Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-100/2026 18.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, qərarından şikayət verilən orqanın nümayəndəsi X3 iştirakı ilə, X6 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 09 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçisi (müfəttiş) X5 tərəfindən “Villa Garden” iaşə obyektinin sahibi X6 barəsində 26 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir, ona görə ki, Qobustan rayonunda yerləşən “Villa Garden” iaşə obyektində 26 dekabr 2025-ci il tarixində “qaz-toz” tutucu qurğu olmadan əmələ gələn tullantıların ətraf mühitə atılmasına yol verilmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X8 tərəfindən qəbul olunmuş 09 yanvar 2026-cı il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 barəsində tərtib edilmiş 26 dekabr 2025-ci il tarixli, ******* nömrəli protokola və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq X6 tərəfindən Qobustan rayonunda yerləşən “Villa Garden” iaşə obyektində əmələ gələn tullantıların qaz-toz tutucu qurğu olmadan ətraf mühitə atılmasına yol verilmiş, X2 tərəfindən İXM-in 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X6 İXM-in 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3500 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. X6 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X8 tərəfindən onun barəsində qəbul edilmiş 09 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Namiq Aydınov şikayətini onunla əsaslandırmışdır ki, o, Qobustan rayonunda yerləşən “Villa Garden” restoranının direktorudur və həmin müəssisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. 02 fevral 2026-cı ildə təqdim edilmiş məktubdan ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əvəzi X8 tərəfindən qəbul edilmiş 09 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-in 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh olunmuşdur. Lakin barəsində çıxarılmış həmin inzibati tənbeh vermə haqqında qərarla razı deyil. Belə ki, qərardan ona məlum olmuşdur ki, 26 dekabr 2025-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında tərtib olunmuşdur və həmin qərarın qəbul edilməsi səbəbi Qobustan rayonunda yerləşən işlətdiyi “Villa Garden” iaşə obyektində əmələ gələn tullantıların qaztoz tutucu qurğu olmadan ətraf mühitə atılması olmuşdur. Həmin protokolda isə 26 dekabr 2025-ci il tarixdə onun restoranında aparılmış yoxlama zamanı guya restoranın manqalxanasında bu cür qaz-toz tutucu qurğuların olmaması qeyd edilmişdir. Halbuki, bu tamamilə əsassız olmuşdur. Belə ki, onun restoranında 26 dekabr 2025-ci il tarixində hər hansı yoxlama aparılmamış, yalnız noyabr ayında baxış keçirilərkən filtrasiya qurğusunun quraşdırılmalı olduğu bildirilmişdir. O isə hələ 05 noyabr 2025-ci il tarixində “X14” adı altında fəaliyyət göstərən sahibkar X7 (icraçı) ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə görə, icraçı ictimai iaşə müəssisəsində istismar edilən manqalın tüstü bacasına atmosferə atılan zərərli qazların və tüstünün filtrasiyası üçün hidrostatik (su əsaslı) qurğunu, həmçinin köməkçi baca hissələri və konstruksiyaları müqaviləyə əlavə edilmiş 1 saylı qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətlərlə ona tam istismara yararlı halda təhvil vermişdir. Təqdim etdiyi 13 dekabr 2025-ci il tarixli obyektlərin tüstü bacalarına və havalandırma sisteminə texniki baxışın keçirilməsi və görülmüş işlər barəsində aktdan da göründüyü kimi, o, hələ inzibati xəta haqqında protokol tərtib edilməzdən həftələr öncə “Villa Garden” restoranının manqalxanasına 1 ədəd 2300 manat dəyərində hidrostatik (su əsaslı) tüstü filtrasiyaedici qurğu quraşdırmışdır. Lakin 6 saylı RETSİ tərəfindən göndərilmiş məktublar ona vaxtında təqdim edilmədiyinə görə o, həmin aktı və sənədləri onlara təqdim edə bilməmişdir. Barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əldə etdikdən sonra həmin idarəyə müraciət edib sənədi təqdim etdikdə isə onların özlərinin qərarı ləğv etmək səlahiyyətlərinin olmadığını, bunun üçün məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Hazırda 13 dekabr 2025-ci il tarixli aktdan da göründüyü kimi, qeyd edilənlər onu deməyə əsas verir ki, ümumiyyətlə protokolun tərtib edilməsinə və qərarın qəbul edilməsinə əsas ola biləcək hər hansı inzibati xəta hadisəsi olmamışdır. Ona görə də işin faktiki halları tam araşdırılmadan, gəlinən nəticələr işin uyğun olmadan barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şikayət vermiş şəxs X1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, “Villa Garden” restoranı 2025-ci ilin avqust ayından fəaliyyətə başlamışdır. Lakin həmin restoranda təmir işləri getdiyindən əhaliyə tam xidmət etmir. Buna baxmayaraq, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri gəlib həmin müəssisəyə inzibati cərimə tətbiq etmişlər. O, bununla əlaqədar qərardan şikayət vermişdir. Xahiş edir ki, şikayəti təmin edilsin. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X5 bildirdi ki, 19 noyabr 2025-ci il tarixində Qobustan rayonunda yerləşən və yeni fəaliyyətə başlayan “Villa Garden” restoranında özünün də iştirakı ilə monitorinq keçirilmiş, monitorinq zamanı restoranın manqalxanasında qaz-toz tutucu qurğunun quraşdırılmaması müəyyən edilmişdir. Bu zaman restoranda onlar yalnız işçiləri görmüş, restorana qonaq gəlmiş şəxsləri görmək imkanında olmamışlar. Həmin vaxt restoranın manqalxanası yanmırdı. Bununla belə, monitorinq zamanı restoranın manqalxanasında qaz-toz tutucu qurğunun olmadığının aşkar edilməsi artıq inzibati xətanın törədilməsi üçün kifayət etmişdir. Namiq Aydınov barəsində 26 dekabr 2025-ci il tarixində protokol tərtib edilərkən qaz-toz tutucu filtrasiya qurğusunun quraşdırılması barədə onlarda məlumat olmamışdır. Bununla belə hesab edir ki, şəxs tərəfindən sonradan bu cür qurğunun quraşdırılması onun tərəfindən əvvəlcədən törədilmiş inzibati xəta pozuntusunun mövcudluğuna təsir etməmişdir. Ona görə də o, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş X6 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 237.2-ci maddəsinə əsasən, ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsini dinləyib, şikayəti, inzibati xəta haqqında protokolu, inzibati tənbeh vermə haqqında qərarı və şikayətə əlavə edilmiş digər sənədləri araşdırıb, onlara tətbiq edilməli hüquq normalarına uyğun olaraq qiymət verərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 barəsində qəbul edilmiş MN ******* saylı, 09 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X6 barəsində İXM-in 237.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdəki 13 dekabr 2025-ci il tarixli obyektlərin tüstü bacalarına və havalandırma sisteminə texniki baxışın keçirilməsi və görülmüş işlər barəsində aktdan görünür ki, “Villa Garden” restoranının direktoru X6 05 noyabr 2025-ci il tarixində “X14” adı altında fəaliyyət göstərən sahibkar X7 (icraçı) ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə uyğun olaraq, icraçı ictimai iaşə müəssisəsində istismar edilən manqalın tüstü bacasına atmosferə atılan zərərli qazların və tüstünün filtrasiyası üçün hidrostatik (su əsaslı) qurğunu, həmçinin köməkçi baca hissələri və konstruksiyaları müqaviləyə əlavə edilmiş 1 saylı qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətlərlə sifarişçiyə tam istismara yararlı halda təhvil vermişdir. Görülmüş işlərin ümumi dəyəri isə (ƏDV daxil olmaqla) 2300 manat təşkil etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İXM-in 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X4 barəsində tərtib edilmiş 26 dekabr 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol inzibati xətalar qanunvericiliyinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, iş materialları ilə sübuta yetirilir ki, iaşə obyektinin sahibi Namiq Aydınovla “X14” adı altında fəaliyyət göstərən sahibkar Murad Ağamiyev arasında hələ 19 noyabr 2025-ci il tarixli monitorinqin keçirilməsindən də əvvəl, 05 noyabr 2025-ci il tarixində müqavilə bağlanmış, həmin müqaviləyə əsasən icraçı ictimai iaşə müəssisəsində istismar edilən manqalın tüstü bacasına atmosferə atılan zərərli qazların və tüstünün filtrasiyası üçün hidrostatik (su əsaslı) qurğunu, həmçinin köməkçi baca hissələri və konstruksiyaları müqaviləyə əlavə edilmiş 1 saylı qiymətlərin razılaşdırılması protokolunda göstərilən qiymətlərlə sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. 13 dekabr 2025-ci il tarixli obyektlərin tüstü bacalarına və havalandırma sisteminə texniki baxışın keçirilməsi və görülmüş işlər barəsində aktdan da göründüyü kimi, 13 dekabr 2025-ci il tarixdə, yəni inzibati xəta haqqında protokol tərtib edilməmişdən 13 gün əvvəl “Villa Garden” restoranında istismar edilən manqalın tüstü bacasına atmosferə atılan zərərli qazların və tüstünün filtrasiyası üçün hidrostatik (su əsaslı) qurğu, həmçinin köməkçi baca hissələri və konstruksiyaları quraşdırılmış, digər təmizləmə işləri aparılmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı X5 da qeyd etmişdir ki, “Villa Garden” restoranının direktoru Namiq Aydınov tərəfindən hazırda təqdim edilən 13 dekabr 2025-ci il tarixli akt barədə onlarda məlumat olmamışdır. Bundan əlavə, Əlfatun Loğmanlı məhkəmə iclasında özü də restoranın yeni fəaliyyətə başladığını təsdiq edərək qeyd etmişdir ki, monitorinq keçirilən zamanı restoranın manqalxanası yanmırdı, bununla belə, orada müvafiq qaz-toz tutucu qurğunun olmadığının aşkar edilməsi artıq inzibati xətanın törədilməsi üçün kifayət etmişdir. Lakin məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin fikri ilə razılaşmır və bildirir ki, onun özü restoranın yeni fəaliyyətə başladığını və monitorinq zamanı restoranda manqalxananın yanmadığını təsdiq etmişdir. Bu baxımdan yeni fəaliyyətə başlayan restoranda yandırılmamış manqalxananın mövcud olması faktı hələ İXM-in 237.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi üçün kifayət etmir. 19 noyabr 2025-ci il tarixində keçirilmiş monitorinq zamanı manqalxananın yandırılaraq ətraf mühitə tullantıların buraxılması halına rast gəlinməməsi də nəzərə alınmaqla, X6 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassız olmuşdur. Restoranda təmir işlərinin davam etdirilməsi və tam fəaliyyət göstərməməsi halı şikayət vermiş şəxs tərəfindən də məhkəməyə ünvanlanmış ərizədə qeyd olunmuşdur. Məhkəmə hesab edir ki, sahibkar X6 barəsində inzibati araşdırma tam, hərtərəfli və obyektiv aparılmamışdır. Barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında protokol və qərar heç bir mötəbər sübuta əsaslanmır. İnzibati araşdırma İXM-in tələblərinə uyğun aparılmamış və nəticədə vətəndaş X6 əsassız olaraq inzibati tənbehə məruz qalmışdır. Bundan əlavə, hazırda iş materiallarından 26 dekabr 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərkən X4 iştirakının təmin edilməsi də müəyyən edilmir. Belə ki, şəxsin iştirakının təmin edilmiş olması halında onun tərəfindən hazırda məhkəməyə təqdim edilən aktın protokolu tərtib etmiş orqana təqdim edilməmiş olması ağlabatan hesab olunmur. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən onun iştirakının təmin edilməməsi, həmçinin “Villa Garden” restoranında müvafiq işlərin aparılması ilə bağlı hər hansı aktın olub-olmaması barədə araşdırma aparılmadan Namiq Aydınov barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 8.2-8.3-cü maddələrinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X4 əməlində İXM-in 237.2ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin olunmalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 barəsində qəbul edilmiş MN ******* saylı, 09 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X6 barəsində İXM-in 237.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 135.1.5-1-ci maddəsinə əsasən, İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İXM-in 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 barəsində qəbul edilmiş MN ******* saylı, 09 yanvar 2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X6 barəsində İXM-in 237.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-100/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-100/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver