Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-112/2026 16.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33553876 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X2 şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 inzibati tənbeh vermə haqqında qərardan şikayət ərizəsi ilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə nəzərdə tutularaq tərtib edilmiş xx.xx.2026-cı il tarixli, EQ 33553876 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməklə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2026 il tarixdə idarə etdiyi özünə məxsus Ford Transit markalı ** UL *** dövlət nömrə nişanlı avtomaşınla ünvan 1 ünvanda park etmişdir. Avtomaşınını park etmək üçün parklanma yerinə saxlamaq üçün idarə edərkən həmin anda şəkilləri çəkilib ona inzibati protokol tərtib olunmuşdur. Bu zaman ona dayanma durmaya görə cərimə gəlmişdir. Şəkillərdən də aydın görünür ki, avtomaşının dönmək üçün xəbərdaredici işıqlarıda yanılıdır. Ona SMS-xəbər gəldi ki, AR İXM-nin 346.4-cü maddəsilə nəzərdə tutulmuş inzibati xətanı (yəni 346.4. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə) törətməkdə təqsirləndirilərək BDYPİ vasitəsilə 80 manat məbləğində cərimə edilmişdir. Şəkillərə baxanda başa düşmüşdür ki, avtomaşının mühərriyi işlək vəziyyətdə özü də avtomilin içində hərəkət vəziyyətində olarkən fotoşəkillərini çəkib BDYPİ-nin Mərkəzi İnforrmasiya sisteminə ötürmüş və buna əsasən də əsassız olaraq cərimə olunmuşdur. Buna görə də DİN BDYPİ-nin X1 barəsində qəbul edilmiş qərarın surətini və çəkilmiş fotoşəkilləri götürüb məhkəməyə şikayət etmək qərarına gəlmişdir. Belə olan halda DİN BDYPİ-nin X1 gəldiyi nəticə tam əsassız və qeyriqanunidir. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdilər. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BDYPİ-nin xx.xx.2026-ci il tarixli EQ 33553876 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Məhkəməyə təqdim edilmiş foto görüntülərdə şikayətçiyə məxsus Ford Transit markalı ** UL *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması faktı öz təsdiqini tapmamışdır. Belə ki, görüntülərdən məlum olur ki, nəqliyyat vasitəsi işlək vəziyyətdədir və sürücü avtomobildədir. AR İXM 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq qeyd edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33553876 nömrəli qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1-maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33553876 nömrəli qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.1maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(5-139)-112/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-112/2026
16.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver