Məhkəmə qərarları › İş №3(5-138)-59/2026

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-59/2026

23.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-59/2026 23.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxx 1994-cü il təvəllüdlü, Qobustan rayonu, Mərəzə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qobustan şəhəri, X8 küçəsi, ev 23 ünvanında qeydiyyatda olan və ünvan 2nda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qobustan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qobustan rayon İcra və Probasiya şöbəsindən Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə daxil olmuş inzibati xəta haqqında 23 yanvar 2026-cı il tarixli MN ******* saylı protokolda göstərilir ki, Qobustan Rayon Məhkəməsinin 2(026)-182/2025 saylı, 28 aprel 2025-ci il tarixli icra sənədinə əsasən Şəxs cəmi 2545 manat pul vəsaiti tutularaq X2 xeyrinə ödənilməlidir. Borclu Şəxs tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt borclu Şəxs icra sənədini tam şəkildə ödəməməsi və icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən protokolu tərtib edən Qobustan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Qobustan Rayon Məhkəməsi tərəfindən 02 iyun 2025-ci il tarixdə verilmiş 28 aprel 2025-ci il tarixli, 2(026)-182/2025 saylı icra sənədi 03 iyun 2025-ci ildə Qobustan rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuşdur. İcra sənədinə əsasən Şəxs cəmi 2545 manat məbləğində pul tutularaq X2 xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə icraata başlanılmış, tərəflərə bildiriş və icraata başlamaq haqqında qərarın surəti göndərilmiş, eləcə də, borcluya tələbin könüllü icrası üçün vaxt verilərək borcu həmin müddət ərzində icra etməməsinin nəticələri izah edilmişdir. İcraat çərçivəsində borclunun əmlak və gəlir vəziyyəti yoxlanılmış, onun rəsmi iş yerinin olduğu müəyyən edildiyindən icra sənədi icra olunması üçün iş yerinə göndərilmiş, lakin onun əmək haqqından cəmi 1 ay tutulma aparıldıqdan sonra borclu həmin işdən çıxmışdır. Daha sonra onun yenidən başqa işə girdiyi müəyyən edildiyindən həmin iş yerinə də əmək haqqından tutulma aparılması ilə bağlı müraciət edilmiş, lakin borclu yenə də tezliklə öz ərizəsini yazıb işdən çıxmışdır. Bununla belə, borclu Vətən müharibəsi iştirakçısı olduğuna görə ona təyin edilmiş 80 manat məbləğində pensiyanın 50 faizi hər ay tutularaq icra sənədinin icrasına yönəldilməkdədir. Ümumilikdə bu günədək icra sənədi üzrə cəmi 866 manat məbləğində pul ödənilmiş, həmin pulun 300 manatını borclu özü ödəmiş, qalan hissəsi isə əmək haqqı və pensiyasından tutulma yolu ilə ödənilmişdir. Hazırda tələbkar borcun bu cür hissə-hissə ödənilməsindən narazılığını bildirərək şikayətlər ünvanlamışdır. Hesab edir ki, borclunun artıq iki dəfə icra sənədi onun iş yerinə göndərilərək əmək haqqından tutulma aparılmasına qərar verildikdən sonra işdən çıxmaqla və icra sənədi üzrə borcu tam ödəməməklə icra sənədinin icrasını qərəzli şəkildə yubadır. Həmçinin ona İXM-in 528.1-ci maddəsi üzrə məsuliyyət barədə də xəbərdarlıq olunmuş, borclu isə ödənişləri edəcəyinə dair vəd vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, o, borclu olduğu icra sənədi üzrə borcun ödənilməsindən yayınmır. Belə ki, onun hazırkı tələbkar şəxs Alı İsgəndərli ilə yanaşı, "xxxx" ASC-yə də kredit borcu mövcuddur. O, ötən ilin ortalarında "xxxx" QSC-də işləyirdi və aylıq əmək haqqı məbləği 800 manat idi. Onun əmək haqqından həmin vaxt hər iki borclu olduğu şəxsin xeyrinə tutulma aparılmışdır. O, "xxxx" QSC-dəki işindən özü ərizəsini yazıb çıxmamış, işdən çıxarılmış, yenidən müraciət edib işə qaytarılmasını xahiş etsə də, heç bir nəticəsi olmamışdır. Bununla belə işləmədiyi halda ötən ilin avqust ayında tələbkara 300 manat məbləğində ödəniş etmişdir. Daha sonra yenidən işə girmiş, əmək haqqından tutulma yenə də aparılmağa davam etmişdir. O, əmək haqqını "xxxx" ASC-nin kartı vasitəsilə aldığına görə bank onun əmək haqqını köçürməzdən əvvəl onun əmək haqqından tutulmanı öz xeyrinə aparıb qalan məbləği köçürdüyündən sonuncu dəfə tələbkarın hesabına cəmi 8 manat məbləğində pul ödənilmişdir. Bununla bağlı o, tələbkara müraciət edib vəziyyəti izah etmiş, yanvar ayının 26-da yenə də müharibə veteranı pensiyasını alıb və bir qədər də özü pul toplayıb yenə 300 manat ödəniş edəcəyini bildirmiş, lakin tələbkar etiraz etmişdir. O, hazırda öz borcunun icrasından yayınmır və onu ödəyəcəkdir. Hətta 26 yanvar 2026-cı il tarixində növbəti ödənişini edəcəkdir. Himayəsində 1 azyaşlı uşağı var. Məhkəmədən qeyd olunan halların nəzərə alınaraq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil bildirdi ki, hazırda borclunun icra sənədi üzrə tələbkara 866 manat məbləğində ödəniş etdiyi, cəmi ödənilməmiş 1679 manat məbləğində borcunun qaldığı müəyyən edilir. Borclu icra sənədinin icrası üçün hərəkətlər etmiş və onun tərəfindən bildirilən hallardan da göründüyü kimi, icra sənədi üzrə borcun ödənilməsinin yubanmasında borclunun qərəzli hərəkətləri olmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Şəxs əməllərində inzibati xəta tərkibi olmadığından onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və onun müdafiəçisini dinləyib, iş materiallarını araşdırıb, onlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsi tərəfindən 02 iyun 2025-ci il tarixdə verilmiş 28 aprel 2025-ci il tarixli, 2(026)-182/2025 saylı icra vərəqəsindən görünür ki, Şəxs 2500 manat məbləğində borc və ödənilmiş 45 manat məbləğində dövlət rüsumu tutularaq X4 ödənilməlidir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin 03 iyun il tarixli qərarından görünür ki, həmin qərarla Qobustan Rayon Məhkəməsi tərəfindən 02 iyun 2025-ci il tarixdə verilmiş 28 aprel 2025-ci il tarixli, 2(026)-182/2025 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış 03 iyun 2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcludan Qobustan Rayon Məhkəməsi tərəfindən 02 iyun 2025-ci il tarixdə verilmiş 28 aprel 2025-ci il tarixli, 2(026)-182/2025 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuşdur. Bundan sonra borcluya 19 iyun 2025ci il və 15 avqust 2025-ci il tarixli xəbərdarlıq məktubları göndərilmiş, müxtəlif tarixlərdə yazılı izahatları alınmışdır. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən "xxxx" QSC-yə ünvanlanmış borclunun gəlirindən tutulma ilə bağlı 17 iyun 2025-ci il tarixli müraciətdə qeyd edilmişdir ki, Qobustan Rayon Məhkəməsi tərəfindən 02 iyun 2025-ci il tarixdə verilmiş 28 aprel 2025-ci il tarixli, 2(026)-182/2025 saylı icra sənədi üzrə borclu Şəxs 2500 manat məbləğində borc və ödənilmiş 45 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X4 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası dərhal təmin edilməmiş və icranın təmin edilməməsi ilə bağlı rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin və başqa sərvətlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İcraat zamanı məlum olmuşdur ki, borclunun gəliri vardır. İcra sənədinin icrası ilə bağlı borclunun gəlirindən hər ay 50 faiz tutularaq tələbkarın hesabına ödənilməsi tələb edilir. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında 17 iyun 2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.1-ci maddəsinə əsasən Qobustan Rayon Məhkəməsinin 2(026)-182/2025 saylı, 02 iyun 2025-ci il tarixli icra sənədinin icra olunması üçün borclu Şəxs iş yerinə ("xxxx" QSC) göndərilməsi qərara alınmışdır. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsinin borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində və ya qeyri-əmlak xarakterli tələblə bağlı icra ödənişinin alınması barədə 17 iyun 2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla borclu Şəxs icra ödənişinin tutulması qərara alınmışdır. İşdə surəti olan Qobustan rayon İcra və Probasiya şöbəsi tərəfindən X5 ünvanlanmış borclunun gəlirindən tutulma ilə bağlı 09 oktyabr 2025-ci il tarixli müraciətdə qeyd edilmişdir ki, Qobustan Rayon Məhkəməsi tərəfindən 02 iyun 2025-ci il tarixdə verilmiş 28 aprel 2025-ci il tarixli, 2(026)-182/2025 saylı icra sənədi üzrə borclu Şəxs 2500 manat məbləğində borc və ödənilmiş 45 manat məbləğində dövlət rüsumu tutularaq tələbkar X4 ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası dərhal təmin edilməmiş və icranın təmin edilməməsi ilə bağlı rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin və başqa sərvətlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İcraat zamanı məlum olmuşdur ki, borclunun 400 manat gəliri vardır. İcra sənədinin icrası ilə bağlı borclunun gəlirindən hər ay 50 faiz tutularaq 2144,58 manat tələbkarın hesabına, borc məbləğinin 10 faiz icra ödənişi olan 254,5 manat isə Qobustan rayon İcra və Probasiya şöbəsinə ödənilməsi tələb edilir. İşdə surəti olan Qobustan Rayon Məhkəməsinin 10 dekabr 2025-ci il tarixli, 8(026)- 41/2025 saylı qərardadından görünür ki, həmin qərardadla təqdimat təmin edilərək, Qobustan Rayon Məhkəməsi tərəfindən 02 iyun 2025-ci ildə verilmiş 28 aprel 2025-ci il tarixli, 2(026)-182/2025 saylı icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İşdə surəti olan tələbkar X6 tərəfindən Qobustan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 23 yanvar 2026-cı il tarixli ərizədə qeyd olunmuşdur ki, o, pulunun tam ödənilməsi ilə bağlı borclu barəsində məcburi icra tədbiri tətbiq edilməsini və inzibati protokol tərtib edib tənbeh edilməsini xahiş edir. Belə ki, cavabdeh hər dəfə işlədiyi müəssisədən çıxaraq qərəzli səbəbdən ödəniş etmir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Hazırda işin mübahisəsiz halları ondan ibarətdir ki, Qobustan Rayon Məhkəməsi tərəfindən 02 iyun 2025-ci il tarixdə verilmiş 28 aprel 2025-ci il tarixli, 2(026)-182/2025 saylı icra sənədi üzrə 03 iyun 2025-ci il tarixdə icraata başlanılmış, keçən müddət ərzində icra sənədi üzrə indiyədək borclu tərəfindən ümumilikdə 866 manat məbləğində ödəniş edilmiş, hazırda cəmi 1679 manat məbləğində borcu qalmış, eyni zamanda, hissə-hissə olmaqla ödənişlərin həyata keçiriləcəyi bildirilmişdir. Göründüyü kimi, borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmır, icra məmurunun tələbləri üzrə borcundan bir sıra ödənişlər həyata keçirir, onun müharibə veteranı kimi pensiyasından, eləcə də, əvvəllər rəsmi olaraq işlədiyi dövrdə onun əmək haqqından tutulmalar aparılmışdır. Qeyd edilənlər onu göstərir ki, borclu tərəfindən icra sənədi üzrə borcun ödənilməsi və tələbkarın təmin edilməsi məqsədilə tədbirlər görülür və onun tərəfindən icra məmurunun məhkəmə qərarının icrası ilə əlaqədar qanuni tələblərinin üzrsüz səbəbdən və qərəzli olaraq icra edilməməsi halı müəyyən olunmur. Hazırkı məqamda borclunun məhz onun əmək haqqına tutma yönəldilməməsi məqsədi ilə işdən öz ərizəsi əsasında çıxması da müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs əməlində İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyil. İXM-in 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-in 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə qeyd olunanları nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 40, 43, 48-51, 53, 114, 115, 129, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar