Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-18/2026 09.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Protokolu tərtib edən şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “X5 Limited” MMC-də takelajçı işləyən, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1cı maddələrilə icraatı başlanmış inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Quba Rayon Polis Şöbəsinin İTB-nın sahə rəisi X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respulikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında xx.xx.2026-cı il tarixli, MN ******* №li və ******* №-li protokollar tərtib edilərək, baxılması üçün Quba Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokollarda göstərilir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:00 radələrində Quba RPŞ-nin inzibati binasında təhqirlər səsləndirərək qanuni tələblər tabe olmamış, həmçinin polisin qanuni tələblərinə məhəl qoymayaraq, tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən Quba RPŞ-nin sahə rəisi X1 protokolda göstərilənləri təsdiq edərək, xx.xx.2026-cı il tarixdə, saat 17:00 radələrində Şəxs Quba RPŞ-nin binasında təhqiqatçının otağında ucadan nalayiq ifadələr işlətdiyini, protokolların onun tərəfindən tərtib edildiyini, protokolu raport əsasında tərtib etdiyini bildirdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilməyərək, bildirmişdir, həyat yoldaşı ilə mübahisə etmiş bununla əlaqədar izahatını almaq üçün polisə dəvət almışdır. Polis Şöbəsində heç bir qanun pozuntusu etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Quba RPŞ-nin TB-nin təhqiqatçısı X3 ifadəsində göstərmişdir ki, Şəxs həyat yoldaşı ona işgəncə verməsi və döyməsi ilə əlaqədar polisə ayrı-ayrı vaxtlarda müraciət etmiş, Şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılmış, xx.xx.2026-cı il tarixdə Quba RPŞ-nin binasında icraatında olan materialla əlaqədar onun izahatı alınan zaman Şəxs onunla aqressiv şəkildə danışaraq ucadan nalayiq ifadələr işlətmiş, onu nizam-intizama dəvət etsədə o, polisin qanuni tələbinə tabe olmamış və öz əməllərinə davam etmiş, iş rejimini pozmuşdur. Raport yazaraq onun barəsində qanuni tədbir görülməsi üçün Quba RPŞ-nin rəisinə məlumat vermişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, protokolu tərtib edən şəxsi və şahid ifadəsini dinləyib, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməlidir və onun əməli Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində xırda xuliqanlığa, yəni ictimai qaydanı pozan, fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin obyektini ictimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat sahəsində yaranan ictimai münasibətlər təşkil edir. Bu xətanın bilavasitə obyektini isə vətəndaşların ictimai yerdə olması ilə əlaqədar yaranan ictimai münasibətlər təşkil edir. Obyektiv cəhətdən xırda xuliqanlıq ictimai qaydanı pozan hərəkətlərlə törədilir. Bu inzibati xətanın subyektiv cəhəti qəsdlə, adətən düzünə qəsdlə səciyyələnir. Təqsirkar şəxs ictimai qaydanı pozduğu və cəmiyyətə hörmətsizlik göstərdiyini başa düşür və bunu arzu edir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibini təşkil edən obyekt isə müəyyən olunmuş idarəçilik qaydaları və dövlət orqanlarının (vəzifəli şəxslərinin) normal fəaliyyəti ilə bağlı yaranan ictimai münasibətlərdir. Bu inzibati xətanın bilavasitə obyekti ictimai qaydanın mühafizəsi üzrə xidməti fəaliyyətlərini icra edən polis işçisinin və ya hərbi qulluqçunun normal fəaliyyətidir. Subyektiv cəhətdən bu xəta qəsdən törədilir. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materialları ilə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinməsinə baxmayaraq, o, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkəti (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya görə işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətadan daha ciddidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində iki yüz manat məbləğində cərimə və bir ayadək müddətə inzibati həbs nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində əlli manatdan yüz manatadək miqdarda cərimə və ya on beş günədək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə təqsirli bilinib, onun barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2026-cı il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 17:50 radələrində Quba Rayon Polis Şöbəsinin İTB-nın polis sahə rəisi, polis baş leytenantı Kamran Abbasov tərəfindən inzibati qaydada tutulmuşdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112-115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsin əvvəli 09 yanvar 2026-cı il tarixdən, saat 17:50-dən hesablansın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №3(5-139)-18/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-18/2026
09.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver