Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(5-138)-108/2026 11.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən barəsində qəbul edilmiş 25 noyabr 2025-ci il tarixli, EQ32216709 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayəti açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİ: X2 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən barəsində qəbul edilmiş 25 noyabr 2025-ci il tarixli, EQ32216709 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verilmiş şikayət baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilmişdir. Lakin Ağsu Rayon Məhkəməsinin hakimi Anar Əsgərov tərəfindən qəbul edilmiş 26 dekabr 2025-ci il tarixli qərardadla şikayət və ona əlavə olunmuş sənədlər aidiyyəti üzrə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmiş və bu, onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarına əsasən, İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. İş materiallarında olan 25 noyabr 2025-ci il tarixli, EQ32216709 nömrəli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, inzibati xəta hadisəsi Qobustan rayonu, Cəngi kəndində baş vermişdir. Hesab edirəm ki, işin baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, İXM-in 129.1.3-cü maddəsinə, inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - inzibati xətanın törədildiyi yer üzrə rayon (şəhər) məhkəməsinə (bu Məcəllənin 129.1.3-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) verilir. İXM-in 129.1.3-1-ci maddəsinə əsasən, bu Məcəllənin 122.1-ci və 127-3.2-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərarlardan məhkəməyə verilən şikayət – şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. İXM-in 122.1-ci maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 327-1.1, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində və bu Məcəllənin 122.1-1-ci maddəsinə uyğun olaraq “İCMAL” informasiya sistemi tərəfindən unikal nömrə verilməklə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. Ağsu Rayon Məhkəməsi tərəfindən qərardadda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında da qanunverici tərəfindən İXM-in 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayətin İXM-in 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə biləcəyi göstərilmişdir. İXM-in 129.1.3-cü maddəsinə bu cür dəyişiklik isə “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 iyul 2025-ci il tarixli, 239-VİİQD nömrəli Qanunu ilə edilmişdir. Hazırda müəyyən edilir ki, X2 tərəfindən mübahisələndirilən qərar onun İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə əlaqədar tərtib edilmiş 25 noyabr 2025-ci il tarixli, EQ32216709 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardır. Bu qərar isə İXM-in 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar olduğundan həmin qərardan şikayət şikayəti verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilməli və həmin məhkəmədə baxılmalıdır. Hazırda “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə şikayət vermiş şəxs barəsində məlumatlar yoxlanılarkən X1 ünvan 1 ünvanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi tərəfindən barəsində qəbul edilmiş 25 noyabr 2025-ci il tarixli, EQ32216709 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətlə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-108/2026
Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(5-138)-108/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver