Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-109/2026 11.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxx 1996-cı ildə Qobustan rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Qobustan şəhəri, X5 küçəsi, ev 16 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan RPŞ-nin Təhqiqat Qrupunun təhqiqatçısı, polis leytenantı Babaşov Ehtiram Etibar oğlu tərəfindən HK-1/37 saylı material üzrə qəbul edilmiş 10 fevral 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Vüsal Məmmədovun 06 fevral 2026-cı il tarixli raportu əsasında toplanmış material üzrə Şəxs narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi faktı təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs qanunsuz olaraq narkotik vasitənin istehlakına görə İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyindən onun barəsində həmin maddədə nəzərdə tutulan inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Bundan sonra Şəxs barəsində İXM-in 206-cı maddəsi ilə 11 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs qanunsuz olaraq narkotik vasitəni istehlak etdiyinə görə İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 bildirdi ki, Qobustan RPŞ-nin Təhqiqat qrupunda aparılan araşdırma nəticəsində toplanmış material üzrə Şəxs narkotik vasitəni və psixotrop maddəni üzərində gəzdirməsi faktı təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 fevral 2026-cı il tarixli qərar qəbul edilmişdir. Bununla belə, onun əməlində İXM-in 206-cı maddəsinin tərkibi olduğundan sonradan həmin material araşdırılması üçün onun icraatına daxil olmuşdur. Onun tərəfindən araşdırma aparılan zaman verdiyi ifadəsində Şəxs bir neçə ay əvvəl narkotik vasitələrdən istifadə etdiyini etiraf etmişdir. Buna görə də onun barəsində İXM-in 206-cı maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 206-cı maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, o, həqiqətən də, narkotik vasitədən istifadə etməklə səhv etdiyini başa düşür, törətdiyi əməldən peşmandır və bir daha bu cür əmələ yol verməyəcəkdir. O, narkotik vasitədən istifadə etmiş olsa da, sonuncu dəfə istifadə etməsinin üzərindən artıq bir neçə ay keçmişdir. Hazırda özü xəstəxanada işləyir, evlidir, himayəsində 1 azyaşlı uşağı var. Bundan əlavə, həyat yoldaşı hazırda hamilədir və onun aprel ayında ikinci övladı dünyaya gələcəkdir. Qeyd edilənləri nəzərə alaraq barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Cəbrayılov X1 Rauf Sadətdin oğlunun əməlini etiraf etməsi və törətdiyi əməldən səmimi peşman olması, gənc ailə olması, himayəsində 1 azyaşlı uşağının olması və həyat yoldaşının hamilə olması, hazırda xəstəxanada işləməsi nəzərə alınaraq, onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İşdəki ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 fevral 2026-cı il tarixli, 1009 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsində ambulator-məcburi narkoloji tibbi yoxlama zamanı ekspress-test üsulu ilə müayinə nəticəsində Şəxs götürülmüş sidik nümunəsində THC (+) aşkar olundu. Müayinə zamanı Şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Bununla belə, rəydə göstərilmişdir ki, VSİS-dən alınan məlumata əsasən Şəxs 27 avqust 2022-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F12.1 (kannabinoid qəbulu) diaqnozu ilə profilaktiki qeydiyyatdadır. Şəxs məhkəmə iclasında ifadəsindən də görünür ki, sonuncu özünü təqsirli bilib əməlini qəbul edərək həqiqətən də bir neçə ay öncə narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara və onun törətdiyi əməli etiraf etməsinə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Məhkəmə iş materiallarını araşdıraraq, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alıb hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh edilməsi ilə tənbehin məqsədlərinə nail olmaq mümkündür. Ona görə də məhkəmə onun İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Bu zaman məhkəmə həm də onun əməlində məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu nəzərə alır. Belə ki, Şəxs törətdiyi əməli səmimi etiraf etməsi, törətdiyi əməldən peşman olduğunu və bir daha belə əmələ yol verməyəcəyini bildirməsi, himayəsində 13 avqust 2022-ci il təvəllüdlü uşağının olması, deməsinə görə, həyat yoldaşının hamilə olması və aprel ayında ikinci övladığının olacağı onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirilir və onun əməlində məsuliyyətini ağırlaşdıran hər hansı hal müəyyən edilmir. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 09 fevral 2026-cı il tarixli, 1009 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Lakin İXM-in 37-ci maddəsində məhkəmənin narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məcburi müalicənin onlar barəsində inzibati həbs tənbeh növü tətbiq edilərkən təyin ediləcəyini təsbit etmişdir. Bu səbəblə də barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edildiyi Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsinə əsas yoxdur. Bundan əlavə, rəydə Şəxs ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülsə də, rəyin məzmununda qeyd olunmuşdur ki, VSİS-dən alınan məlumata əsasən Şəxs 27 avqust 2022-ci il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F12.1 (kannabinoid qəbulu) diaqnozu ilə profilaktiki qeydiyyatdadır. İXM-in 37.1-ci maddəsinə əsasən, inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını, eləcə də, Şəxs əməlində onun məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 206-cı maddəsi çərçivəsində 400 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İXM-in 114.1.1 maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 206-cı maddəsi çərçivəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 206-cı maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-109/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-109/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver