Məhkəmə qərarları › İş №3(5-139)-201/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-201/2026

20.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-201/2026 20.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, iş üzrə tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, müdafiəçi Quba rayon Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx.xx.1992-ci ildə Quba rayonu, Zərqava kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Fin: xxxxxxx, orta təhsilli, evli, işsiz, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(027)-1266/2022 saylı icra sənədinin tələblərini icra etməmiş, habelə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolu tərtib etmiş icra məmuru X2 tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1266/2022 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulmalı və tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş və qanunvericiliyə uyğun qaydada icraata başlanılmış, həmçinin icra tələbinin könüllü qaydada yerinə yetirilməsi barədə borcluya rəsmi bildiriş göndərilmişdir. Lakin borclu icra sənədinin tələblərini yalnız qismən icra etmişdir. İcra sənədinin məcburi icrası məqsədilə borclunun əmlak və gəlir mənbələrinin müəyyən edilməsi üçün onun bank hesabları, digər gəlir yerləri, daşınar və daşınmaz əmlaklarının mövcudluğu barədə aidiyyəti banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorğular göndərilmiş, lakin aparılmış axtarış tədbirləri nəticəsiz qalmışdır. Hazırda borclu tərəfindən ümumilikdə 1.175 (bir min yüz yetmiş beş) manat ödəniş edilmiş, icra sənədi üzrə qalıq borc məbləği isə 6648 (altı min altı yüz qırx səkkiz) manat təşkil edir. Məhkəmə iclasında icra məmuru Nürəddin Əmrullayev arayışda göstərilən halları təsdiq edərək izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilmiş və izahatında göstərmişdir ki, məhkəmə qətnaməsindən məlumatlıdır, aliment borcunun mövcudluğunu etiraf edir, lakin maddi vəziyyətinin ağır olması səbəbindən borcu tam şəkildə ödəmək imkanına malik deyil. Bildirmişdir ki, səhhəti ilə əlaqədar işləyə bilməmiş, əlavə gəlir mənbəyi yoxdur. 600 (altı yüz) manat borc alaraq məhkəməyə gəldiyini və həmin məbləği ödəməyə hazır olduğunu, daha artıq məbləği ödəmək imkanının olmadığını göstərmiş, ailə vəziyyətinin nəzərə alınaraq barəsində daha yüngül inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahatında borclunun aliment öhdəliyini yerinə yetirməkdən yayındığını, 600 manat məbləğində qismən ödənişlə razılaşmadığını və borcun tam ödənilməsini tələb etdiyini bildirmişdir. X3 borclunun etirafını və 600 manat məbləğində ödəniş etmək istəyini nəzərə alıb, ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2 (027)-1266/2022 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2014-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 07 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan “İcraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (027)-1266/2022 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə icra məmuru Nürəddin Əmrullayevin icraatına daxil olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrasını təmin etmək məqsədilə Şəxs bildiriş göndərilmiş, Şəxs xx.xx.2023-cü il tarixində bildirişi imza edərək şəxsən qəbul etmişdir. Məhkəmədə işə əlavə edilmiş qərarlardan da müəyyən edilmişdir ki, borclu hazırki icra sənədi üzrə tələbi heç bir üzrlü səbəb olmadan təmin etmədiyinə görə, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(027)-289/2023 saylı qərarına əsasən, 10 (on) gün müddətində inzibati qaydada həbs tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri icra sənədləri üzrə tələbin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qeyd edilən icra sənədinin icrası ilə əlaqədar Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, dəfələrlə icra şöbəsinə dəvət edilməsinə baxmayaraq, o icra sənədini icra etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli inzibati xəta törətmiş şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 20 fevral 2026-cı il, saat 12:50-dən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin, barəsində 20 (iyirmi) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 20 fevral 2026-cı il, saat 12:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Quba rayon Vəkil Bürosunun vəkili X7 tərəfindən Şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsilə bağlı 06 (altı) manat dövlət büdcəsindən tutulub Quba rayon Vəkil Bürosunun hesabına keçirilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İbrahim Qazıbəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar