
Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-23/2026
05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver