Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-95/2026 12.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Şikayət verən X2 iştirakı ilə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33228675 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X1 Rayon Məhkəməsinə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXM-nın 346.4-cü maddəsi ilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2026-cı il tarixli EQ 33228675 nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2026-cı il tarixdə Quba şəhəri, Heydər Əliyev prospektində, "Hiper Store" marketinin qarşısında avtomobilimi yolun birinci hərəkət zolağında saxlamışam. Yolun həmin hissəsi üç hərəkət zolağından ibarət olmuş və avtomobilim yalnız bir zolaqda yerləşmişdir. Digər iki hərəkət zolağı nəqliyyat vasitələrinin hərəkəti üçün tam açıq olmuşdur. Həmin ərazidə dayanma və durmanı qadağan edən hər hansı yol nişanı mövcud olmamışdır. Marketin qarşısında isə müştərilər üçün nəzərdə tutulmuş parkinq sahəsi vardır. Yol patrul xidməti əməkdaşı yaxınlaşdığı üçün onun tələbinə əməl etmək məqsədilə avtomobildən düşərək əməkdaşa yaxınlaşmış və avtomobili dərhal ərazidən çıxaracağımı bildirmişəm. Əməkdaş tərəfindən ona cərimə yazılacağı barədə heç bir məlumat verilməmiş, şifahi xəbərdarlıq edilməmiş və izahat vermək hüququm təmin olunmamışdır. Buna baxmayaraq, hadisədən təxminən 30 dəqiqə sonra barəmdə elektron qaydada "iki və daha çox hərəkət zolağında nəqliyyat vasitəsini saxlama" maddəsi ilə 80 manat məbləğində cərimə və 2 bal tətbiq edilmişdir. Avtomobili iki və ya daha çox hərəkət zolağını tutmamış, yol hərəkətinə maneə yaratmamışdır. Bu səbəbdən barəmdə tətbiq edilmiş inzibati tənbeh tədbiri faktiki vəziyyətə və qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə iclasında şikayət verən X3 ərizənin məzmununa uyğun izahat vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı barədə qərarından şikayət verilən DİN BDYPİ-yə məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə, qərarından şikayət verilən oranın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və təqdim olunmuş inzibati xəta materialını tədqiq edərək hesab edir ki, qərardan verilmiş şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33228675 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikasının İnzibati Xəatalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 80 (səksən) manat cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 124.6-cı maddəsinə əsasən bu Məcəllənin 346.1 346.2, 346.4–346.9, 346-1.1–346-1.4 və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda inzibati xəta törətmiş şəxsin iştirakı olmadan foto və ya video çəkiliş aparılmaqla, nəqliyyat vasitəsinin istifadəçisi barədə inzibati tənbeh vermə haqqında qərar çıxarılır. İnzibati xəta hadisəsinin baş verdiyini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildiyini sübut edən foto və ya video materiallar əlavə olunmaqla, həmin qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulur. İnzibati tənbeh vermə haqqında qərar operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2.1 və 125.2.2-ci maddələrində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə – səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında “Azərbaycan Respublikasının Qanununa əsasən yolun hərəkət hissəsi – yolun nəqliyyat vasitələrinin hərəkəti üçün istifadə edilən hissəsidir (yolun ayırıcı zolaq vasitəsilə dürüst müəyyən edilən və ya müxtəlif səviyyələrdə olan bir neçə hərəkət hissəsi ola bilər); İş materiallarında mövcud olan foto görüntülərə baxış keçirilməsi zamanı müəyyən olunur ki, “Vaz 21013” minik markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil parklanma üçün nəzərdə tutulmuş dayanacaqdan sonra yolun hərəkət hissəsində birinci cərgəsində dayanmışdır. Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2– 346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcələnin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ ********* nömrəli inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilmədiyindən dəyişdirilməli və X3 Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2026-cı il tarixli EQ 33228675 nömrəli inzibati tənbeh vermə haqqında qərarı inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilmədiyindən dəyişdirilsin və X2 əməli Azərbaycan Respublikasının İXM-nin 346.1-ci maddəsinə tövsif olunaraq 20 (iyirmi) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №3(5-139)-95/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-95/2026
12.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver