Məhkəmə qərarları › İş №3(5-139)-165/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-165/2026

13.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-165/2026 13.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Protokolu tərtib edən X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, subay, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci, 327.2-ci və 511.1.3-cü maddələri ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ DYPB-nin Yol patrul xidməti inspektoru polis baş serjantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2026-cı il tarixdə Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci, 327.2-ci və 511.1.3-cü maddələrilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X2 protokolda qeyd olunanlara uyğun izahat verərək, bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə idarə etdiyi Vaz 21150 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxaya verərək əyləcdən istifadə etmişdir.Bu zaman manevr etmə qaydaları pozulmuş və yolun hərəkət istiqamətində fırlanmışdır. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci, 327.2-ci və 511.1.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərdiklərini nəzərə alaraq onun barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək verdiyi izahatında bildirdi ki, idarə etdiyi Vaz 21150 markalı ** BJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini arxaya verərək əyləcdən istifadə etmişdir.Bu zaman yol buz olduğuna görə manevr etmə qaydaları pozulmuş və yolun hərəkət istiqamətində fırlanmışdır. Bu işin məhkəmə tərkibli olduğunu bilmədiyini, bir daha belə hallara yol verməyəcəyini izahatında bildirmişdir. İş materiallarına Quba rayon PŞ-nin DYP bölməsi tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən görünür ki, Şəxs idarə etdiyi nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması ilə müşahidə edilən hərəkətlərə yol vermişdir. Bundan əlavə nəqliyyat vasitəsi yolda iki dəfə dövr etməklə təhlükəli manevrlər etmişdir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli İXM-nin 511.1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 322.0.2-ci maddəsinə əsasən “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32-ci maddəsinə əsasən İnzibati xəta törətməsini etiraf edib, bu xətanın törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, DİN səlahiyyətində olduğu üçün inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci və 327.2-ci maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilməlidir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2 və 327.2-ci maddəsinə baxılması Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin səlahiyyətindədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114- 115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. İnzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci 327.2-ci maddəsilə bağlı hissədə baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-yə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar