Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-32/2026 09.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan RPŞ-nin əməkdaşı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Şamaxı rayonu, Çalov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan rayonu, Cəyirli ərazi dairəsi, Çalov kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu və 535.1-ci maddələri ilə 09 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 09 yanvar 2025-ci il tarixdə Qobustan rayonu, Nabur kəndində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 bildirdi ki, 08 yanvar 2026-cı il tarixdə Qobustan RPŞ-nin KMQnin baş əməliyyat müvəkkili Murad Alıyev raportla şöbə rəhbərliyinə müraciət edərək bildirmişdir ki, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili ilə birlikdə Qobustan rayonunun Nabur kəndində xidmətdə olarkən 1 nəfər şəxsin telefonda uca səslə danışdığını görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və uca səslə danışmamasını bildirmişlər. Lakin həmin şəxs polis əməkdaşlarının mülki geyimdə olmasına görə onlara inanmayıb xidməti vəsiqələrini təqdim etmələrini tələb etmiş, xidməti vəsiqə təqdim edildikdən sonra onlara inanmış, lakin yenə də uca səslə danışmağa davam etmişdir. Müəyyən edilmişdir ki, həmin şəxs – Şəxs telefonda atası Davud Rəcəbovla danışarkən sonuncu ona yenə çıxıb Bakıya gedəcəyini bildirdiyindən o əsəbiləşmişdir. Əvvəllər də atası bir neçə dəfə çıxıb Bakıya getmiş, axtarışlardan sonra tapılmışdır. Ona görə də bu hala əsəbiləşdiyini qeyd etmişdir. Sonradan o, könüllü şəkildə polis şöbəsinə gəlmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəlcə qeyd etdi ki, 08 yanvar 2026-cı ildə Qobustan rayonunun Nabur kəndində psixi xəstə olan atası ilə telefonda uca səslə danışarkən mülki geyimdə polis əməkdaşları ona yaxınlaşmış, o da polislərin bütün tələblərinə əməl edib onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Daha sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz təşəbbüsü ilə əlavə ifadə verərək qeyd etdi ki, əslində hadisə tamamilə başqa cür olmuşdur. Belə ki, o, özü qaraciyər sirrozu xəstəliyindən əziyyət çəkir və dərmanları bahadır. Ona görə də dəmir alveri ilə məşğul olub dolanır. 08 yanvar 2026-cı ildə Qobustan rayonunun Nabur kəndində sökülü vəziyyətdə olan traktorun hissələrini 370 manata alıb evakuatora yükləyib gəldikdə yolda mülki geyimdə olan 11-12 nəfər polis əməkdaşı onun qarşısını kəsib saxlamışlar. O düşəndə polis əməkdaşları traktoru kimdən aldığını soruşduqda və həmin şəxsin gəlməsini tələb etdikdə, o da öz konturu olmadığından həmin şəxslə dayısının telefonu ilə danışdığını bildirib dayısına zəng vurmuşdur ki, dayısı gəlsin, traktoru aldıqları şəxsi zəng edib çağırsınlar. Traktor sökülü vəziyyətdə olmuşdur. O, dayısı ilə danışdıqdan sonra atası da ona zəng etmiş, telefonla danışarkən polis əməkdaşları ondan maşına oturmasını tələb etmiş, o da oturub polis şöbəsinə gəlmişdir. Qeyd etdi ki, traktor hazırda şöbədədir, ona geri qaytarılacaq, çünki traktoru aldığı şəxs gəlib traktoru ona satdığını təsdiq etmişdir. O, dəmir alveri ilə məşğul olduğundan Nabur kəndindən keçərkən bununla bağlı səs salmış, bir şəxs çıxıb sökülü traktoru olduğunu bildirmiş, o da 370 manat pulunu verib onu almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı X8 bildirdi ki, 08 yanvar 2026-cı il tarixdə rəis müavini də daxil olmaqla əməliyyatçılar ilə birgə xidmətdə olarkən Qobustan rayonunun Çalov kəndi ərazisində Şəxs ictimai qaydanı pozaraq söyüş söydüyünə görə ona xəbərdarlıq etmiş, nizam-intizama dəvət etmişdir. Lakin Şəxs etiraz edib özündən çıxmış, “gəlin aparın məni”, “guya aparıb nə edəssiz?”, “mən bilirəm hara nə demək lazımdır” kimi ifadələr səsləndirmişdir. Buna görə də onlar Şəxs maşına əyləşdirib polis şöbəsinə gətirmiş, onun barəsində raport tərtib etmişlər. O, verilmiş suallara cavab olaraq qeyd etdi ki, o, Şəxs tərəfindən söyüş söyülməsini ictimai qaydanın pozulması kimi qiymətləndirdiyinə görə bunu ayrıca olaraq raportda göstərməmişdir. O özü də söyüş söydüyünü etiraf edir. Buna görə əlavə olaraq raportda bunu göstərməmişdir. Həmin zaman ərazidə o tək olmamışdır. O, Şəxs polisin hansı qanuni tələbinə tabe olmaması barədə suala cavab olaraq bildirdi ki, o, Şəxs söyüş söyməməsini tələb etdikdə, sonuncu ona “yaxşı edirəm”, “guya sən mənə nə edəssən ki?” kimi cavablar vermişdir. O, təqdim etdiyi yazılı izahatında hazırkı məzmunda izahat verməməsinin səbəbi barədə verilmiş suala cavab olaraq qeyd etdi ki, yazılı izahatında qısa məzmunda ictimai qaydanı pozması və polisin qanuni tələbinə tabe olmaması barədə qeyd aparmışdır. Evakuatorun üzərində traktorun saxlanılıb polis şöbəsinə gətirilməsi barədə verilmiş suala cavab olaraq əvvəlcə bu barədə bilmədiyini qeyd etsə də, sonradan bildirdi ki, həqiqətən də, evakuator üzərində olan traktorun oğurluq olub-olmamasını yoxlamaq üçün onun sənədlərinin əldə edilməsi məqsədilə traktorun şöbəyə gətirilməsini təmin etmişdir. Həmin traktorun kənd sakininə məxsus olduğunu və onun traktoru Şəxs satdığını müəyyən etmişlər. Bundan sonra o qeyd etdi ki, ərazidə xidmət apararkən evakuatorun üzərindəki traktoru saxladıqda Şəxs yaxınlaşıb görüşmüş, traktoru hara apardıqlarını soruşmuş, telefonla traktorun sahibinə zəng edəcəyini bildirmişdir. Şəxs telefonla danışarkən söyüş söydüyünü görüb onun üzərinə qışqırmışdır ki, söyüş söyməsin. O da özündən çıxıb tabesizlik göstərməyə başlamışdır. O, verilmiş suallara cavab olaraq qeyd etdi ki, Şəxs onlar tərəfindən Qobustan rayonunun Çalov kəndinin içərisində saxlanılmış, bu zaman orada 2 nəfər polis işçisi – o və Ceyhun Sifanlı olmuşdur. Rəis müavini isə kənd icra nümayəndəsinin yanında onunla söhbət edirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlində inzibati xəta tərkibinin olmaması səbəbindən onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs törətdiyi iddia olunan inzibati xətalarla bağlı məhkəmə iclasında dindirilmiş şahidin ifadələrində və təqdim edilən sübutlarda ziddiyyətlər öz əksini tapmışdır. Şahid qismində dindirilmiş X2 RPŞ-yə verdiyi izahatında qeyd etmişdir ki, o, 08 yanvar 2026-cı il tarixdə Qobustan RPŞ-nin inzibati ərazisində xidmət aparan zaman 1 nəfər şəxsin şübhəli hərəkətlərinin şahidi olmuşlar. CAB-nin əməliyyat müvəkkili Ceyhun Sifanlı ilə birgə xidmət aparan zaman həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. İctimai qaydanı kobud surətdə pozmağa başlamışdır. Onların qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs tərəflərindən Qobustan RPŞ-yə təhvil verilmişdir. İzahatı özü yazmış, imzası ilə təsdiq etmişdir. Göründüyü kimi, X8 tərəfindən verilmiş izahat onun hazırkı məhkəmə iclasında verdiyi izahatla uyğunsuzluq yaradır. O, hazırda saxlanılmış Şəxs uca səslə söyüş söydüyünü bildirsə də, özünün yazılı izahatında bununla bağlı hər hansı qeyd aparmamışdır. Bundan əlavə, təqdim etdiyi raportda, tərtib olunmuş protokolda, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadəsində hadisənin Qobustan rayonunun Nabur kəndində baş verdiyi bildirilsə də, Murad Alıyev məhkəmə iclasında sözügedən hadisənin Qobustan rayonunun Çalov kəndində baş verdiyini bildirmiş, ona verilmiş suala cavab olaraq da hadisənin məhz Çalov kəndində baş verdiyini qeyd etmişdir. Göründüyü kimi, şahidin ifadəsi işin halları ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, şahid X6 ifadəsi öz daxilində qeyri-müəyyənlik və qeyri-səmimilik ehtiva edir. Belə ki, o, əvvəlcə işin hallarını başqa cür qeyd etməyə çalışmış, xidmətdə olarkən Şəxs söyüş söydüyünü görüb ona xəbərdarlıq etdiyini bildirsə də, sonradan evakuatorda olan traktoru saxlamaları səbəbindən Şəxs onlara yaxınlaşıb görüşdüyünü, bundan sonra telefonla danışarkən söyüş söydüyünü gördüyünü qeyd etmiş, bununla da təzadlı ifadələr səsləndirmişdir. Həmçinin o, evakuatorun üzərində traktorun saxlanılıb polis şöbəsinə gətirilməsi barədə verilmiş suala cavab olaraq əvvəlcə bu barədə bilmədiyini qeyd etsə də, sonradan, həqiqətən də, evakuator üzərində olan traktorun oğurluq olub-olmamasını yoxlamaq üçün onun sənədlərinin əldə edilməsi məqsədilə traktorun şöbəyə gətirilməsini təmin etdiyini bildirmişdir. Bundan əlavə, iş materiallarından və işdə iştirak edən şəxslərin izahatlarından hadisənin 08 yanvar 2026-cı il tarixdə baş verdiyi görünsə də, baxılması üçün məhkəməyə göndərilmiş inzibati xəta haqqında MN ******* seriya nömrəli protokolda Şəxs 09 yanvar 2025-ci il tarixdə Qobustan rayonu, Nabur kəndində ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri etdiyi, bunun nəticəsində İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi qeyd edilmişdir. Göründüyü kimi, hadisənin baş vermə tarixindəki yanlışlıqla yanaşı, İXM-in 535.1-ci maddəsi ilə hansı hərəkətlərin tövsif edildiyi də protokolda göstərilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərində ictimai qaydanı pozan hər hansı hərəkətlərə yol verməsi və ya onun polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması kimi halların mövcudluğu öz təsdiqini tapmır və onun əməlində inzibati xəta tərkibi müəyyən edilmir. İXM-in 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İXM-in 510-cu və 535.1-ci maddələri ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-32/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-32/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver