Məhkəmə qərarları › İş №3(5-139)-75/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-75/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-75/2026 12.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Qazıbəyov İbrahim Mehman oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN BYPİ-nin 18 yanvar 2025-ci il tarixli 16/1-214931 saylı inzibati xəta haqqında qərarının ləğv edilməsi barədə şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X5 məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək, xx.xx.2026-cı il tarixdə tərtib edilmiş EQ33407318 nömrəli protokolun əsassız hesab olunmasını, habelə BDYPİ-nin polis polkovnikleytenantı X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü və 332.3-cü maddələri ilə xx.xx.2026-cı il tarixdə tərtib edilmiş nömrəsiz qərarın, mülkiyyətində olan “Chevrolet Cruze” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hadisə zamanı sürücülük hüququna malik olan yeznəsi X4 tərəfindən idarə edilməsi, habelə təqdim olunmuş fotoşəkillərin ayrı-ayrı vaxtlarda çəkilməsi və yalnız nəqliyyat vasitəsinin arxa görüntüsünü əks etdirməsi nəzərə alınmaqla, ləğv edilməsini xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırır ki, 21 yanvar 2026-cı il tarixdə Quba şəhəri, Tofiq Əhmədov küçəsində (bazar ətrafı ərazi) yerləşən istifadə etdiyi telefon mağazasının qarşısında mülkiyyətində olan “Chevrolet Cruze” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili dayanmışdır. Həmin vaxt nəqliyyat vasitəsi onun yeznəsi – X4 tərəfindən idarə edilmişdir. Qarşıda olan digər nəqliyyat vasitəsi yola çıxarkən yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün sürücü məcburi qaydada hərəkəti qısa müddətə dayandırmışdır. Qeyd olunan ərazi bazar ətrafı olduğundan, nəqliyyatın intensivliyi və sıxlıq müşahidə edilmişdir. Şikayətçi bildirir ki, onun və nəqliyyat vasitəsini idarə edən şəxsin xəbəri olmadan naməlum polis əməkdaşı tərəfindən avtomobilin yalnız arxa hissəsinin fotoşəkli çəkilmiş, sonradan isə müxtəlif vaxtlarda çəkildiyi ehtimal olunan digər fotoşəkillər elektron sistemə yerləşdirilərək uyğunlaşdırılmış və nəticədə mülkiyyətində olan avtomobil barəsində dayanma-durma qaydalarının pozulmasına görə inzibati tənbeh tətbiq edilmişdir. Belə ki, BDYPİ-nin polis polkovnik-leytenantı X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü və 332.3-cü maddələri ilə bağlı EQ33407318 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və şikayətçi 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Şikayətçi xüsusilə qeyd edir ki, inzibati xəta törədildiyi iddia olunan vaxt nəqliyyat vasitəsini özü idarə etməmişdir. Həmin vaxt avtomobil sürücülük hüququ olan X4 tərəfindən idarə olunmuş, özü isə sərnişin qismində avtomobildə əyləşmişdir. Bundan əlavə, inzibati xəta haqqında protokol tərtib edilərkən, onun sürücülük hüququnun məhdudlaşdırılmış olub-olmaması məsələsinə formal yanaşılmışdır. Halbuki, nəqliyyat vasitəsini faktiki olaraq idarə edən şəxs sürücülük hüququna malik olmuşdur. İnzibati tənbeh tədbiri tətbiq edilərkən, nəqliyyat vasitəsini kimin idarə etməsi, həmin şəxsin sürücülük hüququnun mövcudluğu və faktiki hallar hərtərəfli araşdırılmalı olduğu halda, bu hallar nəzərə alınmamışdır. Məhkəmə iclasında X5 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, onun sürücülük hüququ yoxdur, lakin “Chevrolet Cruze” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun mülkiyyətindədir. O qeyd etmişdir ki, sözügedən nəqliyyat vasitəsini sürücülük hüququna malik olan yeznəsi – X4 idarə etmişdir. 21 yanvar 2026-cı il tarixdə Quba şəhəri, Tofiq Əhmədov küçəsində (bazar ətrafı ərazi) yerləşən istifadə etdiyi telefon mağazasının qarşısında digər avtomobilə yol verilərkən DYP əməkdaşı tərəfindən avtomobilin fotoşəkilləri çəkilmişdir. Sonradan isə müxtəlif vaxtlarda çəkildiyi iddia olunan fotoşəkillər uyğunlaşdırılaraq onun barəsində inzibati cərimə tətbiq edilmişdir. Şikayətçi vurğulamışdır ki, həmin vaxt sükan arxasında özü deyil, sürücülük hüququ olan X4 olmuşdur. Bundan əlavə, təqdim olunmuş fotoşəkillər avtomobilin yalnız arxa hissəsindən çəkilmişdir və bu görüntülər dayanma-durma qaydalarının pozulmasını tam və obyektiv şəkildə təsdiq etmir. O həmçinin bildirmişdir ki, məsələ ilə bağlı DYP orqanına müraciət etmiş, lakin müraciətinə baxılmamış, hər hansı araşdırma aparılmamış və ona əsaslandırılmış cavab verilməmişdir. Göstərilən halları nəzərə alaraq, şikayətçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilmiş orqana məlumat verilsə də, DİN BDYPİ və Quba RPŞ DYPB nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxmılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət verən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, DİN BDYPİ-nin İXM-nin 346.4- cü və 332.3- сü maddələri ilə tərtib edilmiş xx.xx.2026 ci il tarixli nömrəsiz qərardan X5 tərəfindən verilmiş şikayət təmin olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026 ci il tarixli nömrəsiz qərarından görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.4-cü və 332.3-сü maddələriylə nəzərədə tutulmuş xəta törətməsilə nətəcələnməsi müəyyən edilmiş və barəsində 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin (EQ********) inzibati tənbeh vermə haqqında qərarına əsasən, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 346.4- cü maddələri ilə 400 manat cərimə edilmiş, Nicat Ramazanov həmin qərarla razılaşmayaraq, qərarın ləğv edilməsi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsilə törədilmiş inzibati xəta üzrə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməklə icraatın aparılması ümumiyyətlə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda, həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, işə əlavə edilmiş fotogörüntüdə xx.xx.2026- ci ildə Quba şəhər, Tofiq Əhmədov küçəsində törədilən inzibati xəta “Chevralet Cruze” minik markalı **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi ünvan 1 ünvanında qeydiyyatda olan X5 tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, onun Azərbaycan Respublikası İXM-nin 346.4-cü və 332.3-сü maddələriylə məsuliyyətə cəlb olunması əsassız sayılmalıdır. Həmçinin işə əlavə edilmiş fotogörüntünün tarixi, saatı, harda görüntülənməsi barədə məlumatlar qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yaradır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinin tələbinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayəti qismən təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası DİN BDYPİ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 346.4 maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında xx.xx.2026 -ci il tarixli nömrəsiz qərar (EQ33407318 protokol kimi qeyd olunmuşdur) İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinin tələbi nəzərə alınmaqla ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Quba rayon PŞ-ə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İbrahim Qazıbəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar