Məhkəmə qərarları › İş №3(5-139)-126/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-126/2026

26.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-126/2026 26.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, Quba rayon Polis Şöbəsinin DYPB-nin polis mayoru X3 tərəfindən AR İXM-nin 327.2-ci maddəsinə əsasən 18 yanvar 2026-ci il tarixli, TP ******* nömrəli qərarını qanunsuz hesab edərək, ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, 15 yanvar 2026-cı il təxminən saat 16:00 radələrində idarə etdiyi VAZ 21063 markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə Quba şəhəri, Nərimanov küçəsi ilə hərəkət etmişdir. Ə.Nərimanov küçəsində hərəkət birtərəflidir. Bir neçə gün keçdikdən sonra ona məlum olub ki, həmin Ə.Nərimanov küçəsində hərəkətdə olarkən ona 15 yanvar 2026-cı il tarixli, İXP ******* nömrəli protokol və inzibati xəta haqqında digər materiallarına əsasən AR İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində TP ******* nömrəli qərar qəbul edilmişdir. Lakin qərar ona verilməmişdir. xx.xx.2026-ci il tarixində Quba rayon Polis Şöbəsinin DYPB-ə gedərək qərarı əldə etmişdir. Həmin Qərarla razılaşmayaraq məhkəməyə müraciət etmək məcburiyyətindədir. 15 yanvar 2026-cı il tarixli AR İXM-nin 327.2 maddəsinə nəzərdə tutulmuş inzibati xəta törətmiş və barəsində TP ******* nömrəli qərara əsasən nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmişdir. Belə ki, o, təxminən 16:00 radələrində idarə etdiyi VAZ 21063 markalı avtomobili Quba şəhəri, Ə.Nərimanov küçəsi ilə hərəkətdə olmuşdur. Ə.Nərimanov küçəsində yol birtərəfli olmaqla, əks istiqamətdə hərəkət yoxdur. Belə olan halda o idarə etdiyi avtomobli necə mövcud olmayan əks istiqamətdə işarə etməklə manevr edə bilər. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, AR DİN-nin Quba Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə AR DİN-nin Quba Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2026-cı il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, DİN-nin Quba Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli, TP ******* saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X2 barəsində tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati iş, ərizədə göstərilən xüsusatlar nəzərə alınaraq yenidən araşdırılmalıdır. Həmçinin qeyd olunur ki, müvafiq orqanın səlahiyyətli nümayəndəsi tərəfindən hər hansı bir sübüt və ya video təqdim edilməmişdir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2026-cı il tarixli, TP ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba rayon Polis şöbəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar