Məhkəmə qərarları › İş №3(5-138)-156/2026

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-156/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-156/2026 17.03.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxx 1993-cü ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Cəyirli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 525-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstintaq və Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis leytenantı X1 tərəfindən qəbul edilmiş 02 mart 2026-cı il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, həmin qərarla toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs İXM-in 525-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin aidiyyəti üzrə KMBİ-yə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş mobil telefonun ekran çıxarışlarından görünür ki, istifadəçi müxtəlif tarixlərdə “PinUp” onlayn qumar saytından istifadə etmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 525-ci maddəsi ilə 07 mart 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, 28 fevral 2026-cı ildə Qobustan rayonunda yaşadığı ünvanda Şəxs “PinUp” saytına daxil olaraq qanunsuz onlayn kazino oyunları oynamışdır. Nəticədə Şəxs tərəfindən İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt tərəflərin izahatı, mobil telefonun ekran görüntüsü və mobil tətbiqdən çıxarışlar ilə təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, protokolu tərtib edən orqan məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 525-ci maddəsi ilə təqsirli bilərək qeyd etdi ki, həqiqətən də, təxminən 5-6 ay ərzində onlayn qumar oynamışdır. Belə ki, o, “Tik-Tok” platformasında “PinUp” onlayn qumar oyununun reklamını gördükdən sonra orada qeydiyyatdan keçmiş, bu müddət ərzində kartına hissə-hissə pul yükləyərək qumar oynamışdır. O, təxminən 5000 manatdan artıq məbləğdə pul vəsaitini məhz onlayn qumar oyununda uduzmuş, cəmi bir dəfə 224 manat məbləğində uduş əldə etsə də, həmin vəsaiti də nağdlaşdırmadan, yenidən oyuna qoyaraq uduzmuşdur. Törətdiyi əməldən peşmandır. Hazırda himayəsində iki uşağı var. Bunların nəzərə alınmasını xahiş edir. İXM-in 525-ci maddəsinə əsasən, qumar oyununda iştirak etmə, yəni qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə üç min manat məbləğində cərimə edilir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 6.1-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ifadəsi, eləcə də inzibati xəta haqqında icraat materialında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin törətdiyi əməli etiraf edib əməlindən səmimi peşmanlıq çəkməsini və himayəsində yetkinlik yaşına çatmayan 2 uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların mövcud olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 525-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır. İnzibati tənbeh tətbiq edilərkən inzibati xəta haqqında iş üzrə icraat materialına əsasən müsadirə edilməsi üçün qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlirin iş materialları ilə müəyyən edilməməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 525-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 525-ci maddəsi çərçivəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar