Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-74/2026 30.01.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxxx 1989-cu ildə Şamaxı rayonu, Dəmirçi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə 29 yanvar 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 26 yanvar 2026-cı il tarixdə saat təxminən 16:35 radələrində etdiyi qayda pozuntusu ilə əlaqədar Qobustan şəhərində ona “saxla” işarəsi verilmiş, sürücü barəsində protokol tərtib etmək üçün ondan sənədləri istənildikdə anidən sürücü avtomobili yüksək sürətlə hərəkət etdirərək çıxıb getmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 protokolu müdafiə edərək bildirdi ki, 26 yanvar 2026-cı ildə Qobustan RPŞ-nin DYPB-nin YPX inspektoru Şərif Sayılov tərəfindən verilmiş raport araşdırılması üçün onun icraatına verilmişdir. O da müvafiq şəxslərin izahatlarını aldıqdan sonra Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, Qobustan rayon uşaq-gənclər idman məktəbində məşqçi-müəllim vəzifəsində işləyir. Həqiqətən də, 26 yanvar 2026-cı il tarixində dövlət yol polisi əməkdaşları onun idarə etdiyi avtomobili saxlayıb qayda pozuntusu etdiyini bildirmiş, o da polis əməkdaşlarından bununla bağlı sübut təqdim edilməsini tələb etmiş, lakin polis əməkdaşları ona hər hansı sübut təqdim edə bilməmiş, ondan sənədlərini təqdim etməsini tələb etmişlər. Lakin onun sənədləri üzərində olmamış, sürücülük vəsiqəsi isə ümumiyyətlə olmamış, idarə etdiyi avtomobil də qardaşı oğlunun adına olmuşdur. Adətən onu işə məhz qardaşı oğlu gətirib-aparsa da, həmin gün qardaşı oğlu evdə olmadığından o, avtomobili özü sürüb gəlməyə məcbur olmuşdur. Həmin vaxt avtomobilində məşq keçdiyi bir neçə uşaq olmuşdur. Özünün himayəsində də yetkinlik yaşına çatmayan 3 uşağı var, onların ikisi isə əlildir. Həmin gün o, uşaqlarını xəstəxanaya aparmalı idi. Bu səbəbdən də həmin vaxt polis əməkdaşları tərəfindən araşdırmanın uzun çəkəcəyini düşünüb məcburiyyət qarşısında qalaraq qəfildən avtomobili sürüb getmişdir. Bundan sonra qısa bir məsafədə polis əməkdaşları onun avtomobilini təqib edib ona saxla əmri versələr də, o, bu tələbə əməl etməyərək avtomobilini sürməyə davam etmişdir. Hazırda törətdiyi bu əməldən peşmandır. Ona görə də barəsində həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin Dövlət yol polisi bölməsinin yol-patrul xidməti inspektoru, polis baş serjantı X4 bildirdi ki, 26 yanvar 2026-cı il tarixdə saat təxminən 16:35 radələrində digər polis əməkdaşı Sahib Ağamalıyev ilə birlikdə Qobustan şəhəri, Heydər Əliyev prospekti ərazisində xidmətdə olarkən “Changan” markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün və öndə oturmuş uşağın təhlükəsizlik kəmərindən istifadə etmədiyini və sürücünün sükan arxasında mobil telefonla məşğul olduğunu görüb həmin avtomobili saxlatmış, avtomobilə yaxınlaşaraq iradlarını bildirib törətdiyi qayda pozuntularını izah etdikdə sürücü sübut təqdim olunmasını tələb etmiş, sübut təqdim edilmədiyi təqdirdə bunun onun tərəfindən hər hansı qayda pozuntusu törədilməməsini göstərdiyini bildirmişdir. Bundan sonra həmin şəxsdən sənədlərinin təqdim edilməsi tələb olunduqda o, sənədləri təqdim etməmiş, qəfildən avtomobilini hərəkət etdirərək həmin yerdən uzaqlaşmağa başlamışdır. Bundan sonra qısa bir müddət onu avtomobillə təqib edib dəfələrlə saxla əmri vermələrinə baxmayaraq, həmin şəxs avtomobili dayandırmamışdır. Ona görə də həmin avtomobildə uşaqların olmasını nəzərə alıb ağır yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün təqibi dayandırmışlar. Sonradan müəyyən olunmuşdur ki, onların qanuni tələbinə tabe olmayan şəxs Şəxsdur. Bundan sonra sözügedən məsələ sənədləşdirilərək tərəfindən raportla şöbə rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlini səmimi şəkildə etiraf etməsini, peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan 3 uşağının və onların da ikisinin əlil olmasını nəzərə alaraq onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında yol-patrul xidməti maşınının video-müşahidə kamerasının videogörüntülərini əks etdirən və protokola əlavə olunmuş disk izlənilərək tədqiq edilmiş və müəyyən olunmuşdur ki, “Changan” markalı, **-KQ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən saxlanılmış, polis əməkdaşları avtomobilə yaxınlaşaraq sürücüyə irad kimi sükan arxasında telefonla danışdığı bildirilmiş, bu zaman sürücü onlardan sübut təqdim edilməsini tələb etmiş, polis əməkdaşları avtomobilə quraşdırılmış video-müşahidə kamerasının sürücünün avtomobil idarə edərkən telefonla danışmasına dair görüntüləri qeydə alıb-almamasını yoxlamış, lakin bu cür görüntü aşkar edilməmiş, bundan sonra polis əməkdaşları sürücüyə təhlükəsizlik kəmərindən istifadə edilməməsini irad kimi bildirmiş, sürücü isə kəmərin onu sıxmasını əsas göstərərək onu açdığını, sonradan bağladığını qeyd etmiş, bundan sonra söhbət tədricən mübahisə şəklini almış, sənədləri tələb olunduqda isə sürücü sənədlərini təqdim etməkdən imtina etmiş, qəfildən avtomobilini sürərək hadisə yerindən uzaqlaşmağa başlamış, bundan sonra polis əməkdaşları qısa müddət onun avtomobilini təqib edib saxla əmri versələr də, sürücü tabe olmamış, polis əməkdaşları isə sonradan təqibi dayandırmışdır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara, həmçinin məhkəmə iclasında tədqiq edilmiş videogörüntüləri əks etdirən diskə qiymət verərək hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilərək təqsirli bilinməli, onun barəsində İXMin 535.1-ci maddəsi çərçivəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 26 yanvar 2026-cı il tarixdə Qobustan şəhəri ərazisində idarə etdiyi nəqliyyat vasitəsilə hərəkətdə olarkən onu saxlamış polis əməkdaşlarının sənədlərin təqdim edilməsi barədə tələbinə tabe olmamış, şifahi yoxlama başa çatmadan qəfildən avtomobilini idarə etməyə başlayıb həmin yerdən uzaqlaşmağa çalışmış, onu qısa müddət təqib edən polis əməkdaşlarının yenidən saxla əmrinə tabe olmamış, bununla da İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş videogörüntülərlə və şahidin bildirdikləri ilə öz təsdiqini tapır. Bu halların baş verməsini Şəxs da təsdiq etmiş və bildirmişdir ki, həqiqətən də, bu cür hərəkətlərə yol vermiş, lakin bunun səbəbi himayəsində olan əlil uşaqlarını həmin gün xəstəxanaya aparmalı olması ilə izah etmişdir. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, eləcə də, himayəsində 23 oktyabr 2009-cu il təvəllüdlü Allahverdi, 06 dekabr 2010-cu il təvəllüdlü Sənan və 13 yanvar 2014-cü il təvəllüdlü Aygün adlı uşaqlarının olmasını, həmin uşaqlardan Sənan və Aygünün sağlamlıq imkanları məhdud olan uşaqlar olmasını, həmçinin Şəxs güləş məşqçisi olmaqla, sərbəst güləş idman növü üzrə “idman ustası” dərəcəsi daşımasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır və bildirir ki, onun əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən həmin halları və onun məsuliyyətini ağırlaşdıran hal olmamasını nəzərə alaraq bildirir ki, onun barəsində inzibati həbsin tətbiq edilməsi üçün əsas yoxdur. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində İXM-in 535.1-ci maddəsi çərçivəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 535.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 02 (iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 22 (iyirmi iki) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Samir Mayılov
Məhkəmə qərarları › İş №3(5-138)-74/2026
Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-74/2026
30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver