Azərbaycan Respublikası adından QƏRAR Quba şəhəri İş № 3(5-139)-98/2026 23.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba-Xaçmaz regional şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin icraatına Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba-Xaçmaz regional şöbəsindən «SS-Quba 2021” MMC barəsində tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən «SS-Quba 2021” MMC tərəfindən ƏMAS-a daxil edilmiş əmək müqaviləsində işçinin əməkhaqqını Respublika üzrə müəyyən edilmiş minimum əməkhaqqına (400 manat) uyğunlaşdırılması barədə icrası məcburi göstəriş verilsə də, icra edilməmişdir. Bununla da AR Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbləri pozulması aşkar olunmuşdur. Məhkəmə iclasında barəsində protokol tərtib edilmiş "xxxx" MMC-nin nümayəndəsi X5 bildirmişdir ki, o, "xxxx" MMC-nin təsisçisidir. MMC-nin fəaliyyəti aktiv olsa da, faktiki olaraq heç bir obyekt mövcüd deyil və MMC heç bir fəaliyyətlə məşğul olmur. Ona görə də, pozuntu barədə hər hansı bildiriş daxil olmamışdır. MMC-nin təsisçisindən başqa (yəni özündən başqa) heç bir işçisi yoxdur. İş üzrə protokolu tərtib edən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba-Xaçmaz regional şöbəsinin rəisi Təngiz Nəzərovun «SS-Quba 2021” MMCnin rəhbəri X3 ünvanladığı xx.xx.2025-ci il tarixli icrası məcburi göstərişdən görünür ki, «SS-Quba 2021” MMC tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsində işçinin əməkhaqqında düzəlişin 10 iş günü müddətində təmin olunması tələb edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba-Xaçmaz regional şöbəsinin rəisi Təngiz Nəzərovun «SS-Quba 2021”MMCnin rəhbəri X3 ünvanladığı xx.xx.2026-cı il tarixli məktubdan görünür ki, «SS-Quba 2021” MMC tərəfindən “Əmək və Məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsində işçinin əməkhaqqında düzəlişin 10 iş günü müddətində təmin olunmayacağı təqdirdə «SS- Quba 2021” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba-Xaçmaz regional şöbəsinin əmək müfətttişi X1 tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2026-cı il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, «SS-Quba 2021” MMC tərəfindən ƏMAS-a daxil edilmiş əmək müqaviləsində işçinin əməkhaqqını Respublika üzrə müəyyən edilmiş minimum əməkhaqqına (400 manat) uyğunlaşdırılması barədə məcburi göstəriş təmin olunmamışdır. Bununla da AR Əmək Məcəlləsinin 15.5-ci maddəsinin tələbləri pozulmuş, nəticədə «SS-Quba 2021” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Məhkəmə istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir və sübutların məcmusu istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Habelə, əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar olmadığından, «SS-Quba 2021” MMC inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tədbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 116.1-ci eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır; 116.2-ci inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur; 116.3-cü bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir; 116.4-cü inzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, hüquqpozmanın aradan qaldırılması müddətinin axımı məlumatın daxil olduğu gündən bərpa olunur. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, «SS-Quba 2021” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbirinin şərti olaraq tətbiqi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən «SS-Quba 2021” MMC törətdiyi hüquqpozmanın aradan qaldırması üçün bir ay müddət müəyyən edilməklə cərimə şərti olaraq tətbiq edilməli, nəzərdə tutulan müddətdə qeyd edilən hüquqpozmalar aradan qaldırılarsa, inzibati cərimə ödənilməməlidir. Qeyd olunan hüquqpozmalar aradan qaldırılmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba-Xaçmaz regional şöbəsinə və məhkəməyə məlumat verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməklə 2000 (iki min) manat məbləğində cərimə edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 116.1-ci maddəsinə əsasən "xxxx" MMC törətdiyi hüquqpozmanın aradan qaldırması üçün bir ay müddət müəyyən edilməklə cərimə şərti olaraq tətbiq edilsin. Nəzərdə tutulan müddətdə qeyd edilən hüquqpozmalar aradan qaldırılarsa, inzibati cərimə ödənilməsin. Həmin müddətdə yuxarıda qeyd olunmuş hüquqpozmalar aradan qaldırılmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Quba-Xaçmaz regional şöbəsinə və məhkəməyə məlumat verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə Quba Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Samir Məmmədov
Məhkəmə qərarları › İş №3(5-139)-98/2026
Quba Rayon Məhkəməsi Qərar — İş №3(5-139)-98/2026
23.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver