Məhkəmə qərarları › İş №3(5-137)-6/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-6/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-6/2026 19.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, İsayeva Elvina Allahverdi qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X1 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 07 yanvar 2026-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4 tərəfindən Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında (İXH) protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İXH protokolda göstərilir ki, Şəxs fərdi yaşayış evində saxladığı 01 ədəd 20 kalibrli, 1961-ci il istehsalı “Tula” markalı, 34529 nömrəli yivsiz lüləli ov silahını qanunsuz olaraq özündə saxlamışdır. Bununla da, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 590.2-ci maddəsi ilə inzibati xətanın törətməsini nəzərdə tutan MN ******* nömrəli, 01 yanvar 2026-cı il tarixli həmin inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi, Qəbələ RPŞ İTB-nin sahə rəisi, polis kapitanı X2 göstərdi ki, Qəbələ rayonu Nohurqışlaq kənd sakini Şəxs 01 ədəd “Tula” markalı, 20 kalibrli, 34529 nömrəli, tək lülə, 1961-xi il istehsalı olan yivsiz mülki ov silahını qanunsuz olaraq özündə saxlamışdır. Həmin fakt üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4 tərəfindən Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İlkin araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu, Nohurqışlaq kəndində yaşayır. Ailəlidir, 2 övladı var, təsərrüfatla məşğul olur. Mərhum atası Maylər Ədilovdan bir ədəd 20 kalibrli, Tula markalı, tək lülə, 1961-ci il istehsalı 34529 nömrəli yivsiz lüləli ov silahı yadigar qalmışdır. Həmin silahı yaşadığı evin damında heç kimin əlinə keçməyəcək vəziyyətdə saxlamışdır. Həmin silaha aid heç bir sənədi yoxdur. Silah köhnə və yararsız olduğu üçün sənədləşdirməmişdir. Sənədsiz silahın saxlanılması və ya istifadə edilməsinin qanunla məsuliyyət yaratması barədə məlumatlıdır. Ov silahı mərhum atasından yadigar qaldığı üçün könüllü olaraq təhvil verməmişdir. xx.xx.2026-cı il tarixdə polis əməkdaşları onu Qəbələ rayon Vəndam qəsəbəsində yerləşən polsi məntəqəsinə dəvət edib onda sənədsiz silah olması barədə soruşduqda kpnüllü olaraq onda silah olmasını etiraf etmiş və onlara təhvil vermişdir. Məhkəmənin vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qəbələ RPŞ İTB-nin sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X4 tərəfindən tərtib edilmiş MN ******* nömrəli, 01 yanvar 2026-cı il tarixli inzibati xəta haqqında protokolu nəzərdən keçirib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi özünün etirafı və işin digər materialları ilə tam sübuta yetirilir. İş materiallarında olan 01 yanvar 2026-cı il tarixli “yivsiz lüləli ov silahının Növbətçi hissəyə təhvil verilməsi” barədə aktlardan görünür ki, Şəxs 01 ədəd 20 kalibrli, 1961-ci il istehsalı “Tula” markalı, 34529 nömrəli yivsiz lüləli ov silahı götürülmüş və növbətçi hissəyə verilmişdir. İş materiallarında olan Qəbələ RPŞ-nin İTB-nin XÜ baş inspektoru, polis kapitanı X5 rayon Polis şöbəsinin rəisi Fəxrəddin Abbasova ünvanladığı 01 yanvar 2026-cı il tarixli raportda göstərilmişdir ki, Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru Zamiq Nadirovun raportu daxil olmuşdur. Raportla bağlı araşdırma aparılmış, 01 ədəd tək lülə, 20 kalibrli, 1961-ci il istehsalı, "Tula" markalı, 34529 nömrəli yivsiz lüləli ov silahını Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan saxladığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, inzibati tənbeh tədbiri tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, təqsirin dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində inzibati xətanın bilavasitə obyekti olmuşov tüfəngi müsadirə edilməklə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, inzibati xətanın bilavasitə obyekti olmuş 01 (bir) ədəd tək lülə, 20 kalibrli, 1961-ci il istehsalı, "Tula" markalı, 34529 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilməklə, 100 (bir yüz) manat məbləğdə cərimə edilsin. 01 (bir) ədəd tək lülə, 20 kalibrli, 1961-ci il istehsalı, "Tula" markalı, 34529 nömrəli yivsiz lüləli ov silahı müsadirə edilərək Azərbaycan Respublikası DİN-nin MTTBİ-nin Mərkəzi Bazasına (anbarına) təhvil verilsin. Qərarın icrası Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi iləşikayət verilə bilər. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar