Məhkəmə qərarları › İş №3(5-139)-90/2026

Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-90/2026

12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-90/2026 12.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası Quba RPŞ-nin YPX-nin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : X1 Rayon Məhkəməsinə müraciət edərək, Quba RPŞ-nin YPX-nin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 01 fevral 2026-cı il tarixdə saat 12 radələrində idarə etdiyi NİSSAN sunny markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba şəhərində Tofiq Əhmədov küçəsindəki dairəvi yoldan keçərək düzünə hərəkət edən zaman DYP yol patrul xidməti əməkdaşı onun avtomobilini saxlamış, ona dairəvi yolda olan digər avtomobilə yol vermədiyi üçün qayda pozduğunu bildirmişdir. O, DYP yol patrul xidməti əməkdaşına qaydanı pozmadığını hərəkətə başladığı anda dairəvi yola digər nəqliyyat vasitəsinin daxil olmadığını bildirməyinə baxmayaraq onun tərəfindən Həmid Məmmədova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində qərarı qüvvəyə minmiş İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edərək 100 manat məbləğində cərimə və 3 bal cəza tətbiq edilmişdir. Törətmədiyi inzibati xətaya görə barəsində protokol tərtib edilməklə qərarın qəbul edilməsi, qanunsuzluq və ədalətsizlikdir. Bu barədə sübut görüntü istədikdə isə polis əməkdaşı yol patrul xidmətinin durduğu baxış bucağından sanki o, dairəvi ola daxil olmamışdan öncə digər nəqliyyat vasitəsi həmin yola girmiş kimi düşmüş ötəri və anı görüntü göstərməklə kifayətlənmişdir. Həmid Məmmədov bildirir ki, həmin vaxt o, dairəvi yoldan çıxış etməklə manevrə başladığı anda dairəvi yola daxil olan, yaxud üstünlüyə malik olan hər hansı nəqliyyat vasitəsi mövcud olmamışdır. Yalnız o, manevrə etdikdən sonra və yolun üzərində hərəkətdə olduğu zaman başqa bir nəqliyyat vasitəsi dairəvi yola daxil olmuşdur. Həmçinin qeyd edir ki, digər avtomobil artıq yolun üzərində olduğu üçün sürətini yavaşlayaraq sükan arxasında əl hərəkəti etməklə ona yol vermiş və ikisi də ani vaxtlarda tam təhlükəsiz şəraitdə manevrəni həyata keçirmişlər. Azərbaycan Respublikasının yol hərəkəti qaydalarının 42-ci maddəsinin 1-ci və 3-cü bəndlərinə əsasən Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Dönmə göstəriciləri və ya əl ilə siqnal manevrə başlamazdan əvvəl verilir, manevr qurtardıqdan sonra isə dərhal kəsilir (əl ilə verilən siqnal bilavasitə manevrə başlamazdan əvvəl qurtara bilər). Həmçinin həmin qaydaların 48-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən sürücü yalnız üstünlüyü olan nəqliyyat vasitəsinə yol verməlidir.Qeyd etdiyi normalardan da açıq şəkildə görünür ki, üstünlüyün mövcudluğu və təhlükəsizlik vəziyyəti manevrə başlanan ana qədər qiymətləndirilməlidir. Onun vəziyyətində isə manevrə başladığı anda üstünlüyə malik olan nəqliyyət vasitəsi mövcud olmamışdır. Həmid Məmmədov bildirir ki, onun barəsində tərtib edilən xx.xx.2026-cı il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin tarixli qərar əsassızdır. Məhkəmə iclasında şikayət verən X4 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən Azərbaycan Respublikası Quba RPŞ-nin YPX-ya məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba RPŞ-nin YPX-nin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 100 (bir yüz) manat cərimə cəzası tətbiq edilmişdir. “Yol hərəkəti haqqında” AR Qanununun 69-cu maddəsinin Vİ hissəsinin 1-ci bəndinə əsasən 1.1 — əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir; 1.6 — əks istiqamətli və ya eyni istiqamətli nəqliyyat axınlarını ayıran 1.1 və ya 1.11 nişanlanma xətlərinə yaxınlaşma barədə xəbərdarlıq edir (yaxınlaşma xətti — cizgilərinin uzunluğu onların aralarındakı məsafədən üç dəfə böyük olan qırıq xətlər-üfiqi nişanlanma (yolun uzununa nişanlama) xətlərinə aiddir. “Yol hərəkəti haqqında” AR Qanununa əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırda məhkəməyə şikayətçi X2 AR İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunan hallar inzibati tənbeh haqqında qərar qəbul edilmiş şəxsin təqsirli olmasını şübhə altına aldığından, məhkəmə hesab edir ki, həmin şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Quba RPŞ-nin YPXnin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Quba RPŞ-nin YPX-nin TP ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar