Məhkəmə qərarları › İş №3(5-139)-62/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-62/2026

10.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-62/2026 10.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN Quba RPŞ-nin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası DİN Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilib barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə saat 10:30 radlərində X6 Xan küçəsi ilə hərəkətdə olarkən yol tamamilə buz örtüklü ən aşağı sürətlə hərəkət edərkən Raşbil Zaxaryayevic küçəsindən qəfildən qarşısına 77NH870 Mercedes markalı avtomabil çıxır. Həmin avtomobil yolun sol tərəfi ilə çıxıb qəza şəraiti yaratmışdır. Əgər o öz yolu ilə yəni sağ tərəflə qarşısına çıxmış olsaydı bu hadisə də baş verməzdi. Yer də ki, qar yox buz şəraitində idi. Əgər o sağ zolaqla hərəkət etsəydi hadisə də baş verməzdi. Ramiz Salmanov qeyd edir ki, həmin ərazidə 10 metrdən tini görmək olur. Həmin avtomobil həmin yerə 6-7 metr qalmış qəfil qabağısına çıxmışdır. Demək olar ki ən aşağı sürətlə onun idarə etdiyi maşın sürüşərək dəymişdir. Şəkillərdə və kamera görüntülərində tamamilə aydın şəkildə görünür. İzahatının sonunda Ramiz Salmanov barəsində olan inzibati işin ictaatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən şəxs X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası DİN Quba RPŞ-yə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Quba RPŞ -nin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat cərimə cəzası tətbiq edilmişdir. AR İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- 100 (yüz) manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 2ci bəndinə əsasən yol nişanları 7 nişan qrupundan ibarətdir: xəbərdarlıq, üstünlük, qadağan, məcburi hərəkət istiqaməti, məlumatverici-göstərici, servis, əlavə məlumat (lövhəciklər). Yolun nişanlanması nəqliyyat axınının qaydaya salınmasına və yolun buraxıcılıq qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Bu nişanlanmalar yol hərəkət qaydalarını müəyyənləşdirir, yolun istiqamətini və ya yol qurğularının ölçülərini bildirir. Yolun nişanlanmasına yolun hərəkət hissəsinə, yolun və yol qurğularının digər elementlərinə çəkilən xətlər, yazılar aiddir. Yolun nişanlanmasının iki forması var: üfüqi və şaquli. Üfüqi nişanlanmaya yolun hərəkət hissəsinə çəkilən xətlər, yazılar aiddir. Nişanlanmaların nömrəsi olur. Nömrədəki 1-ci rəqəm nişanlanmanın qrupunu, 2-ci rəqəm nişanlanmanın qrupdakı sıra nömrəsini, əgər bu nişanlanmadan bir ədəd deyilsə və onlar mənasına görə bir-birinə çox yaxındırsa 3-cü rəqəm nişanlanmanın həmin növünün nömrəsini göstərir Həmin Qanunun 1-ci maddəsinə əsasən baş yol — kəsişən (bitişən) yola nisbətən müvafiq nişanlarla işarələnmiş yol və ya torpaq yola nisbətən bərk örtüyü olan (asfalt və ya sement-beton, daş materialları və s.) yol, yaxud bitişik ərazilərdən çıxışlara nisbətən hər hansı yoldur (ikinci dərəcəli yolda yolayrıcı qarşısında örtüklü sahənin olması, onu əhəmiyyətcə kəsişdiyi yola bərabər etmir); Qanunun 77-ci maddəsinə əsasən eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsü sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməlidir. Həmin Qanun 77-ci maddəsinin İ bəndinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında nəqliyyat vasitəsinin sürücüsü ilkin olaraq sağdan yaxınlaşan nəqliyyat vasitəsinə yol verməlidir. Hazırda şikayətçi iddia edir ki, onun hərəkət etdiyi yol baş yoldur. Lakin qeyd edilməlidir ki, məhkəməyə təqdim edilmiş videogörüntülərdə şikayətçinin hərəkət etdiyi yolun baş yol, yaxud hər iki nəqliyyat vasitəsinin hərəkət etdiyi yolun eyni əhəmiyyətli yol olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. AR İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması (135.1.1) və Azərbaycan Respublikası İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmasının müəyyən edilməsi (135.1.6) hallarında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri nəzərə alınmaqla, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Quba RPŞ-nin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ-yə göndərilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Quba RPŞ-nin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılması üçün Azərbaycan Respublikası DİN Quba RPŞ-yə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar