Məhkəmə qərarları › İş №3(5-139)-236/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-236/2026

04.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-236/2026 04.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs Əlibala oğlunun Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Quba şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə Quba rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi Daxil olmuş xx.xx.2026-cı il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs Quba Regional ASAN Xidmət Mərkəzində Notariat Ofisinin 8i-2235 saylı xx.xx.2025-ci il tarixli icra qeydini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Protokola əlavə edilmiş arayışda göstərilmişdir ki, Quba regional "Asan Xidmət" mərkəzində Notariat Ofisinin i8-2235 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 17025 manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədləri şöbənin icraatına xx.xx.2025-ci il tarixlərdə daxil olmuş və qanuna müvafiq qaydada icraata başlanılmışdır. Eyni zamanda tələbin icrası barədə borcluya rəsmi məlumat verilmişdir. Lakin, borclu icra sənədləri üzrə tələbi qismən təmin edilmişdir. Ona görə də tələbin borclunun əmlakına və gəlir yerlərinə yönəldilməsi məqsədi ilə borclunun bank hesabları, digər gəlir yerləri, daşınar-daşınmaz əmlaklarının olub- olmaması barədə aidiyyəti üzrə banklara, kredit təşkilatlarına və dövlət orqanlarına sorgular göndərilmişdir. Borclunun gəlir yerlərinin və əmlaklarının axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Hazırda borclu Şəxs bu vaxta qədər 3500 manat ödəniş etmişdir. Hal-hazırda icra sənədi üzrə borcu 13525 manat təşkil edir. Məhkəmə iclasında X2 izahatında protokolu müdafiə edərək, şəxsin ümumilikdə 3500 manat məbləğində ödəniş etdiyini, 13525 manat məbləğində borcunun mövcud olmasını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, pulu ödəməyə imkanı yoxdur. Öncədən hər ay maaşından tutulurdu. Lakin hal-hazırda işləmir. İmkanı düzələn kimi yenidən ödənişləri həyata keçirəcəyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Əlibala oğlunun şəxsin vaxtlı-vaxtında ödəniş həyata keçirmədiyini, barəsində qanunamüvafiq tədbirlərin həyata keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs icra sənədindəki tələbi üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə və icra məmurunun məhkəmə qərarlarının icrası ilə əlaqədar digər qanuni tələbləri yerinə yetirməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətmişdir. Onun əməli düzgün olaraq həmin maddə ilə tövsif olunmuşdur. Şəxs əməlinin inzibati xəta olmasını aradan qaldıran hallar və inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Quba regional "Asan Xidmət" mərkəzində Notariat Ofisinin 18-2235 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs cəmi 17025 manat tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. xx.xx.2025-ci il tarixdə Quba regional "Asan Xidmət" mərkəzində Notariat Ofisinin 18- 2235 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə Quba regional "Asan Xidmət" mərkəzində Notariat Ofisinin 18- 2235 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsi üzrə Şəxs tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. xx.xx.2026-cı il tarixdə Quba rayon İcra və Probasiya şöbəsi tərəfindən borclunun axtarışı haqqında qərar qəbul edilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarına əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Həmin Qərarda göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə hesab edir ki, hazırki vaxtadək borclu Şəxs hərəkətləri icra sənədləri üzrə tələblərinin icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Şəxs hal-hazırda icra sənədi üzrə borc məbləği 13525 manat təşkil edir. Bundan əlavə sözügedən şəxsə məhkəmə tərəfindən vaxt verilməklə, iclas təxirə salınmasına baxmayaraq hər hansı bir ödəniş həyata keçirilməmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olunması baxımından daha məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Azərbaycan Respublikası İXM-nin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1, 114-115-ci və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 04 mart 2026-cı il, saat 16:45-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar