Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-61/2026 02.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Şikayət verən X4, Quba RPŞ-nin YPX-nin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33429284 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X6 şikayət ərizəsilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ 33429284 nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, barəmdə xx.xx.2026-cı il tarixində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə elektron qərar qəbul edilmiş və 80 manat məbləğində inzibati cərimə tətbiq olunmuşdur. Lakin o bu qərarla razı deyil və aşağıdakı səbəblərə görə onun ləğvini və icraata xitam verilməsini xahiş edir. Hadisə baş verən zaman o avtomobildən çıxmamış;. Avtomobil işlək vəziyyətində olub. Avtomobilin əyləc işıqları işlək vəziyyətdə olub. Həmçinin, hadisə ilə bağlı yalnız üç şəkil mövcuddur və bu şəkillərdə də aydın şəkildə görünür ki, o avtomobildə sükan arxasında olub və avtomobil hərəkətə hazır vəziyyətdədir. Videoyazı mövcud olmayıb, yalnız şəkillər əsasında qərar verilib. Bu səbəblərə görə, əməli obyektiv qiymətləndirilməyib və o yol hərəkəti qaydalarını pozmayıb. Qərar əsassız olduğuna görə DİN BDYPİ -nin X2, xx.xx.2026-cı il tarixli EQ 33429284 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə iclasında şikayət verən X6 ərizənin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o taksi sürücüsü kimi fəaliyyət göstərir, köhnə avtovağzalın ərazisində dayanıb sərnişin düşürdüb, sonra da ordan uzaqlaşıb. Əvvəllər də orda saxlayıb sərnişin düşürdüb, heç vaxt belə halla üzləşməyib. Yeni qaydalara görə orda saxlamağa icazə verilmədiyini bilməyib, bilsəydi avtovağzalın içəri hissəsinə avtomobili sürərdi. Hesab edir ki, qərar əsassızdır və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Quba RPŞ-nin YPX-nin nümayəndəsi X3 izahatında bildirdi ki, İnzibati xəta şəhərin köhnə avtovağzal ərazisində baş verib. Həmin ərazi hərəkətin sıx olduğu yerdir. Dəfələrlə həmin ərazidə sürücülərə inzibati xəta haqqında protokollar tərtib olunub, dəfələrlə şifahi xəbərdarlıq olunublar, lakin bu tələblərə əməl etmirlər, digər avtomobillərin hərəkətinə mane yaradırlar. Rəhman Melikov taksi sürücüsüdür, ona da xəbərdarlıq olunub, buna baxmayaraq o xəbərdarlıqlardan nəticə çıxarmamış, yenə də eyni qaydada dayanma-durma haqqında yol hərəkəti qaydalarını pozaraq inzibati xətanı törətmiş və barəsində elektron qaydada qərar qəbul edilmişdir. Şikayətin təmin edilməməsini və R.Melikov barəsində tədbir görülməsini xahiş edir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33429284 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 124.6-cı maddəsinə əsasən, bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən: yollarda yol hərəkətinin qaydaları və şəraiti barədə müəyyən məlumat saxlayan və yol hərəkətini nizamlayan əsas vasitələrdən biri yol nişanlarıdır (4 saylı Əlavə). Qeyd edilən Qanunun İİ-ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Həmin Qanununun 52-ci maddəsinin 1-ci bəndinə əsasən: Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. İş materiallarına əlavə olunmuş inzibati xəta üzrə xüsusi texniki vasitə məlumatından müəyyən olunmuşdur ki, Quba şəhəri, köhnə avtovağzal ərazisində “Vaz 21074” minik markalı **- BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin sonrakı cərgəsində dayanmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə tərtib edilmiş xx.xx.2026-cı il tarixli EQ 33429284 saylı qərar faktiki əsaslar olmaqla, prosessual tələblərə riayət edilməklə qəbul edildiyindən, həmin qərarın ləğv edilməsi barədə X4 şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1, 131-134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ 33429284 saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Qazıbəyov
Məhkəmə qərarları › İş №3(5-139)-61/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-61/2026
02.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver