Məhkəmə qərarları › İş №3(5-137)-93/2026

Qəbələ Rayon Məhkəməsi Qərar — İş №3(5-137)-93/2026

27.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qəbələ şəhəri İş № 3(5-137)-93/2026 27.01.2026 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ rayon Məhkəməsi, X16 Oktay oğlunun sədrliyi, Cabbarova Səbinə Adil qızının katibliyi, Qəbələ Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1982-ci ildə Qəbələ rayonu, Topbağ kəndində anadan olmuş, AR vətəndaşı, evli, Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası 510-cu maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində AR İXM-nin 510-cu maddəsi ilə ondan ötrü inzibati xəta haqqnda protokol (xx.xx.2026-cı il tarixli MN 2224271) tərtib edilmişdir ki, o, xx.xx.2026-cı il tarixdə saat 23:10 radələrində Qəbələ rayon Mərkəzi Xəstəxanasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs izahatında göstərmişdir ki, o, arvadı Nərmin Muradxanovanı epilepsiya xəstəliyi ilə əlaqədar xx.xx.2026-cı il tarixdə o, epilepsiya xəstəliyindən əziyət çəkən X6 rayon Mərkəzi Xəstəxanasına gətirmişdir. Həmin vaxt xəstənin vəziyyəti pisləşdiyi üçün xəstəxanada çalışan işçilərdən su istəmiş və suyun verilməməsinə görə əsəbləşərək uca səslə qışqıraraq nalayiq ifadələr işlətmişdir. İş üzrə şahid X10 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Mərkəzi Xəstəxanasının TTY şöbəsində həkim işləyir. xx.xx.2026-cı il tarixdə xəstələri müayinə edərkən qışqırıq səsləri eşitmiş və Şəxs yaxınlaşaraq onu sakitləşdirməyə çalışmışdır. Şəxs göstərilən səylərə baxmayaraq sakitləşməmiş, “tez su gətirin” deyə uca səslə qışqırmış və ona qarşı nalayiq ifadələr işlətmişdir. İş üzrə şahid X3 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Mərkəzi Xəstəxanasında tibb bacısı vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə 22:50 radələrində TTY şöbəsində xəstə Nərmin Muradxanovaya ilk tibbi yardım göstərmişdir. Həmin vaxt Şəxs uca səslə qışqıraraq xəstəyə su gətirilməsini istəmiş və o su gətirmək üçün çölə çıxmışdır. Xəstəyə su verilməsinə baxmayaraq Şəxs sakitləşməyərək uca səslə qışqıraraq nalayiq ifadələr işlətmiş və xəstələri narahat etmişdir. İş üzrə şahid X4 ifadəsində göstərmişdir ki, o, Qəbələ rayon Mərkəzi Xəstəxanasında qeydiyyatçı vəzifəsində işləyir. xx.xx.2026-cı il tarixdə işdə olarkən Şəxs uca səslə qışqıraraq nalayiq ifadələr işlətməsi ilə bağlı həkim Dilbər Ağayevanın göstərişi ilə AR DİN-nin “102” xidmətinə zəng etmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə Protokolunun surətinə əsasən Şəxs müayinədən imtina etmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli AZA 027658 nömrəli inzibati qaydada tutma haqqında Protokola əsasən Şəxs həmin gün saat 23:30-da AR İXM-nin 510-cu maddəsi ilə inzibati qaydada tutulmuşdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi və şahidi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İşdə olan Elektron informasiya sisteminin məlumatına əsasən Şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X9 adında uşaqları vardır. Şəxs himayəsində üç nəfər azyaşlı uşağı olması onun məsuliyyətini yüngülləşdirən hallardır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq olunmalı və həbsetmənin müddəti müəyyən olunarkən onun məsuliyyətini yüngülləşdirən halın olması nəzərə alınmalıdıər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 112,115, 130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 07 (yeddi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs etmənin əvvəli 26 yanvar 2026-cı il, saat 23:30-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsinə Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar