Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-135/2026 04.03.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 22 fevral 2026-cı il tarixli, EQ34128600 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə Qobustan Rayon Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş EQ34128600 nömrəli inzibati protokolun ləğv edilməsini xahiş etmişdir. Pirverdi Hüseynov şikayətini onunla əsaslandırmışdır ki, 21 fevral 2026-cı il tarixdə saat 15:38 radələrində Bakı şəhəri, Yasamal rayonu ərazisində etibarnamə əsasında idarə etdiyi “Ford Fusion” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmuşdur. 22 fevral 2026-cı il tarixdə saat 11:11-də mobil telefonuna elektron qaydada EQ34128600 nömrəli inzibati protokol daxil olmuşdur. Həmin protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 327.2-ci maddəsinə əsasən barəsində 3 cərimə balı və 100 manat məbləğində inzibati cərimə tətbiq edildiyi göstərilmişdir. Hadisə zamanı o, işıqforun yaşıl işığında hərəkətə başlamışdır. Lakin qarşısına digər nəqliyyat vasitəsi çıxdığı üçün yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə sürəti azaltmağa və dayanmağa məcbur olmuşdur. Bu səbəbdən hərəkəti gecikmiş və işıqforun qırmızı işığına düşmüşdür. Qeyd olunan hal onun iradəsindən asılı olmayaraq baş vermiş və təhlükənin qarşısını almağa yönəlmişdir. Hesab edir ki, hərəkətlərində inzibati xəta tərkibi mövcud deyil, çünki əməl məcburi xarakter daşımış və qəzanın qarşısının alınmasına xidmət etmişdir. İXM-in tələbinə əsasən inzibati xəta haqqında protokolda tərtib edilmə tarixi və vaxtı düzgün və dəqiq göstərilməlidir. O, 21 fevral 2026-cı il tarixdə saat 15:30 radələrində həmin ərazidə olmuşdur. Lakin inzibati protokolun 22 fevral 2026-cı il tarixdə saat 11:11-də tərtib edilməsi protokolun faktiki hallarla uyğun gəlmədiyini göstərir və onun düzgün tərtib olunmadığını sübut edir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, qərarından şikayət verilən orqan məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə şikayətə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 şikayətin məzmununa uyğun çıxış etdi və bildirdi ki, o, 21 fevral 2026-cı il tarixdə Yasamal rayonu ərazisində avtomobilini idarə edərkən işıqforun yaşıl işığı yanarkən hərəkətə başlamış, lakin şərti olaraq “hörümçək toru” adlandırılan nişanlanmanın üzərində olarkən digər tərəfdən gələn avtomobilin onun qarşısına çıxması səbəbindən qəzanın qarşısını almaq məqsədilə avtomobilini dayandırmalı olmuşdur. O, məcburiyyət qarşısında qalıb belə bir hərəkət etdiyinə görə hesab edir ki, onun əməlində inzibati xəta tərkibi mövcud olmamış, lakin kamera ilə hərəkətləri çəkilərək barəsində 100 manat məbləğində cərimə tətbiq olunmuşdur. O, şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş inzibati xəta hadisəsinin baş vermə anının fotoşəkilləri tədqiq edildikdən sonra X2 barəsində inzibati cərimənin düzgün tətbiq edildiyini qəbul etmişdir. İşdə surəti olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 22 fevral 2026-cı il tarixli, EQ34128600 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X2 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əsasən, inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatı ilə müəyyən edilmişdir ki, X2 21 fevral 2026-cı il tarixində, saat 15:38-də Bakı şəhəri, X4-İsmayıl Talıblı küçələrinin kəsişməsində “Ford Fusion” markalı, **-MH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozaraq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun “Yolayrıcılarının keçilməsi” adlanan 75-ci maddəsinin İİ hissəsinə görə, əgər yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olması qadağandır. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, inzibati tənbeh vermə haqqında elektron qərara əlavə edilmiş fotoşəkilləri tədqiq edərək hesab edir ki, həqiqətən də, 21 fevral 2026-cı il tarixində saat 15:38 radələrində X2 tərəfindən Bakı şəhəri, X4-İsmayıl Talıblı küçələrinin kəsişməsində yolayrıcını keçmə qaydaları pozularaq İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt məhkəmə iclasında tədqiq edilmiş inzibati xətanın törədilməsi anının fotogörüntüləri ilə də öz təsdiqini tapmış, Pirverdi Hüseynov da daha sonra qayda pozuntusu etdiyini qəbul etmişdir. Məhkəmə “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin İİ hissəsini nəzərə alaraq bildirir ki, qanunverici yolayrıcında, o cümlədən yolun hərəkət hissələrinin kəsişmə yerində, yaxud yolayrıcından və ya kəsişmə yerindən bilavasitə sonra tıxac yaranıbsa və bu, sürücünü dayanmağa məcbur edərək digər istiqamətlərdən nəqliyyat vasitələrinin hərəkəti üçün maneə yaradacaqsa, sürücünün belə yolayrıcına və ya 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerinə daxil olmasını qadağan etmiş, Pirverdi Hüseynov isə bu qadağanı pozaraq tıxacın yaranması məsələsini düzgün qiymətləndirməyərək yolayrıcına daxil olaraq qarşısına çıxmış maneə nəticəsində işıqforun qırmızı işığı yanarkən 1.25 nişanlanması ilə işarələnmiş kəsişmə yerində qalmaqla yolayrıcını keçmə qaydasını pozmuş, bununla da İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bundan başqa, Pirverdi Hüseynov barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi və inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsi zamanı hər hansı pozuntuya yol verilməmiş, İXM-in 16-cı fəslində nəzərdə tutulmuş tələblərə də riayət edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarda da Pirverdi Hüseynovun inzibati xətanı məhz 21 fevral 2026-cı il tarixində, saat 15:38-də törətməsi öz əksini tapmışdır. Qeyd edilənlər isə onu göstərir ki, X2 barəsində qəbul olunmuş 22 fevral 2026-cı il tarixli, EQ34128600 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanuni və əsaslı olmuş, həmin qərar inzibati xətanın törədilməsini təsdiq edən müvafiq sübutlara əsaslanmışdır. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin edilməməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 22 fevral 2026-cı il tarixli, EQ34128600 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. İXM-in 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Qeyd olunanlara əsasən və İXM-in 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi Elvin Abduləlizadə tərəfindən qəbul edilmiş 22 fevral 2026-cı il tarixli, EQ34128600 saylı inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-135/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-135/2026
04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver