Məhkəmə qərarları › İş №3(5-139)-144/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-144/2026

19.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-144/2026 19.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32523741 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 şikayət ərizəsilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 32523741 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X2 barəsində qəbul edilmiş EQ 32523741 nömrəli inzibati tənbehvermə haqqında qərar faktiki hallara uyğun deyildir və düzgün olmayan məlumatlar əsasında tərtib edilmişdir. Belə ki, qərarda ** BV *** dövlət qeydiyyat nişanlı “Qazel” markalı nəqliyyat vasitəsinin dayanma və ya durma qaydalarını pozması göstərilmişdir, halbuki ərizəçinin idarə etdiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ** BV ***-dir və avtomobilin markası “VAZ 21074”-dür. Bu isə qərarda göstərilən məlumatların ərizəçiyə məxsus nəqliyyat vasitəsinə aid olmadığını açıq şəkildə sübut edir; ərizəçi hesab edir ki, dövlət qeydiyyat nişanları arasında oxşarlıq səbəbindən, texniki və ya insan səhvi nəticəsində başqa şəxs tərəfindən törədilmiş inzibati xətaya görə, əsassız olaraq, onun inzibati məsuliyyətə cəlb edilməsi baş vermişdir. Ərizəçi qərarda göstərilən nəqliyyat vasitəsinin ona məxsus olmadığını və həmin inzibati xəta ilə heç bir əlaqəsinin olmadığını bildirərək, barəsində qəbul edilmiş inzibati tənbeh tətbiq edilməsi haqqında qərarın qanunsuz və əsassız hesab edilərək ləğv olunmasını, habelə onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında inzibati tənbeh tətbiq edilməsi haqqında qərardan şikayət verən şəxs X2 şikayətin məzmununa uyğun izahat verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32523741 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bortkompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xəta üzrə qərara əlavə edilmiş fotogörüntülərdən xx.xx.2025-ci il tarixdə saat 11:37də Quba şəhəri, H.Əliyev prospektində ** BV *** dövlət qeydiyyat nişanlı “Qazel” yük markalı avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayandığı, həmin görüntüdə ** BV *** dövlət qeydiyyat nişanlı “Vaz-21074” minik markalı avtomobilin görüntülənmədiyi məlum olur. Məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2025-ci il tarixində baş vermiş inzibati xətanın ** BV *** dövlət qeydiyyat nişanlı “Vaz-21074” minik markalı avtomobilin sürücüsü X2 tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, onun Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsiylə məsuliyyətə cəlb olunması əsassız sayılmalı, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32523741 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yaradır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli EQ 32523741 nömrəli inzibati tənbeh vermə haqqında qərarı İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinin tələbi nəzərə alınmaqla, ləğv edilsin və X2 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Qazıbəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar