Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-268/2026 16.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Şikayət verən X5 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X8 şikayət ərizəsilə müraciət edərək, barəsində Quba rayon yol patrul xidməti inspektoru Polis Baş X1 tərəfindən tərtib edilən İXM-nin 342.2.2 - ci maddəsi üzrə ilə tərtib edilmiş əsasız protokolu nəzərə alaraq protokolu əsassız sayılaraq TP7786793 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 xx.xx.2026-cı il tarixdə saat təxminən 19:43 radələrində Quba rayonunun Qraçay kəndindən Quba şəhəri istiqamətində özünə məxsus “Range Rover” markalı, dövlət qeydiyyat nişanı **-NC-*** olan nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Quba şəhərində “ASAN xidmət” mərkəzinin qarşısında yolun kənarında dayanmış yol patrul xidməti əməkdaşı tərəfindən “saxla” işarəsi verilərək saxlanılmışdır. O, dərhal nəqliyyat vasitəsini saxlayaraq avtomobildən düşmüş və polis əməkdaşına yaxınlaşmışdır. Polis əməkdaşı ona nəqliyyat vasitəsində konstruksiya dəyişikliklərinin olduğunu bildirərək avtomobilin duracağa aparılmalı olduğunu qeyd etmişdir. Bundan sonra onlar birlikdə nəqliyyat vasitəsinin saxlanıldığı duracağa getmişlər. Duracaqda nəqliyyat vasitəsi təhvil alındıqdan sonra, X8 polis əməkdaşları ilə birlikdə Quba Rayon Polis Şöbəsinə aparılmışdır. Polis şöbəsində o, polis mayoru Sərrafi adlı əməkdaşa nəqliyyat vasitəsində heç bir normativ konstruksiya dəyişikliyinin olmadığını bildirmişdir. Lakin polis mayoru Sərrafi ona “pulun varsa danışaq, yoxdursa səninlə danışmağa ehtiyac yoxdur” məzmununda ifadə işlədərək otağına daxil olmuşdur. Bundan sonra X8 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək baş vermiş hadisə ilə bağlı şikayət etmişdir. Həmin günün gec olması ilə əlaqədar evinə qayıtmışdır. xx.xx.2026-cı il tarixdə o, yenidən DYPİ-yə müraciət etmiş, həmin polis əməkdaşı ona nəqliyyat vasitəsini heç bir ödəniş tələb olunmadan apara biləcəyini bildirmişdir. O, polis əməkdaşına nəqliyyat vasitəsində normativ dəyişikliklər olmadığı halda avtomobilin niyə bir gün müddətində duracaqda saxlanıldığını soruşsa da, polis əməkdaşı bu suala cavab verməmiş və sadəcə olaraq avtomobili götürərək getməsini bildirmişdir. Ərizəçi qeyd edir ki, əgər nəqliyyat vasitəsində normativ konstruksiya dəyişiklikləri mövcud idisə, bu dəyişikliklər aradan qaldırılmadan avtomobilin duracaqdan buraxılması qanunauyğun hesab edilə bilməz. Polis əməkdaşları bu məsələyə də aydınlıq gətirməmiş, ona məhkəməyə müraciət edə biləcəyini bildirmişlər. X8 hesab edir ki, idarə etdiyi nəqliyyat vasitəsində hər hansı normativ konstruksiya dəyişikliyi olmamış, avtomobil texniki baxışdan keçmişdir və onun nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi qanunsuz olmuşdur. O, baş verənləri DİN-in “102” xidmətinə etdiyi müraciətdən sonra polis əməkdaşlarının qanunsuz hərəkətlərinin üzə çıxması ilə əlaqələndirmişdir.Bununla yanaşı, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin iş üzrə yekun qərar qəbul edilməmiş, yalnız protokol təqdim edilərək sərbəst buraxılmışdır. Ərizəçi bildirir ki, o, polis serjantı X4 öz etirazlarını bildirsə də, sonuncu buna məhəl qoymadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında şikayət verən X8 ərizədə göstərilən halları təsdiq edərək izahat vermiş və qeyd etmişdir ki, idarə etdiyi nəqliyyat vasitəsində heç bir konstruksiya dəyişikliyi aparılmamış, avtomobil texniki baxışdan keçmişdir. Buna baxmayaraq, nəqliyyat vasitəsi, əsassız olaraq, bir gün müddətində duracaqda saxlanılmış və sonradan əvvəlki vəziyyətdə ona qaytarılmışdır. O, qəbul edilmiş qərarı əsassız hesab edərək həmin qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Quba RPŞ-nin DYPB-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin DYPB-nin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 150 (yüz əlli) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən, normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə; görə sürücülər yüz əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 98-ci maddəsinə əsasən tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir. Göründüyü kimi, Quba RPŞ-nin DYPB-nin əməkdaşları X6 məxsus “Ranger Rover” minik markalı dövlət qeydiyatı ** NC *** dövlət qeydiyyat nişanlı avtomobili normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsi əsası ilə (akt tərtib edilmədən) duracağa aparılmış, avtomobil bir gün duracaqda saxlandıqdan sonra hər hansı nasazlıq aradan qaldırılmadan və buna görə xidmət haqqı alınmadan avtomobil X6 qaytarılmışdır. Beləliklə, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X8 barəsində Azərbaycan Respublikası İXM-nın 342.2.2-ci maddəsi ilə tərtib edilmiş Azərbaycan Respublikası DİN Quba RPŞ-nin DYPB-nin xx.xx.2026-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş iş yenidən araşdırılması üçün Quba RPŞ-nə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Qazıbəyov
Məhkəmə qərarları › İş №3(5-139)-268/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-268/2026
16.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver