Məhkəmə qərarları › İş №3(5-138)-93/2026

Qobustan Rayon Məhkəməsi Qərar — İş №3(5-138)-93/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qobustan rayonu İş № 3(5-138)-93/2026 05.02.2026 QOBUSTAN RAYON MƏHKƏMƏSİ Hakim Mayılov Samir İlham oğlunun sədrliyi, Rüstəmova Xədicə Abbasəli qızının katibliyi, protokolu tərtib edən Qobustan rayon Polis Şöbəsinin əməkdaşı X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakı ilə, xx xxxxxxx 2002-ci ildə Rusiya Federasiyası, Moskva şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM-in) 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair Qobustan RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qobustan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə 04 fevral 2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 04 fevral 2026-cı il tarixdə saat təxminən 15:00 radələrində bibisi oğlu X7 ilə birlikdə Qobustan şəhərində küçədə telefon vasitəsilə uca səslə danışaraq nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Nəticədə Şəxs tərəfindən İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qobustan rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Qobustan Rayon Məhkəməsinə göndərilmişdir. Protokolu tərtib edən Qobustan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X8 bildirdi ki, 04 fevral 2026-cı il tarixdə Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Vüsal Məmmədov raportla şöbə rəhbərliyinə müraciət edərək bildirmişdir ki, həmin tarixdə Qobustan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Ceyhun Sifanlı ilə Qobustan şəhərində xidmət aparan zaman 2 nəfər şəxsin küçədə telefon vasitəsilə uca səslə danışaraq nalayiq ifadələr işlətdiklərinin şahidi olmuşlar. Onlar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş, həmin şəxslərdən kim olduqlarını soruşaraq şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etmələrini istəmiş, etdikləri əməlin inzibati xəta kimi xırda xuliqanlıq olduğunu bildirmişlər. Lakin həmin şəxslər üzərlərində hər hansı bir sənəd olmadığını qeyd etmişlər. Ona görə də həmin şəxslər şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində müvafiq tədbir görülməsi üçün Qobustan RPŞ-yə dəvət olunaraq aparılmışlar. Qobustan RPŞ-də həmin şəxslərin X7 və Şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra həmin raport araşdırılması üçün onun icraatına verilmiş, o da həmin şəxslərin yazılı izahatını almışdır. Hazırda barəsində protokol tərtib edilmiş Şəxs törətdiyi əməli səmimi şəkildə etiraf etmiş, ictimai yerdə nalayiq ifadələr səsləndirmələrinin səbəbini onlara borcu olan şəxsin borcunu qaytarmayacağını bildirməsinə görə əsəbiləşmələri ilə əlaqələndirmişdir. Bundan sonra o, 04 fevral 2026-cı il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuş və onun barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 510-cu maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 04 fevral 2026-cı il tarixdə bibisi oğlu X7 ilə birgə Qobustan şəhərinə gəlmiş, qayıtmaq istədikdə isə onlara borclu olan şəxsə zəng edib borcunu verməsini tələb etmiş, həmin şəxs borcu verməyəcəyini dedikdə isə hər ikisi də əsəbiləşərək telefonda nalayiq ifadələr səsləndirmişlər. Telefonla bibisi oğlu danışmış, o isə bibisi oğlunun yanında olmuşdur. Bundan sonra polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş, törətdikləri əməlin inzibati xəta tərkibi olmasını bildirmişlər. Hazırda törətdiyi əmələ görə peşmandır və bir daha belə əmələ yol verməyəcəkdir. O, barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qobustan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı X5 ifadəsində bildirdi ki, 04 fevral 2026-cı il tarixdə Qobustan rayonu ərazisində narkomaniyaya qarşı mübarizə tədbirləri həyata keçirilən zaman rayon sakini olmayan 2 nəfər şəxsin 1 nömrəli məktəbin yaxınlığında gəzişməsi, şagirdləri və məktəbə gəlib-gedən digər şəxsləri narahat etməsi barədə məlumat daxil olmuş, məlumat əsasında digər polis əməkdaşı Ceyhun Sifanlı ilə birgə o, həmin yerə yaxınlaşaraq həmin 2 nəfəri müşahidə etməyə başlamışdır. Bu zaman onlardan birinin – X6 telefonla uca səslə danışaraq nalayiq ifadələr işlətdiyinin, yanında olan digər şəxsin – Şəxs isə jestlərlə, o cümlədən nalayiq ifadələr işlətməklə onu yönləndirdiyinin, telefonla danışarkən daha da qıcıqlandırdığının şahidi olmuşlar. Buna görə də həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmiş, törətdikləri əməlin inzibati xəta olduğunu bildirmiş, şəxsiyyət vəsiqələrini təqdim etmədiklərindən şəxsiyyətlərinin müəyyən edilməsi və barələrində tədbir görülməsi məqsədilə Qobustan RPŞ-yə gətirilmiş, bundan sonra tərəfindən raportla şöbə rəhbərliyinə müraciət olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil Şəxs əməlini səmimi şəkildə etiraf etməsinin və peşman olmasının nəzərə alınaraq, onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. İXM-in 111.3-cü maddəsinə görə, inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib etmiş şəxsi və şahidi dinləyib, Şəxs törətdiyi əməli etiraf etməsini nəzərə alıb, inzibati materiallara əlavə olunmuş Şəxs törətməsi istinad olunan inzibati xətanın əks olunduğu sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilir. Buna görə də o, İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində həmin maddə çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Belə ki, protokolu tərtib etmiş şəxsin və şahidin ifadələrindən də göründüyü kimi, bibisi oğlu X1 şəhəri ərazisində uca səslə telefonla danışarkən nalayiq ifadələr işlətdikdə Şəxs da onun yanında olmuş, o da bibisi oğlu ilə birgə bu cür hərəkətlərə yol vermiş, nəticədə ictimai qaydanı pozmuşdur. Bunu barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özü də ifadəsində təsdiq etmiş, törətdiyi bu əməli ona borclu olan şəxsin borcunu qaytarmamasına görə əsəbi olması ilə əlaqələndirmişdir. Qeyd edilənlərlə Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapır. Məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı halda Şəxs məsuliyyətini yüngülləşdirən həmin hallar onun inzibati cərimə növündə tənbeh edilməsinə imkan verir və onun barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsinə zərurət yoxdur. Həmçinin iş materiallarından da göründüyü kimi, Şəxs 04 fevral 2026-cı il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuş, bununla bağlı protokol tərtib edilmişdir. İXM-in 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, işin yuxarıda qeyd edilən hallarını, eləcə də, İXM-in 31.4-1-ci maddəsinin tələblərini, Şəxs törətdiyi əməli etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində 50 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 114.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati tənbeh vermə haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 25, 40, 43, 48-51, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. İXM-in 510-cu maddəsi ilə təqsirləndirilən Şəxs fərdi qaydada fəaliyyət göstərən Vəkil göstərdiyi 01 (bir) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 11 (on bir) manat dövlət büdcəsindən tutularaq Vəkil hesabına köçürülsün. Qərardan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qobustan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Samir Mayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar