Məhkəmə qərarları › İş №3(5-139)-282/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-282/2026

13.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-282/2026 13.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Şikayət verən X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ 33992829 saylı qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: X4 DİN BDYPİ-nin İnzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ 33992829 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o idarə etdiyi **-QR-*** dövlət qeydiyyat nişanlı, "X6" markalı avtomobillə hərəkətdə olarkən, İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsini (təhlükəsizlik kəmərindən istifadə etməmə) pozduğu iddiası ilə barəsində xx.xx.2026 tarixli, EQ33992829 nömrəli elektron qərar tərtib edilmişdir. Həmin qərar üzrə cərimə əsassızdır və ləğv edilməlidir. Qərarda qeyd olunan vaxtda o təhlükəsizlik kəmərindən qaydalara uyğun şəkildə istifadə etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs, X3 izahatında bildirmişdir ki, barəsində tərtib edilmiş qərar qanunsuz və əsassızdır, belə ki, tərtib edilmiş qərara əsasən, görüntü düzgün texniki vasitələrdən istifadə olunmadan tərtib edilmiş, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edilməmiş, heç bir texniki göstərici barədə məlumat əks olunmamışdır. İşə baxılmasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN BDYPİ-nə, həmçinin Quba RPŞ-nə məlumat verilsə də, BDYPİ və Quba RPŞ nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ 33992829 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin olunmalı, inzibati tənbeh haqqnda qərar ləğv edilməli və inzibati iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM 329.1-ci maddəsinə əsasən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar inzibati xəta haqqında protokolda göstərilməlidir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1, 327.5, 328. 329.1, 329.2, 330, 339.1-1. 346.3, 346-1.1, 346-1.5. 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron tormada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində. "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İnzibati xəta haqqında qərardan və inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitələrlə əldə edilən məlumatlar (inzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto materialdan göründüyü kimi, inzibati xəta xüsusi texniki vasitələrdən istifadə olunmaqla aşkar edilsə də, xüsusi texniki vasitənin göstəriciləri, yəni xüsusi texniki vasitənin tipi, markası, modeli, inzibati xəta haqqında protokolda və görüntünü əks etdirən foto materialda qeyd olunmamışdır. Bundan başqa da, sürücünün görüntüləndiyi foto materialda onun təhlükəsizlik kəmərindən istifadə etdiyini nisbətən müəyyən etmək mümkün olur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi əsasları müəyyən olunmadığından, şikayət həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 131, 134.1.4 və 135.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ-nin inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ 33992829 saylı qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqan - Daxili İşlər Nazirliyi BDYPİ -nə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İbrahim Qazıbəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar