Məhkəmə qərarları › İş №3(5-137)-91/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-91/2026

17.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-91/2026 17.02.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Abbaszadə Nərgiz Mirzəli qızının sədrliyi, Məhkəmə iclas katibi İsayeva Elvina Allahverdi qızının katibliyi, Qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, Şikayət vermiş şəxs X2 iştirakları ilə. X2 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi əvəzi Xəzər Vəliyev tərəfindən Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsinə əsasən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 07 yanvar 2026-cı il tarixli MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X5 barəsində AR İXM-nin 253.2-ci maddəsi ilə 24 dekabr 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra protokol əsasında barəsində AR İXM-nin 253.2-ci maddəsi ilə qərar qəbul edilmiş və 2000 manat cərimə edilmişdir. Eyni zamanda həmin Qərara əsasən təbiətə vurulmuş ziyan kimi 2160 manat məbləğində maddi ziyan hesablanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********01 daşınmaz əmlakın reyestr nömrəli “Hüquqların Dövlət qeydiyytaı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” çıxarışa əsasən onun mülkiyyətinə Qəbələ rayonu, Zarağan kəndində 0,07 hektar yaşayış məntəqələri torpaqları verilmişdir. Həmin torpaq sahəsində qardaşına məxsus avtomobil təmiri sexi fəaliyyət göstərir. Həmin torpaq sahəsində 2025-ci ilin dekabr ayında tərəfindən bir ədəd fındıq və 1 ədəd ərik ağacları kəsilmişdir. Lakin, barəsində qərar qəbul edilərkən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən işin halları kifayət qədər araşdırılmamış, ağacların şikayət verən şəxsin mülkiyyətində olan torpaq sahəsində yerləşib-yerləşməməsi araşdırılmamış, ümumiyyətlə bu istiqamətdə araşdırılma aparılmamışıdır. AR İXM-nin 253.2-ci maddəsinin qeyd hissəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253 və 253-1-ci maddəsinin qüvvəsi şamil edilmir. Torpaq Məcəlləsində ümumiyyətlə “həyətyanı” torpaq sahəsi anlayışından istifadə edilmir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ümumiyyətlə kəsilmiş ağacların şikayət verən şəxsin mülkiyyətində olan 0,07 hektar torpaq sahəsində yerləşib-yerləşməməsi, habelə həmin topaq sahəsinin həyətyanı olub-olmamasını araşdırmamışdır. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestindən” çıxarış verən orqan tərəfindən verilmiş çıxarışlarda “həyətyanı” torpaq sahəsi anlayışından artıq istifadə edilməməkdədir. Ümumi olaraq çıxarışlarda “yaşayış məntəqələri torpaqları” anlayışından istifadə edilməkdədir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X5 şikayətin dəlillərinə uyğun izahat verərək bildirdi ki, xüsusi mülkiyyətində olan torpaq sahəsində olan torpaqda 1 ədəd ərik ağacı və 1 ədəd fındıq kolunu artdamış, dibindən çıxarmamışdır. Qeyd olunan ərazi onun xüsusi mülkiyyətindədir və hazırda həmin ərazidə “avtomobil təmiri” sexi fəaliyyət göstərir. Şikayətin təmin edilməsini, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, 04 dekabr 2025-ci il tarixdə əməkdaşlar tərəfindən reyd keçirilmiş və ağacların kəsilməsi faktı müəyyən edilmişdir. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestindən çıxarış”a əsasən qeyd edilən torpaq sahəsi həyətyanı torpaq sahəsi deyil, yaşayış fondu torpaqlarına aiddir. Həmçinin, iş materiallarında olan fotoşəkillərdən də görünür ki, həmin ərazidə avtomobil təmiri sexi fəaliyyət göstərir. Qeyd olunanları nəzərə alaraq şikayətin təmin edilməməsini, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməlidir.Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 24 dekabr 2025-ci il tarixli 94066 nömrəli aktdan müəyyən edilir ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 15 dekabr 2025-ci il tarixli 0124 saylı sərəncamına və 09 dekabr 2025-ci il tarixli monitorinq aktına əsasən araşdırma aparılmış, Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən “avtomobil təmiri” sexinin həyətində 1 ədəd diametri 52 sm olan ərik ağacının və bir topa fındıq ağacının motorlu mişarla kəsilərək məhv edildiyi məlum olmuşdur. Araşdırma müddətində “avtomobil təmiri” sexinin X3 məxsus olduğu məlum olmuşdur. -24 dekabr 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən edilir ki, Qəbələ rayonu, Zarağan kəndi ərazisində “Avtomobil təmiri” sexinin ərazisində 24 dekabr 2025-ci il tarixdə qanunsuz ağac və kolun məhv edilməsi nəticəsində X5 barəsində AR İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati icraat başlanılmışdır. -07 yanvar 2026-cı il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərara əsasən X5 AR İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 2000 manat cərimə edilmiş, törədilmiş inzibati xəta nəticəsində 2160 manat məbləğində təbiətə dəymiş zərərin “X6 üzrə Dövlət Fondu”na keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********01 daşınmaz əmlakın reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri”ndən çıxarışa Qəbələ rayonu, Zarağan kəndi ərazisində yerləşən 0,07 hektar yaşayış məntəqələri torpaqları X2 xüsusi mülkiyyətindədir. - Fotoşəkillərdən müəyyən edilir ki, qeyd edilən torpaq sahəsi hasarlanmış və hazırda ərazinin kiçik bir hissəsində “avtomobil təmiri” sexi fəaliyyət göstərir. AR İXM-nin 253-cü maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlara (əkinlərə), habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlara bu Məcəllənin 253-cü və 253-1-ci maddələrinin qüvvəsi şamil edilmir. AR Meşə Məcəlləsinin 7-ci maddəsi ilə meşə fonduna daxil olmayan yaşıllıqların aşağıdakı növləri fərqləndirilmişdir: - xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar; - xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar; - kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər); - ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar); - məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqlar); - xüsusi təyinatlı yaşıllıqlar (sənaye müəssisələri və kompleksləri ilə yaşayış zonaları arasında, infrastruktur obyektlərinin (magistral dəmir və avtomobil yollarının, enerji kəmərlərinin və obyektlərinin, su kanallarının, digər bu kimi obyektlərin) hüdudlarında salınmış yaşıllıq zolaqları, tingliklər (şitilliklər), küçə yaşıllıqları, mühafizə, sanitariyamühafizə və digər qoruyucu zonalarda, xatirə kompleksləri (xiyabanlar) və qəbiristanlıqlar ərazisində olan və digər yaşıllıqlar). Meşə Məcəlləsinin 7-ci maddəsinin məzmunundan göründüyü kimi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar ayrıca təsnif olunmuşdur. Yaşıllıqların mühafizəsi haqqında” Qanunun 3-cü maddəsi xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqların, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqların (əkinlərin) həmin Qanunun tətbiq dairəsinə daxil olmadığı müəyyən edilmişdir. AR Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: - kənd təsərrüfatı təyinatlı torpaqlar; -yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; - sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; - xüsusi qorunan ərazilərin torpaqları; - meşə fondu torpaqları; - su fondu torpaqları; - ehtiyat fondu torpaqlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarına əsasən fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sahələrindəki, habelə yaşayış məntəqələrinin torpaqlarındakı yaşıllıqların (xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qərarında xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar istisna olaraq müəyyən edilmişdir. Bu kateqoriyadan olan torpaqlarda olan yaşlıllıqlar istisna olmaqla digər kateqoriyalardan olan torpaqlarda olan yaşıllıqların götürülməsi müvafiq normativ hüquqi aktlara uyğun olaraq səlahiyyətli dövlət orqanlarının (bələdiyyələrin) qərarı ilə həyata keçirildiyi təsbit edilmişdir. Həmin qərara əsasən qanunvericiliklə yaşayış məntəqələrinin torpaqları anlayışı geniş müəyyən olunduğundan, həmin torpaqlarda xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) ilə yanaşı, ümumi istifadədə olan yaşıllıqların (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan yaşıllıqlar), habelə məhdud istifadəli yaşıllıqların (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqların) olması istisna edilməmişdir. Bu baxımdan Cinayət Məcəlləsinin 259-cu maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində əksini tapmış “xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələri” anlayışının geniş məzmunda təfsir edilməklə “yaşayış məntəqələrinin torpaqları” anlayışı ilə eyniləşdirilməsi doğru hesab edilə bilməz. Qeyd olunan Qərara əsasən yaşayış məntəqələrinin torpaqları aşağıdakılardan ibarətdir:

1. Xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər)

2. Ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan yaşıllıqlar)

3. Məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqların) kimi təsnif edilir. Beləliklə iş materiallarından görünür ki, 1 ədəd ərik ağacı və 1 ədəd fındıq kolunun yerləşdiyi Qəbələ rayonu, Zarağan kəndində olan 0,07 hektar torpaq sahəsi hazırda X2 xüsusi mülkiyyətində olmaqla hasarlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli və **********01 daşınmaz əmlakın reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən” çıxarışa əsasən Qəbələ rayonu, Zarağan kəndində 0,07 hektar yaşayış məntəqələri torpaqlarına aiddir. Həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarının təsnifatına daxil olan ümumi istifadədə olan yaşıllıqlar park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan yaşıllıqlar) və məhdud istifadəli yaşıllıqlar (məhəllədaxili, təhsil, tibb, mədəni-məişət, sənaye müəssisələrinin və digər obyektlərin ərazisində olan yaşıllıqların) kateqoriyasına aid deyil. Qeyd edilən ərazidə yaşayış evinin deyil, az bir hissəsində “avtomobil təmiri” sexinin fəaliyyət göstərməsi həmin torpaq sahəsinin həyətyanı torpaq sahəsi olmağını istisna etmir. Həmin ərazidə fərdi yaşayış evinin tikilib-tikilməməsi isə mülkiyyətçinin subyektiv hüququdur və tikintinin aparılmaması həmin torpaq sahəsinin həyətyanı torpaq sahəsi olmadığı anlamına gəlmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Zvierzinski Polşaya qarşı iş üzrə 2001-ci il 19 iyun tarixli Qərarında müəyyən edilmişdir ki, mülkiyyət hüququnun qanuni məhdudlaşdırılmasında proporsionallıq prinsipinin tələblərinə uyğun olaraq fərdin üzərinə qanunun məqsədlərindən kənar olan artıq yük düşməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: AR İXM-nin 135.1.1, 135.1.2 və 135.1.3-cü maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması və hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilmədir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Nərgiz Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar