Məhkəmə qərarları › İş №3(5-138)-164/2026

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-164/2026

17.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-164/2026 17.03.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 Şöbəsi tərəfindən Şəxs MMC barəsində 05 mart 2026-cı il tarixdə İXM-in 539.1-1-ci maddəsi ilə MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, hüquq pozuntusunu aradan qaldırmaq barədə Şəxs MMC-yə DƏMX-nin X5 Şöbəsinin 15 dekabr 2025-ci il tarixli, 3-17-5/2-116777/2025 saylı göstəriş verilmiş, lakin göstəriş yerinə yetirilməmişdir. Nəticədə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Şəxs MMC barəsində İXM-in 539.1-1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 Şöbəsi 17 mart 2026-cı il tarixli məktubla məhkəməyə müraciət edərək bildirmişdir ki, Şəxs MMC-yə 12 dekabr 2025-ci il tarixli icrası məcburi olan göstəriş məktubu verilmiş və bu icrası məcburi göstərişlərdə müəyyən edilmiş müddət ərzində tədbir icra edilmədiyi təqdirdə İXM-in 539.1-1-ci maddəsi ilə müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı bildirilmişdir. Göstəriş məktubu poçt vasitəsilə göndərilməklə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Avtomatlaşdırılmış Sosial İnformasiya Sistemi (ASİS) üzərindən müəssisələrin “Əmək və Məşğulluq” altsistemində şəxsi kabinetinə yerləşdirilmişdir. Lakin göndərilmiş icrası məcburi göstəriş məktubu müəssisə tərəfindən icra edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş orqan məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 4.20-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsində, 195.1-ci, 195.2-ci, 477-ci maddələrində, 539-cu maddəsinin adında, 539.1, 539.1-1, 539.2, 539.3 və 556.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsindən görünür ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. İşdəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 15 dekabr 2025ci il tarixli, 3-17-5/2-116777/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, 2025-ci il yanvar ayının 1-dən Respublika üzrə minimum aylıq əmək haqqının məbləği 400 manata çatdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğindən aşağı ola bilməz. Məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində 10 dekabr 2025ci il tarixdə ixrac edilmiş baza məlumatları ilə nəticələr yenidən üzləşdirilərkən X2, X1 əmək müqaviləsində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, 10 iş günü müddətində əsas iş yeri və tam iş vaxtı üzrə işləyən və əmək müqaviləsinə 400 manatdan aşağı əmək haqqı daxil edilən işçilərin əmək haqqı məbləğlərinə “Əmək və Məşğulluq” altsistemində düzəliş edilməli və görülmüş tədbirlər barədə X3 Xidmətinin X5 Şöbəsinə məlumat verilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-yə göndərilmiş həmin göstəriş məktubu MMC-yə təqdim edilmişdir. İşdəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 24 fevral 2026-cı il tarixli məktubda qeyd olunmuşdur ki, 2025-ci il yanvar ayının 1-dən Respublika üzrə minimum aylıq əmək haqqının məbləği 400 manata çatdırılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğindən aşağı ola bilməz. Məsələ ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində ixrac edilmiş baza məlumatları ilə nəticələr yenidən üzləşdirilərkən X2, X1 əmək müqaviləsində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək məbləğindən aşağı qeyd edildiyi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində 3 sayda əmək müqaviləsində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinə keçirilməsini təmin edib nəticəsi barədə 10 iş günü ərzində X3 Xidmətinin X5 Şöbəsinə məlumat verilməsi məqsədilə Şəxs MMC-yə 15 dekabr 2025-ci il tarixli icrası məcburi olan göstəriş məktubu göndərilmiş və bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbir icra edilmədiyi təqdirdə İXM-in 539.1-1-ci maddəsi ilə müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı bildirilmişdir. Lakin bununla bağlı hər hansı bir məlumat Xidmətin X5 Şöbəsinə təqdim edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı icrası məcburi olan göstərişin verildiyi tarixə, yəni 15 dekabr 2025-ci il tarixə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində Şəxs MMC-də 3 sayda əmək müqaviləsində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqından aşağı olduğu müəyyən edilmişdir. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 Şöbəsi tərəfindən Şəxs MMC-yə 10 iş günü müddətində 3 sayda əmək müqaviləsində əmək haqqı məbləğinin ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqı məbləğinə keçirilməsi barədə icrası məcburi olan göstəriş verilmiş və İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət onun nəzərinə çatdırılmışdır. Həmin göstəriş məktubu Şəxs MMC-yə çatdırılsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 Şöbəsinin icrası məcburi olan göstərişi əmək münasibətlərinin iştirakçısı olan Şəxs tərəfindən icra edilməmiş, ümumiyyətlə hər hansı bir məlumat protokolu tərtib edən orqana təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə sübuta yetirilir. Belə ki, həqiqətən də Şəxs MMC tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (hazırkı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin X5 Şöbəsinin) icrası məcburi olan göstərişi icra edilməmişdir. Bunun əksini təsdiq edən hər hansı bir sübut Şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmamış, barəsində tərtib olunmuş protokola hər hansı bir münasibət bildirilməmişdir. Ona görə də Şəxs MMC-yə İXM-in 539.1-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə bildirir ki, Şəxs MMC-nin əməlində onun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hər hansı hal müəyyən edilmir. Eyni zamanda məhkəmə İXM-in 116-cı maddəsini nəzərə alaraq onu da qeyd edir ki, Şəxs MMC-yə inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqi şəxs tərəfindən 01 (bir) ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. İXM-in 25.7-ci maddəsinə əsasən, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. İXM-in 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM-in 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-in 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 25, 31, 40, 43, 48-51, 114, 115, 116, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə bu cərimə şərti olaraq tətbiq edilsin və hüquqi şəxs tərəfindən 01 (bir) ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar