Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-29/2026 13.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Protokolu tərtib edən X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2007-cı ildə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN: xxxxxxx, orta təhsilli, subay, Quba rayonu, İİ Nügədi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə Quba Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba RPŞ DYPB-nin Yol patrul xidməti isnpektoru polis baş serjantı X2 tərəfindən Şəxs barəsində xx.xx.2026-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsi ilə inzibati xəta haqqında İXP ******* №-li protokol tərtib edilərək, baxılması üçün Quba rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə protokol tərtib etmiş şəxs X2 protokolda qeyd olunanlara uyğun izahat verərək, bildirmişdir ki, Şəxs xx.xx.2026-cı il tarixdə saat 07:30 radələrində idarə etdiyi Vaz 21099 markalı H170CH05 dövlət qeydiyyat nişanlı avtomobillə əsgər yola salma mərasimində əsgər avtobusunu müşayiət edərkən güzgü güzgüyə vurmuş və yüksək sürətlə idarə etdiyi avtomobildə sağ-sol manevr hərəkətləri edərək avtoxuliqanlıq etmişdir. Həmin görüntülər sosial şəbəkə paylaşılmışdır.Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərdiklərini nəzərə alaraq onun barəsində inzibati qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək verdiyi izahatında bildirdi ki, xx.xx.2026-cı il tarixdə saat 07:30 radələrində idarə etdiyi Vaz 21099 markalı H170CH05 dövlət qeydiyyat nişanlı avtomobillə əsgər yola salma mərasimində əsgər avtobusunu müşayət edərkən güzgü güzgüyə vurmuş və yüksək sürətlə idarə etdiyi avtomobildə sağ-sol manevr hərəkətləri edərək avtoxuliqanlıq etmişdir. Həmin görüntülərin sosial şəbəkədə kim tərəfindən paylaşılmağı barəsində məlumatı yoxdur.İfadəsininin sonunda əməlindən peşman olduğunu və bir daha belə hallara yol verməyəcəyinə dair söz verir. İş materiallarına Quba rayon PŞ-nin DYP bölməsi tərəfindən təqdim edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Şəxs idarə etdiyi avtomobillə digər nəqliyyat vasitəsinin sürücü ilə yolu tutaraq və digər nəqliyyət vasitələrinə maneə törədərək öncə paralel gedir, daha sonra sürət yarışı edir. Bundan əlavə sözügedən şəxsin digər şəxsə məxsus nəqliyyat vasitələrinin güzgülərini bir-birinə vurması müşahidə edilir. Məhkəmə protokol tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməlidir, həmçinin onun əməli İXM-nin 511.1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 511.1.1-ci maddəsinə əsasən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. AR İXM-in 32-ci maddəsinə əsasən İnzibati xəta törətməsini etiraf edib, bu xətanın törətməsindən səmimi peşmançılıq çəkməsini Şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsilə təqsirli bilinib, nəqliyyat vasitələrini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 112, 113, 114- 115, 117, 125-126, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsilə təqsirli bilinsin və nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(5-139)-29/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-29/2026
13.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver