Məhkəmə qərarları › İş №3(5-138)-90/2026

Qobustan Rayon Məhkəməsi Qərardad — İş №3(5-138)-90/2026

16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qobustan rayonu İş № 3(5-138)-90/2026 16.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, İbrahimov Vasif İrşad oğlunun katibliyi ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin X2 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxılmağa hazırlayarkən, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin X2 Şöbəsi tərəfindən Şəxs MMC barəsində 29 yanvar 2026-cı il tarixdə İXM-in 539.1-1-ci maddəsi ilə MN ******* seriya nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Əmək və Məşğulluq altsistemindən əldə edilmiş 29 yanvar 2026cı il tarixli məlumat əsasında məlum olmuşdur ki, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi barədə DƏMX-nin X2 Şöbəsinin göstərişi icra edilməmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Şəxs MMC barəsində İXM-in 539.1-1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC və protokolu tərtib etmiş orqan məhkəmə iclasında nümayəndə ilə təmsil olunmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, İXM-in 539.1-1-ci maddəsinə əsasən, əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. İXM-in qeyd edilən maddəsi ilə şəxsin inzibati məsuliyyətə cəlb oluna bilməsi üçün icrası məcburi olan sözügedən göstərişin əmək münasibətlərinin iştirakçısına çatdırılmış olması tələb olunur. Hazırda protokolu tərtib edən orqan tərəfindən 12 dekabr 2025-ci il tarixli göstəriş məktubunun Şəxs MMC-yə çatdırılmasına dair hər hansı sənəd inzibati xəta haqqında protokola əlavə edilməmiş, əlavə olunmuş çatdırılma məlumatında isə həmin məktubun 19 dekabr 2025-ci il tarixində İsmayıllı şəhərində Günel Babayeva adlı şəxsə təqdim edildiyi qeyd olunmuşdur. Lakin təqdim edilmiş sənədlərdən Günel Babayeva adlı şəxsin kimliyi müəyyən edilmir, protokolu tərtib etmiş orqan isə məhkəmə iclasında nümayəndə ilə təmsil olunmayaraq sözügedən natamamlığın aradan qaldırılması üçün şərait yaratmamışdır. Həmçinin 12 dekabr 2025-ci il tarixli məktubun çatdırılması barədə sənəddən onun Qobustan şəhərində çatdırılması cəhdinin uğursuz olması, İsmayıllı şəhərində isə çatdırılmanın uğurlu olması Günel Babayevanın barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış hüquqi şəxsin deyil, məhz İsmayıllı şəhərində yerləşən protokolu tərtib edən orqanın əməkdaşı olduğunu düşünməyə kifayət qədər əsas verir. Bundan başqa, protokolu tərtib etmiş orqan tərəfindən Şəxs MMC-nin direktoruna inzibati xəta haqqında protokolun tərtib edilməsində iştirak etməsi üçün iclasın 30 yanvar 2026-cı il tarixdə, saat 11:00-da keçiriləcəyi barədə 21 yanvar 2026-cı il tarixdə məlumat göndərilsə də, inzibati xəta haqqında protokol qeyd edilən tarixdə deyil, 29 yanvar 2026-cı il tarixdə tərtib edilmiş və protokolda bununla bağlı məlumatlandırılmamış olmasına baxmayaraq, hüquqi şəxsin nümayəndəsinin iştirak etmədiyi qeyd olunmuşdur. İXM-in 106.0.3-cü maddəsinin tələbinə görə, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı, inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyi məsələsini həll edir. İXM-in 109.1.6-cı maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hüquqi şəxs barəsində tərtib olunan inzibati xəta haqqında protokolun düzgün tərtib edilmədiyi, təqdim edilmiş materialların natamam olduğu və işə baxılarkən onların tamamlanmasının mümkün olmadığı müəyyən edilmişdir. Ona görə də məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq Şəxs barəsində İXM-in 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolun geri qaytarılması nəticəsinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində İXM-in 539.1-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin X2 Şöbəsinə geri qaytarılsın. Hakim: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar