Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-58/2026 22.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin rəis müavini X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, 10 avqust 2001-ci ildə Qobustan rayonu, Nərimankənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 388- 1.1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 388-1.1.1-ci maddəsi ilə 22 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs sosial şəbəkə üzərindən nümayişkəranə halda ictimai mənəviyyatı təhqir edərək cəmiyyətə açıqca hörmətsizlik edərək əxlaqsız ifadələr səsləndirmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin əməliyyat işi üzrə rəis müavini, polis polkovnik-leytenantı X3 bildirdi ki, Qobustan RPŞ-nin əməkdaşları tərəfindən Şəxs barəsində raportla şöbə rəhbərliyinə müraciət olunmuş, onun əməlləri araşdırılaraq hazırkı protokol tərtib edilmişdir. Protokola əlavə edilmiş sübutlar da Şəxs əməlində İXM-in 388- 1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olduğunu təsdiq edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Tik-Tok” sosial şəbəkəsində “rauf_ _ _music” adlı hesabdan istifadə edərək, orada əsasən özünün iştirak etdiyi tədbirlərdən videolar çəkib yerləşdirmiş, polis əməkdaşları barəsində həmişə özünün müsbət fikirlərini də həmin hesabda paylaşmışdır. Lakin təxminən iki həftə bundan əvvəl o, sərxoş halda adını qeyd etdiyi “Tik-Tok” hesabında canlı yayım açmış, canlı yayım zamanı polis əməkdaşları barəsində etikadan kənar ifadələr işlətmiş, daha sonra ona heç bir aidiyyəti olmadığı təqdirdə benzin qiymətini qaldıran şəxslər barəsində də əxlaqa uyğun olmayan ifadələrdən istifadə etmişdir. O, həmin vaxt sərxoş halda olduğuna görə ümumiyyətlə inzibati xəta törətdiyini də dərk etməmişdir. Hazırda etdiyi əməlin səhv olduğunu başa düşür və onunla tərbiyələndirici məzmunda söhbət aparılmışdır. O, barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Cəbrayılov X1 Rauf Təhmiraz oğlunun əməlini səmimi şəkildə etiraf etməsinin nəzərə alınaraq, onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 388-1.1.1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına, yəni: informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və protokolu tərtib etmiş şəxsi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətaların əks olunduğu sübutlara və iş materiallarına əlavə edilərək məhkəmə iclasında tədqiq olunmuş Şəxs açdığı canlı yayıma dair videogörüntüləri özündə əks etdirən videodiskə müvafiq hüquqi qiymət verərək hesab edir ki, Şəxs İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməlidir. Belə ki, Şəxs “Tik-Tok” sosial şəbəkəsində öz istifadəçi hesabında açdığı canlı yayımın videogörüntüsünün tədqiqi nəticəsində müəyyən edilir ki, o, canlı yayım zamanı ümumilikdə polis əməkdaşları barəsində “forma geyinən itlər” ifadəsini işlətmiş, bir sıra polis əməkdaşlarının özləri və ailə üzvləri barəsində nalayiq ifadələrdən istifadə etmiş, ölkə ərazisində benzinin qiymətinin bahalaşmasına məsul olan şəxslərin ailə üzvləri barəsində əxlaqa uyğun olmayan ifadələr səsləndirmiş, həmçinin etikadan kənar ifadələr işlətməklə və söyüş söyməklə bir sıra digər mövzularda müzakirələr aparmış, beləliklə, informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol vermiş, bununla da İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-2.3-cü və 13-2.3.6-1-cü maddələrinə əsasən, internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiyatelekommunikasiya şəbəkəsində) aşağıdakı yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməməlidir: 13-2.3.6-1. kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs da sözügedən əməlləri törətdiyini məhkəmə iclasında təsdiq etmiş, etdiyi əməlin səhv olduğunu anladığını bildirmiş, özünü qismən təqsirli bilməsinin səbəbini isə həmin sözləri deyərkən sərxoş halda olması ilə əlaqələndirmişdir. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Bununla belə məhkəmə qeyd edir ki, hazırkı halda Şəxs məsuliyyətini yüngülləşdirən həmin hallar onun inzibati cərimə növündə tənbeh edilməsinə əsas vermir və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Bu zaman həmçinin o da nəzərə alınmalıdır ki, Şəxs özünün də qeyd etdiyi kimi, o, sözügedən əməli sərxoş halda törətdiyinə görə, İXM-in 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi onun məsuliyyətini ağırlaşdıran hal kimi qəbul olunur. Lakin məhkəmə yüngülləşdirici halların mövcudluğunu nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin maksimum həddə müəyyən edilməməsini məqsədəuyğun hesab edir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, Şəxs 21 yanvar 2026-cı il tarixdə inzibati qaydada tutulduğundan inzibati həbs etmənin əvvəli də məhz 21 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, inzibati həbs etmənin əvvəli 21 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. İXM-in 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 114.1.1 maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 21 yanvar 2026-cı il tarixdən hesablansın. Qərarın icrası Qobustan rayon Polis Şöbəsinə həvalə edilsin. İXM-in 388-1.1.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-58/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-58/2026
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver