Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-30/2026 08.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxx 1962-ci il təvəllüdlü, Şamaxı rayonu, Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Təklə Mirzəbaba kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 08 yanvar 2026-cı il tarixli, MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin e-2(026)-386/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs mərhum X4 barəsində mərhumun onun qoyunlarını oğurlaması barədə yaymış olduğu şərəf və ləyaqəti ləkələyən məlumatlar həqiqətə uyğun olmayan hesab edilməli və həmin məlumatlar kənd camaatı qarşısında təkzib olunmalıdır. Lakin borclu Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra sənədinin icrasını qəsdən təmin etməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 30 oktyabr 2024-cü il tarixli, e-2(026)-386/2024 saylı icra sənədinə əsasən Şəxs mərhum X4 barəsində mərhumun onun qoyunlarını oğurlaması barədə yaymış olduğu şərəf və ləyaqəti ləkələyən məlumatlar həqiqətə uyğun olmayan hesab edilmiş, həmin məlumatlar Şəxs tərəfindən Qobustan rayonu, Təklə Mirzəbaba kəndi camaatı qarşısında təkzib olunmalıdır. Həmin icra sənədi verildikdən sonra Qobustan rayon İcra və Probasiya şöbəsinə daxil olmuş, 04 dekabr 2024-cü il tarixdə icra sənədi üzrə icraata başlanılmış və borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Borcluya inzibati və cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq məktubları göndərilmiş, onun bir neçə dəfə yazılı izahatı alınmışdır. Lakin Şəxs qətiyyətlə məhkəmə qətnaməsinin icrasından imtina etdiyini, nə indi, nə də gələcəkdə həmin qətnaməni icra etməyəcəyini bildirmişdir. Beləliklə, qeyd edilən icra sənədinin icrasını təmin etməməklə Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun barəsində protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində göstərdi ki, o, Qobustan Rayon Məhkəməsinin 30 oktyabr 2024cü il tarixli, e-2(026)-386/2024 saylı qətnaməsini haqlı hesab etmir və düşünür ki, həmin qətnamə əsassız olaraq hərtərəfli araşdırma aparılmadan qəbul edilmişdir. Ona həmin qətnamədən apellyasiya şikayəti vermək imkanı izah olunsa da, o, həmin qətnamə qəbul edildiyi iclasdan sonra da dediyi kimi, həmin qətnamədən apellyasiya şikayəti verməyəcək. Bununla belə, onun həmin qətnaməni icra etmək niyyəti yoxdur. Buna görə də onun barəsində qəbul ediləcək inzibati tənbehi məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs icra sənədinin icrasını təmin etməməsini etiraf etməsi və yaşı nəzərə alınmaqla, onun barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddədə nəzərdə tutulmuş inzibati qaydada tənbeh edilməlidir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İşdə surəti olan Qobustan Rayon Məhkəməsi tərəfindən verilmiş 30 oktyabr 2024cü il tarixli, e-2(026)-386/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs mərhum X4 barəsində mərhumun onun qoyunlarını oğurlaması barədə yaymış olduğu şərəf və ləyaqəti ləkələyən məlumatlar həqiqətə uyğun olmayan hesab edilmiş, həmin məlumatlar Şəxs tərəfindən Qobustan rayonu, Təklə Mirzəbaba kəndi camaatı qarşısında təkzib olunmalıdır. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 04 dekabr 2024-cü il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsinin e-2(026)- 386/2024 saylı, 30 oktyabr 2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərin surətlərindən aydın olur ki, Şəxs tələbin könüllü icrası haqqında bildiriş verilmiş, dəfələrlə inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq məktubları göndərilmiş, yazılı izahatları alınmışdır. Beləliklə, toplanmış iş materialları və tərəflərin bildirdikləri ilə müəyyən edilir ki, Şəxs tərəfindən Qobustan Rayon Məhkəməsinin 30 oktyabr 2024-cü il tarixli, e-2(026)-386/2024 saylı icra sənədi icra məmuru tərəfindən müəyyən edilmiş müddət ərzində icra edilməmiş, icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələbləri qəsdən yerinə yetirilməmişdir. İcra sənədini icra etmədiyini və icra etmək niyyətində olmadığını Şəxs özü də məhkəmə iclasında qeyd etmişdir. Məhkəmə onu qeyd etməyi zəruri sayır ki, borclunun əsasında icra sənədi verilən məhkəmə aktından narazı qalması halında onun mülki prosessual qanunvericilikdə nəzərdə tutulan qaydalara riayət etməklə apellyasiya şikayəti vermək hüququnun olmasına baxmayaraq, onun bu hüququndan istifadə etməyib həmin qətnamədən narazı qaldığını və icra etməyəcəyini bildirməklə onun icrasından yayınması əsassızdır. Məhkəmə Şəxs əməlində onun məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hər hansı hal müəyyən etmir. Bununla belə, məhkəmə Şəxs yaşını nəzərə almaqla onun barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəuyğun saymır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəziyyətini nəzərə alaraq İXM-in 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-30/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-30/2026
08.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver