Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-73/2026 25.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X3 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X3 Şöbəsi tərəfindən Şəxs MMC barəsində 28 yanvar 2026-cı il tarixdə İXM-in 539.1-1-ci maddəsi ilə MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Əmək və Məşğulluq altsistemindən əldə olunmuş 28 yanvar 2026-cı il tarixli məlumat əsasında məlum olmuşdur ki, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi barədə DƏMX-nin X3 Şöbəsinin göstərişi icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Şəxs MMC barəsində İXM-in 539.1-1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş orqan məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İXM-in 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 4.20-ci bəndinə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 194-cü maddəsində, 195.1-ci, 195.2-ci, 477-ci maddələrində, 539-cu maddəsinin adında, 539.1, 539.1-1, 539.2, 539.3 və 556.3-cü maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-3.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli, 425 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli, 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 01 iyul 2025-ci ilədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsindən görünür ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. İşdəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X3 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 10 dekabr 2025ci il tarixli, 3-17-5/2-114536/2025 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli, 425 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 28 iyun 2024cü il tarixli, 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 01 iyul 2025-ci ilədək müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı cari tarixə Şəxs MMC tərəfindən X1 adına qüvvədə olan əmək müqaviləsinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmişdir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15.2-ci maddəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları İXM ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, 10 iş günü müddətində Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli, 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi Şəxs MMC tərəfindən təmin edilməlidir. İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət sonuncunun nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş poçt göndərişlərinin izlənilməsinə dair çıxarışdan görünür ki, Şəxs MMC-yə göndərilmiş həmin göstəriş məktubu 24 dekabr 2025-ci il tarixdə MMC-nin direktoruna təqdim edilmişdir. İşdəki Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X3 Şöbəsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış 19 yanvar 2026cı il tarixli, 3-17-5/2-7893/2026 nömrəli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi haqqında” 17 sentyabr 2024-cü il tarixli, 425 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının 28 iyun 2024cü il tarixli, 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələsi iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 01 iyul 2025-ci ilədək müəyyən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı cari tarixə Şəxs MMC tərəfindən qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmişdir. Əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsini təmin edib nəticəsi barədə 10 iş günü ərzində X2 Xidmətinin X3 Şöbəsinə məlumat verilməsi məqsədilə Şəxs MMC-yə icrası məcburi olan göstəriş məktubu göndərilmiş və bu icrası məcburi göstərişdə müəyyən edilmiş müddət ərzində tədbir icra edilmədiyi təqdirdə İXM-in 539.1-1-ci maddəsi ilə müvafiq qaydada inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı bildirilmişdir. Lakin bununla bağlı hər hansı bir məlumat Xidmətin X3 Şöbəsinə təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Bu səbəbdən inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməsi məqsədilə 28 yanvar 2026-cı il tarixdə, saat 11:00-da barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində Xidmətin X3 Şöbəsinə dəvət olunmuşdur. Həmin tarixədək qeyd edilən hüquq pozuntusunu aradan qaldıraraq müvafiq sənədlərin müzakirə zamanı təqdim edilməsi tələb olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi üzərindən aparılmış təhlillər zamanı icrası məcburi olan göstərişin verildiyi tarixə, yəni 10 dekabr 2025-ci il tarixə Şəxs MMC tərəfindən qüvvədə olan əmək müqavilələrinin elektron sənəd formasına keçirilmədiyi müəyyən edilmişdir. Buna görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X3 Şöbəsi tərəfindən Şəxs MMC-yə 10 iş günü müddətində Azərbaycan Respublikasının 28 iyun 2024-cü il tarixli, 1195-VİQD nömrəli Qanunu qüvvəyə minənədək bağlanılmış qüvvədə olan əmək müqavilələrinin qanunvericiliyə əsasən elektron sənəd formasına keçirilməsi barədə icrası məcburi olan göstəriş verilmiş və İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət onun nəzərinə çatdırılmışdır. Həmin göstəriş məktubu 24 dekabr 2025-ci il tarixdə Şəxs MMC-yə çatdırılsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X3 Şöbəsinin icrası məcburi olan göstərişi əmək münasibətlərinin iştirakçısı olan Şəxs tərəfindən icra edilməmiş, ümumiyyətlə hər hansı bir məlumat protokolu tərtib edən orqana təqdim edilməmişdir. Beləliklə, məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə sübuta yetirilir. Belə ki, həqiqətən də Şəxs MMC tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (hazırkı halda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin X3 Şöbəsinin) icrası məcburi olan göstərişi (göstərişin verildiyi anda qüvvədə olan əmək müqavilələrinin elektronlaşdırılması tələbi) icra edilməmişdir. Bunun əksini təsdiq edən hər hansı bir sübut Şəxs MMC tərəfindən məhkəməyə təqdim olunmamış, barəsində tərtib olunmuş protokola hər hansı bir münasibət bildirilməmişdir. 10 dekabr 2025-ci il tarixli icrası məcburi göstərişin verildiyi an qüvvədə olan əmək müqaviləsi əsasında Şəxs MMC-nin direktoru vəzifəsində çalışmış Telman Eminov direktor səlahiyyətlərini icra etdiyi müddətdə - 24 dekabr 2025-ci il tarixdə həmin göstərişi almış, bundan sonra hüquqi şəxsin adından həmin göstərişin icrası ilə bağlı hər hansı tədbirin görülməsi təmin olunmamış, məhkəmənin ilk iclasından iki gün əvvəl – 09 fevral 2026-cı il tarixdə isə direktor Telman Eminov özü ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr qəbul edərək məsuliyyətdən yayınmağa cəhd etmişdir. Lakin direktorun etmiş olduğu bu cür hərəkətlər hüquqi şəxs Şəxs MMC-nin məsuliyyətdən azad olmasına əsas verən hal kimi çıxış etmir. Ona görə də Şəxs MMC-yə İXM-in 539.1-1-ci maddəsinin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə bildirir ki, Şəxs MMC-nin əməlində onun məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hər hansı hal müəyyən edilmir. Eyni zamanda məhkəmə İXM-in 116-cı maddəsini nəzərə alaraq onu da qeyd edir ki, Şəxs MMC-yə inzibati cərimə şərti olaraq tətbiq edilməli, hüquqi şəxs tərəfindən 01 (bir) ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə, hüquqi şəxs ona tətbiq edilmiş inzibati cərimədən azad edilməlidir. İXM-in 25.7-ci maddəsinə əsasən, bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. İXM-in 116.1-ci maddəsinə əsasən, eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.1.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM-in 116.2-ci maddəsinə əsasən, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-in 116.3-cü maddəsinə əsasən, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 18, 25, 31, 40, 43, 48-51, 114, 115, 116, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İXM-in 539.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 2000 (iki min) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxsnə bu cərimə şərti olaraq tətbiq edilsin və hüquqi şəxs tərəfindən 01 (bir) ay müddətində törədilmiş hüquqpozma aradan qaldırıldığı təqdirdə Şəxs bu qərarla tətbiq edilmiş inzibati cərimədən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-73/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-73/2026
25.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver