Məhkəmə qərarları › İş №3(5-139)-77/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-77/2026

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-77/2026 09.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Şikayət verən X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-nin Quba rayonu YPX-nin xx.xx.2025-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Rayon Məhkəməsinə müraciət edərək, məhkəməyə müraciət müddətinin üzrlü səbəbdən buraxıldığını nəzərə alaraq bərpa edilməsini, barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarı qanunsuz hesab edərək ləğv edilməsini, iş üzrə obyektiv, hərtərəfli və tam araşdırma aparılmasını təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ona 29 noyabr 2025-ci il tarixində YPX əməkdaşı X4 tərəfindən 100 (yüz) manat məbləğində cərimə və 3 bal tətbiq edilmişdir. Cərimə guya sayrışan işıqlara malik nəqliyyat vasitəsinə yol vermədiyi və YPX avtomobilinə yol vermədiyim əsası ilə tərtib olunmuşdur. O, “saxla” əmrinə tabe olmuş və hadisə zamanı polis əməkdaşına nəqliyyat vasitədə 1-ci qrup əlil şəxsin olduğunu açıq şəkildə bildirmişdir. Buna baxmayaraq, bu hal nəzərə alınmadan barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd edir ki, inzibati kəta protokolunda hadisə yeri fərqli ünvan kimi göstərilmiş, lakin o faktiki olaraq Quba ASAN Xidmət mərkəzinə yaxın ərazidə saxlanılmışdır. Bu hal inzibati sənədlərdə ziddiyyət və uyğunsuzluq yaradır. Hadisə ilə bağlı heç bir video və foto görüntü mənə təqdim edilməmişdir. Quba Rayon Polis Şöbəsinə müraciət edərək yol kameralarının görüntülərini tələb etdikdə, ona belə görüntülərin mövcud olmadığı bildirilmişdir. Eyni zamanda polis əməkdaşının bədənində (yaxasında) olan videoqeydiyyat kamerasının görüntülərini tələb etdikdə, onun da mövcud olmadığı qeyd edilmişdir. Bu faktlar inzibati xəta işinin sübutlara əsaslanmadan tərtib edildiyini göstərir. Cərimənin qanunsuz olduğunu düşündüyü üçün məsələni məhkəməyə daşımadan əvvəl qanuni yollarla həll etməyə çalışmış: 102 - Polis xidmətinə 29 noyabr 2025-ci il, 1 dekabr, 18 dekabr, 7 yanvar, 13 yanvar və digər tarixlərdə dəfələrlə zəng etmiş (zənglərin bəziləri 2-5 dəqiqə arası davam etmişdir). Buna baxmayaraq, müraciətləri real nəticə verməmişdir. 902 - Baş X8ynar xəttinə dəfələrlə zəng etməyinə baxmayaraq, zənglərinə cavab verilməmişdir. Quba Rayon Polis Şöbəsinin DYP rəisinə rəsmi şəkildə şikayət etmişdir. Həmin şöbədə İTÜ-də oturan mayor vəzifəli şəxsə müraciət etdiyi halda da, ona heç bir köməklik göstərilməmişdir. Cəriməni tərtib etmiş polis əməkdaşı X1 (+994 50 863 86 66) nömrəsinə müxtəlif tarix və saatlarda, o cümlədən eyni gün ərzində ardıcıl olaraq bir neçə dəfə (14:02, 14:03, 14:04, 17:23 və digər vaxtlarda) zənglər etmişdir. Həmin şəxs ilkin olaraq onunla görüşəcəyini bildirsə də, sonradan zənglərinə cavab verməmişdir. Yuxarıda göstərilən zənglər telefonunun rəsmi zəng tarixçəsi ilə təsdiqlənir və sübut kimi məhkəməyə təqdim olunur. Göstərilən hallar səbəbindən o məhkəməyə vaxtında müraciət edə bilməmişdir. Gecikmə onun səhlənkarlığı nəticəsində deyil, aidiyyəti dövlət qurumlarının və vəzifəli şəxslərin müraciətlərinə cavab verməməsi ilə bağlı olmuşdur. Məhkəmə iclasında X5 ərizəyə uyğun izahat verərək, şikayəti müdafiə etdiyini, təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-nə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 331-ci maddəsinə əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə - yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən hər hansı sübüt təqdim edilmədiyindən X3 təqsirliliyi sübüta yetirilmir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXMnin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar