Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-186/2026 05.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X3 barəsində Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixi, TP ******* nömrəli qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X3 məhkəməyə müraciət edərək, Quba RPŞ-nin DYPB tərəfindən Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixi, TP ******* nömrəli qərarının ləğv edərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08 fevral 2026-cı il tarixdə Quba Rayon Yol Patrul Xidmətinin inspektoru, polis baş serjantı X2 tərəfindən şikayətçi barəsində TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, şikayətçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iddia edilərək, ona 100 (yüz) manat məbləğində inzibati cərimə tətbiq edilmiş və sürücülük hüququ üzrə 3 (üç) cərimə balı hesablanmışdır. Şikayətçi qeyd olunan qərarla razılaşmadığını bildirir və həmin qərarın əsassız hesab etdiyini göstərir. Bu səbəbdən, hazırkı şikayətlə məhkəməyə müraciət edərək bildirir ki, onun tərəfindən hər hansı inzibati xəta törədilməmişdir. Şikayətçinin izahatına görə, o, idarə etdiyi nəqliyyat vasitəsi ilə Quba–Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisində Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən, qarşısında eyni istiqamətdə hərəkət edən boz rəngli “Lada” markalı nəqliyyat vasitəsi asta sürətlə hərəkət edən traktoru ötərək hərəkətini davam etdirmişdir. Bundan sonra şikayətçi də eyni manevri edərək traktoru ötüb yoluna davam etmişdir. Şikayətçi bildirir ki, qeyd olunan ərazidə ötməni qadağan edən hər hansı yol nişanı mövcud olmamış, yol örtüyündə də ötməni qadağan edən üfüqi nişanlanma xətti görünməmiş, həmçinin qarşı hərəkət istiqamətində hər hansı nəqliyyat vasitəsi olmamışdır. Şikayətçinin sözlərinə görə, həmin vaxt yaxınlaşan yol patrul xidməti əməkdaşları həm qarşıda hərəkət edən “Lada” markalı nəqliyyat vasitəsinə, həm də ona “saxla” əmri vermiş və hər iki sürücü nəqliyyat vasitəsini saxlamışdır. Yol patrul xidməti əməkdaşı əvvəlcə şikayətçiyə yaxınlaşaraq, onun yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. Şikayətçi isə buna etiraz edərək öz iradlarını bildirmişdir. Polis əməkdaşı isə cavab olaraq qeyd etmişdir ki, inzibati xəta haqqında protokol tərtib ediləcək və şikayətçi bununla bağlı şikayət vermək hüququndan istifadə edə bilər. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN DYPB-nin xx.xx.2026-cı il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 100 (yüz) manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” AR Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər-üfiqi nişanlanma (yolun uzununa nişanlama) xətlərinə aiddir. “Yol hərəkəti haqqında” AR Qanununa əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, xx.xx.2026-cı il tarixində saat 11:14-də Quba rayonu. Zərdabi qəsəbəsi Fizuli İsayev küçəsi ərazisində ötmə qaydalarını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmasını əks etdirən inzibati xəta hadisəsinin baş verdiyini və “Changan Nevo Q05 Plus-İn Hibrid” minik markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar təqdim edilməmişdir. “Changan Nevo Q05 Plus-İn Hibrid” minik markalı, **-YU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarının pozulmasına və qanunun tələbinə riayət etməməsinə dair xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar sübut kimi qərara əlavə olunmamışdır. Halbuki, Azərbaycan Respublikasının İXM-nin 122.3.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərarda bu Məcəllənin 115.1-ci maddəsində nəzərdə tutulanlarla yanaşı inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə edilməklə) göstərilir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.1-ci maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması və 135.1.6-cı maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunan hallar barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə Azərbaycan Respublikası DİN Quba RPŞ -nin xx.xx.2026-cı il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nin xx.xx.2026-cı il tarixi, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ DYPB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim Qazıbəyov
Məhkəmə qərarları › İş №3(5-139)-186/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-186/2026
05.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver