Məhkəmə qərarları › İş №3(5-139)-213/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-213/2026

02.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-213/2026 02.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33674670 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X2 şikayət ərizəsilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ 33674670 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X1 mülkiyyətində və istifadəsində olan, **-FE-*** dövlət qeydiyyat nişanlı Opel Astra markalı minik avtomobili ilə 04 fevral 2026-cı il tarixdə saat 16:15 radələrində Quba şəhəri, T.Əhmədov küçəsi ilə hərəkətdə olmuş, nəqliyyat vasitəsini tərk etməmişdir. Buna baxmayaraq, 04 fevral 2026-cı il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi əsası ilə barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Ərizəçi qeyd olunan qərarla razılaşmadığını bildirərək göstərmişdir ki, hadisə baş verdiyi iddia edilən vaxtda Quba şəhəri, T.Əhmədov küçəsində hərəkətdə olmuş, nəqliyyat vasitəsini tərk etməmiş, dayanma və durma qaydalarını pozmamışdır. Bu səbəbdən, inzibati tənbeh haqqında qərarın qanunsuz və əsassız olduğunu hesab edir və həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. Ərizəyə əlavə edilmiş hadisə yerində çəkilmiş fotoşəkillərdən görünür ki, ərizəçi nəqliyyat vasitəsini tərk etməmişdir. Məhkəmə iclasında ərizəçi X2 izahatında göstərmişdir ki, o, Quba şəhəri, T.Əhmədov küçəsində yerləşən mağazanın qarşısında nəqliyyat vasitəsini qısa müddətə saxlamış, mağazadan un məhsulu almışdır. Alınmış məhsul nəqliyyat vasitəsinə yerləşdirilmiş, ödəniş edildikdən dərhal sonra ərazi tərk edilmişdir. Qeyd olunan proses bir neçə saniyə ərzində baş vermişdir. Həmin vaxt nəqliyyat vasitəsinin arxa tərəfdən fotoşəkli çəkilmişdir. Ərizəçi hesab edir ki, inzibati tənbeh tətbiq etmə haqqında qərar faktiki hallara və mövcud sübutlara uyğun deyil, əsassızdır və ləğv edilməlidir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta haqqında materialı tədqiq edərək hesab edir ki, sözügedən qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33674670 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq, dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən: Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İş materiallarına əlavə olunmuş inzibati xəta üzrə xüsusi texniki vasitələrlə çəkilən fotogörüntüdən müəyyən olunur ki, **-FE-*** dövlət qeydiyyat nişanlı “Opel Astra” minik markalı nəqliyyat vasitəsi xx.xx.2026-cı il tarixində Quba şəhəri T.Əhmədov küçəsi yolun hərəkət hissəsinin sonrakı cərgəsində dayanmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33674670 saylı qərar faktiki və hüquqi əsaslar olmaqla, prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X1 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2026-cı il tarixli EQ 33674670 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Qazıbəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar