Məhkəmə qərarları › İş №3(5-139)-43/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-43/2026

05.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-43/2026 05.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 xx.xx.2025-ci il tarixli, EQ 32185478 saylı qərardan verdiyi şikayətə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, inzibati tənbeh vermə haqqında EQ 32185478 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, inzibati tənbeh vermə haqqında MN EQ32185478 nömrəli xx.xx.2025 -ci il tarixli qərara əsasən o, AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Qərarın surəti ona rəsmi qaydada xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Halbuki o xx.xx.2025-ci il tarixində şikayət etmiş və 15 iş günü ərzində cavab verilməli olduğuna baxmayaraq 21-ci iş günündə qərar ona göndərilmişdir. Hesab edir ki, həmin qərar tamamilə əsassız və qanunsuzdur, buna görə də ləğv edilməlidir. Barəsində çıxarılmış qərarda heç bir sübut və işi mahiyyəti üzrə həll edə biləcək əsaslar qeyd edilməmişdir. İnzibati qərarda o, Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsi ilə təqsirləndirilsə də, onun sola dönmə etdiyi yer 1.6 qırıq-qırıq nişanlanma xəttidir. O, şikayət etdiyi ərizədə inzibati protokolun əsassız olduğunu fotolarla təsdiqləsə də, yol polisi faktın isbat olunduğunu qərarda göstərməmiş, habelə xətanı əsaslandıran heç bir sübut qeyd edilməmişdir. Göründüyü kimi, nə protokolda, nə də inzibati tənbeh qərarında belə bir əsaslandırma yoxdur, ümumiyyətlə, inzibati xəta hadisəsinin olmasına, hətta, belə hadisənin olduğu təqdirdə, təqsirli hesab edilən şəxsin təqsirinin nədə ifadə olunmasına dair hər hansı bir sübut faktoru mövcud deyildir. İnzibati xəta hadisəsinin mövcudluğu və onun təqsirli olmağını sübut etmək vəzifəsi birmənalı olaraq inzibati xətaya dair icraat aparmış səlahiyyətli şəxsin vəzifəsidir. O, özünün təqsirsiz olduğunu sübut etməyə borclu deyil. Hazırki iş üzrə inzibati qərar eyni orqanın vəzifəli şəxsi tərəfindən tərtib olunmuş protokolda göstərilənlər əsasında çıxarılmışdır. Yəni, inzibati qərarın mənbəyi tərtib olunmuş inzibati xəta haqqında protokoldur və inzibati xəta protokolu qanunsuz sübutlara əsaslanmışdır. Barəsində qəbul olunmuş qərarın qanuniliyindən söhbət gedə bilməz, bu qərarın qanunauyğunluğu onu qəbul etmiş səlahiyyətli şəxs tərəfindən əsaslandırılmamış, hazırki işdə də sübut olunmamışdır. Azərbaycan Respublikasının İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan bu və ya digər inzibati xəta hadisəsi baş vermədiyi, aşkar olunmuş əməllərdə inzibati xəta tərkibi olmadığı halda, barəsində protokol tərtib olunması, onun əsasında elə həmin gün inzibati xəta haqqında qərarın qəbul edilməsi qanunsuz və əsassızdır. Çünki ehtimal olunan inzibati xətanın nədən ibarət olması izah edilmir və səlahiyyətli orqan tərəfindən əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasına görə Azərbaycan dövləti hüquqi dövlət olmaqla Respublikada hüququn aliliyi təmin olunmuşdur. İnzibati xəta haqqında protokol və qərar qəbul etmiş səlahiyyətli şəxslər isə qanunun aliliyini pozmuşlar, öz qərəzli niyyətləri ilə qanunsuz hərəkətlər etmişlər. Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək, təmin olunmasını xahiş etdi. Bildirir ki, fotoşəkildə görünən və nəqliyyat vasitəsinin üzərində olduğu xətt düz xətt deyil və bununla bağlı həmin ərazidən olan fotoşəkilləri təqdim edir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, AR DİN-nin Baş X4i İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə təxirə salmaq barədə onlardan hər hansı vəsatət daxil olmamışdır. Ona görə də, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən hazırki şikayətə AR DİN-nin Baş X4i İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli EQ 32185478 saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinib, 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması, inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətlərə və ya protestə baxarkən məhkəmə, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edir. Məhkəmə təhqiqatı zamanı müəyyən olunmuşdur ki, DİN-nin BDYPİ-nin əməkdaşı tərəfindən X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 32185478 saylı elektron qərar qəbul edilmiş və həmin qərara əsasən 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, X2 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ 32185478 saylı “İnzibati tənbeh vermə haqqında” elektron qərar ləğv edilməli və inzibati iş, ərizədə göstərilən xüsusatlar və təqdim olunmuş fotoşəkillər nəzərə alınaraq yenidən araşdırılmalıdır. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 114, 128-131 və 134.1.4 və 135.1.6-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ 32185478 saylı “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinə göndərilsin. Qərardan 10 gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar