Məhkəmə qərarları › İş №3(5-137)-53/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-53/2026

14.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-53/2026 14.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə, Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xxxx-cı il xxxx xx-də Qəbələ şəhərində doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərtib etdiyi 14 yanvar 2026cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Qəbələ Rayon Məhkəməsinin 2(025)-xxxx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2(025)-xxxx/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar olaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-xxxx/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli ***** nömrəli müqavilə üzrə 1154.1 manat əsas borc, 12 manat cərimə, xx.xx.2024-cü il tarixli ***** nömrəli müqavilə üzrə 654.12 manat əsas borc, 7 manat cərimə və dövlət rüsumuna görə 39.90 manat pulun tutularaq "xxxx" MMC-nin xeyrinə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-xxxx/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı maqaviləsinə əsasən 488.8 manat əsas borc, 5 manat cərimə və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədləri şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün icra sənədi üzrə borclunun ünvanına göndərilmişdir. İcra sənədlərinin icrası barədə borcluya bildirişlər göndərilməsinə baxmayaraq, icra sənədləri üzrə tələbləri təmin edilməmiş və bunun səbəbi barədə icra şöbəsinə məlumat verilməmişdir. Borcluya xəbərdarlıq edilmiş və icra sənədləri üzrə tələbləri icra etməyi bildirilmiş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi və məhkəməyə göndəriləcəyi barədə məlumat verilmişdir. Lakin onun barəsində görülən tədbirlərin nəticəsi olmamış, hazırkı dövrə qədər icra sənədlərinin icrası təmin edilməmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 protokolda göstərilənlərə uyğun izahat verərək əlavə olaraq göstərdi ki, borclu Şəxs qərar və bildirişləri alsa da, Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədlərinin icrasından qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. “Elektron sistem” vasitəsilə axtarış edilmiş və adına hər hansı əmlaklar aşkar edilməmişdir. Borclu bu günə qədər "xxxx" MMC-yə borcdan müəyyən hissədə ödəniş etmiş, onun hazırda həmin tələbkara 1037 (bir min otuz yeddi) manat borcu qalmışdır. Lakin "xxxx" MMC-yə heç bir ödəniş etmədiyi üçün hazırda həmin tələbkara 523.8 manat borcu qalmışdır. Borclu əvvəllər çağırışlara gəlmədiyindən icra sənədləri üzrə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə barəsində axtarış elan edilmiş və axtarışla şöbəyə gətirilmiş, bu vaxt borclu bütün borcları bağlayacağına söz versə də vədinə əməl etməmişdir. Buna görə də barəsində xx.xx.2026-cı il tarixdə axtarış qərarı verilmiş və o, xx.xx.2025-ci il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə axtarışla gətirilmişdir. Qeyd edilənlərlə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, barəsində inzibati protokol tərtib edilmişdir. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərdi ki, o, "xxxx" MMC-yə olan borcdan 830 manat məbləğində ödəniş etmişdir. Hazırda həmin tələbkara 1037 (bir min otuz yeddi) manat borcu qalmışdır. Lakin maddi vəziyyəti yaxşı olmadığından "xxxx" MMC-yə olan borcundan ödəniş edə bilməmişdir. Borcunu ödəməmək kimi bir niyyəti yoxdur. Sadəcə ödənilməmiş qalan borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Müdafiəçi - Qəbələ rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə bildirdi ki, icra sənədinin icra yönəldiyi müddətdən xeyli müddət keçməsinə baxmayaraq borclu Şəxs cəmi 830 manat ödəniş etmişdir. Hazırda onun "xxxx" MMC-yə 1037 (bir min otuz yeddi) manat ödənilməmiş borcu qalmışdır. Bu da onun borc öhdəliyindən yayınmasını göstərir. Bütün borcun ödənilməsini tələb edir və borclu ödənilmədiyi təqdirdə Şəxs barəsində inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş edir. İşə baxılmasının yeri və vaxtı barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, zərərçəkmiş şəxs "xxxx" MMC məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinin tələblərinə əsasən inzibati materiala zərərçəkmiş şəxs "xxxx" MMC-nin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə prosesində borclu Şəxs icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədini üzürsüz səbəbdən icra etməməsi məhkəmə tərəfindən araşdırılmış icra işləri, proses iştirakçılarının izahatları və tədqiq olunmuş digər materiallarla da tam təsdiqini tapmışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam təsdiq olunur və o, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni zərərçəkmiş şəxs və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Həmin Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, «icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir». Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: - Qəbələ Rayon Məhkəməsinin e-2(025)-1746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2023-cü il tarixli 04086094 nömrəli müqavilə üzrə 1154.1 manat əsas borc, 12 manat cərimə, xx.xx.2024-cü il tarixli 11234339 nömrəli müqavilə üzrə 654.12 manat əsas borc, 7 manat cərimə və dövlət rüsumuna görə 39.90 manat pulun tutularaq "xxxx" MMC-nin xeyrinə, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1524/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən isə xx.xx.2024-cü il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı maqaviləsinə əsasən 488.8 manat əsas borc, 5 manat cərimə və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin e-2(025)- 1746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin xx.xx.2025-ci il tarixli “İcraata başlamaq haqqında” Qərarına əsasən Qəbələ Rayon Məhkəməsinin e-2(025)- 1524/2025-011 nömrəli , xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraata başlanılmışdır. - “Elektron icra” informasiya sistemindən Çıxarışdan görünür ki, Şəxs adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. - Qəbələ rayon İcra və probasiya şöbəsinin xx.xx.2026-cı il tarixli arayışından görünür ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-1746/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs Zərərçəkmiş şəxs1 MMC-yə 1037 manat, e-2(025)-1524/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 523.8 manat borcu qalmışdır. - xx.xx.2026-cı il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Eyni zamanda icra işində olan bildirişin surətlərindən görünür ki, “İcraata başlamaq haqqında” Qərarların surəti borclu Şəxs göndərilmiş və o, icra sənədlərinin üzürsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Bununla da, Şəxs könüllü icra üçün icra məmuru tərəfindən verilmiş müddət ərzində icra sənədi üzrə tələbi yerinə yetirməmişdir. Göstərilən xüsusatlar Şəxs borc öhdəliyinə səhlənkar yanaşmasına və borcu ödəməkdən qərəzli olaraq yayınmasına dəlalət edir. Eyni zamanda məhkəmə qeyd edir ki, Şəxs icra məmurunu çağırışlarına könüllü olaraq gəlməmiş, axtarış nəticəsində gətirilmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Şəxs həqiqətən də məhkəmə aktının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, icra sənədini üzrsüz səbəbdən icra etməmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndindən görünür ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam edilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Məhkəmə iclasında Şəxs inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, barəsində inzibati icraat aparılan Şəxs icra sənədlərinin icrasını təmin etmədiyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 31.4-cü maddəsinin tələbinə görə, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörd birindən az ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 14 yanvar 2026-cı il saat 16:10-dan hesablansın. Qərarın icrası Qəbələ rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan onun surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Sədrlik edən: Nərgiz Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar