Məhkəmə qərarları › İş №3(5-139)-13/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-13/2026

19.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-13/2026 19.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 333-1.1-ci maddələrilə tərtib olunmuş Quba RPŞ DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarından şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 şikayət ərizəsilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 329.1, 332.1 və 333-1.1-ci maddələrilə ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 30 dekabr 2025-ci il tarixdə Quba RPŞ-nin əməkdaşları tərəfindən barəsində İXP7709966 seriyalı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında TP7740665 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən qərarla Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin (İXM) 329.1, 332.1 və 333.1.1-ci maddələri ilə təqsirli bilinmişdir. Hesab edir ki, sözügedən qərar tamamilə əsassızdır və qanunsuz tərtib edildiyi üçün ləğv edilməlidir. X2 xx.xx.2026-cı il tarixində məhkəməyə yazılı müraciət təqdim edərək,müraciətdə göstərmişdir ki, 30 dekabr 2025-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma zamanı sənədləri yoxlanılmış, yalnız nəqliyyat vasitəsinə dair etibarnamənin mövcud olmadığı bildirilmişdir. Nəqliyyat vasitəsinin ona məxsus olmaması faktını qəbul edir və bu inzibati xəta üzrə tətbiq edilən cəriməni ödəməyə hazırdır. Bundan sonra polis əməkdaşları tərəfindən subyektiv narkotik sərxoşluğu şübhəsi olduğu bildirilmiş və onun razılığıyla Xaçmaz Rayon Xəstəxanasının narkoloji şöbəsinə aparılmış, həmin yerdə tətbiq olunan testin Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş rəsmi tibbi vasitələrlə aparılmasına dair ciddi şübhələri yaranmışdır, çünki testin qablaşdırılması, tətbiq üsulu və proseduru qüvvədə olan tibbi normalara uyğun olmamışdır. Testin müsbət göstərildiyi bildirildikdən sonra o qan analizi verilməsini tələb etmiş, lakin bu tələbi yerinə yetirilməmiş, əksinə götürülmüş bioloji nümunə məhv edilmişdir. Bu hal İXM-in 85 və 91-ci maddələrinə zidd olaraq, inzibati icraat aparan orqanın maddi sübutların toplanması, qorunması və laboratoriyaya təqdim edilməsi üzrə vəzifələrinin pozulmasıdır. 31 dekabr 2025-ci il tarixdə ona inzibati protokol imzalatdırılmışdır. Həmin vaxt psixoloji gərginlik və hüquqlarını tam dərk etməməyi səbəbiylə protokola imza atmışdır. Bayram günləri ilə əlaqədar dövlət laboratoriyalarının fəaliyyətsiz olmasını nəzərə alaraq, ilk iş günü - xx.xx.2026-cı il tarixdə dövlət akkreditasiyasına malik "Referans" klinikasında 12-li multitestlə müstəqil analiz vermiş və bütün nəticələr mənfi olmuşdur. Elmi baxımdan, əgər o İXM-in 333.1-ci maddəsində nəzərdə tutulan sərxoş vəziyyətdə olsaydı, narkotik maddə izləri sidikdə müəyyən müddət qalmalı idi. Bu isə müstəqil laboratoriya rəyində təsdiqini tapmamışdır. xx.xx.2026-cı il tarixdə polis orqanında ondan izahat alınmışdır. Həmin izahat daxili yoxlama məqsədilə, formal xarakter daşıyaraq tərtib edilmişdir və orada narkotik maddə ilə bağlı hər hansı etiraf, izahat və ya qəbul mövcud deyildir. Həmin sənəddə göstərilən tarix ona məxsus deyil və bu səbəbdən sənədin xəttşünaslıq və texniki ekspertiza yolu ilə araşdırılmasını zəruri hesab edir. Bu sənəd İXM-in 75-ci maddəsinə əsasən sübut kimi qəbul edilə bilməz. Bundan əlavə, təqdim olunan "razılıq ərizəsində" də narkotik maddə ilə bağlı etiraf yoxdur. Həmin ərizə yalnız icraatın aparılmasına etiraz edilməməsini ifadə edir və faktın sübutu kimi qiymətləndirilə bilməz. Polis orqanları iddia edir ki, o narkotik vasitənin təsiri altında olmuşdur. Əgər bu iddia doğru olsaydı, qanunvericiliyə əsasən sərxoş vəziyyətdə olan şəxsin təhlükəsizliyinin təmin edilməsi və ictimai əsayişin qorunması məqsədilə həmin şəxsi dərhal saxlamalı, lazımi təcrid tədbirlərini görməli idilər. Lakin polis tərəfindən o gecə vaxtı küçəyə sərbəst buraxılmışdır. Bu fakt birbaşa göstərir ki, həmin anda onun heç bir sərxoşluq əlaməti müşahidə olunmayıb və onun sərbəst buraxılmamasının təhlükəsizliyə və ictimai əsayişə heç bir təhlükə yaratmadığı polis tərəfindən də qiymətləndirilib. Buna görə də, polis tərəfindən irəli sürülən narkotik sərxoşluğu iddiası inandırıcı sübutlarla təsdiqlənməmişdir. Müraciətinin sonunda o xx.xx.2026-cı il tarixli izahatın sübut kimi qiymətləndirilməməsini, bioloji sübutların məhv edilməsi faktının hüquqi qiymətləndirilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X2 həmin müraciətdə göstərilənlərə uyğun izahat verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 329.1, 332.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 600 (altı yüz) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə –altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə bununla bağlı qeyd edir ki, AR İXM-nin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilən Məcəllənin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır, habelə 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 №-li qərarının 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Şikayət ərizəsi üzrə inzibati araşdırma aparılarkən məlum olmuşdur ki, X2 30 dekabr 2025-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılmış, avtomobil duracağa aparılmış, Ə.Bağırov narkotestr müayinəsindən keçirilmiş, onun narkotik vasitə qəbul etdiyi məlum olmuş və barəsində Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 329.1, 332.1 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 600 (altı yüz) manat cərimə cəzası tətbiq edilmişdir. Buna baxmayaraq Əbülfəz Bağırov şikayət ərizəsiylə müraciət edərək qərarın əsassız olduğunu, xx.xx.2026-cı il tarixdə dövlət akkreditasiyasına malik "Referans" klinikasında verdiyi testin nəticələrinin neqativ olduğu müəyyən edilməklə, qərarın ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, Əbülfəz Bağırov 30 dekabr 2025-ci il tarixdə barəsində tərtib olunmuş protokolu imzaladıqdan 3 (üç) təqvim günü keçdikdən sonra testin nəticələrini dəqiqləşdirmək məqsədilə klinikaya müraciət etmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 333-1.1-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* elektron qərar faktiki əsaslar olmaqla prosessual tələblərə riayət edilməklə qəbul edilmiş, habelə nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanlarının informasiya sisteminə göndərilmişdir. Beləliklə də, İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 333-1.1-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı elektron qərarın ləğv edilməsi üçün əsas olmadığından, X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin İnzibati Xətalar Məcəlləsinin 329.1, 332.1 və 333-1.1-ci maddələrinə əsasən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: İbrahim Qazıbəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar