Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-74/2026 18.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN Quba RPŞ X1 xx.xx.2026-cı il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X4 şikayət ərizəsilə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 243.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EPQ ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qardaşı X6 özünə məxsus Quba rayonu Talabıqışlaq ərazisində yerləşən torpaq sahəsində şəxsi bağının suvarılması məqsədilə su hovuzu qazdıran zaman, 11 yanvar 2026-cı il tarixində Quba Rayon Polis Şöbəsinin iki əməkdaşı yaxınlaşaraq işi dayandırmış, heç bir aidiyyəti qurumun (Ekologiya, Su Təsərrüfatı, Şəhərsalma, Əmlak Komitəsi və s.) rəsmi qadağası olmadan müdaxilə etmişdir. Daha sonra torpaq sahəsi və iş ona aid olmadığı halda İXMnin 243.0.1-ci maddəsi ilə ЕХР ******* nömrəli protokol tərtib edilmişdir. O, həmin işdə iştirak etməmiş, torpaq və görülən işlər qardaşı X5 aiddir. Sadəcə olaraq polis əməkdaşları yaxınlaşan zaman o həmin ərazidə olmuşdur. Bu hal İnzibati Xətalar Məcəlləsinin tələblərinə ziddir, çünki inzibati məsuliyyət yalnız xətanı törədən şəxsə tətbiq oluna bilər. Məhkəmə iclasında şikayət verən X4 ərizənin məzmununa uyğun izahat verərək qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN Quba RPŞ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan DİN Quba RPŞ X1 xx.xx.2026-cı il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 1500 (min beş yüz) manat cərimə cəzası tətbiq edilmişdir. İş materiallarına əlavə olunan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli Çıxarışından görünür ki, Quba rayonu, Talabıqışlaq kəndində yerləşən 1.3394 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 122 nömrəli reyestr kitabının 15 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********85 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışından görünür ki, Quba rayonu, Talabıqışlaq kəndində yerləşən 1.3395 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X3 adına daşınmaz əmlakın dövlət reyestrində 336 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən, yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına; fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, işə əlavə edilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr çıxarışlarına əsasən Quba rayonu Talabıqışlaq ərazisində yerləşən torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. 11 yanvar 2026-cı il tarixində baş vermiş inzibati xətanın Quba rayonu, Talabıqışlaq kənd sakini X4 tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, onun Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsiylə məsuliyyətə cəlb olunması əsassız sayılmalıdır. Həmçinin şikayət ərizəsi və iclasının vaxtı və yeri barədə Quba RPŞ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəməyə əlavə sübut və dəlil təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yaradır. Beləliklə, Azərbaycan Respublikası DİN Quba RPŞ X1 xx.xx.2026-cı il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yaradır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Quba RPŞ X1 xx.xx.2026-cı il tarixli EPQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinin tələbi nəzərə alınmaqla, ləğv edilsin və X4 barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İbrahim Qazıbəyov
Məhkəmə qərarları › İş №3(5-139)-74/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-74/2026
18.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver