Məhkəmə qərarları › İş №3(5-141)-1/2026

Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-1/2026

30.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-1/2026 30.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi, Qusar RPŞ-nin nümayəndəsi X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025 il tarixli, EQ 32853534 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025 il tarixli, EQ 32853534 saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə barəsində inzibati tənbeh vermə haqqında 14 sentyabr 2025-ci il tarixli, EQ 32853534 nömrəli protokol tərtib edilmiş və həmin protokola əsasən xx.xx.2025 il tarixli Qərarı ilə barəsində cərimə növündə inzibati tənbeh tərtib edilmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsilə təqsirli bilinərək 80 (səksən) manat məbləğində cərimə (8 AZN endirim)+2 balla barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Qərarın surəti ona telefonla xx.xx.2025-ci il tarixdə saat 12:17 radələrində çatdırılmışdır. Onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EQ32853534 nömrəli Protokol tərtib edilmiş və həmin Protola əsasən xx.xx.2025-ci il tarixli, EQ32853534 Qərarı ilə aşağıda göstərilən əsaslara görə razı deyildir, ona görə də hesab edir ki, bu qərar ləğv edilməlidir. Qərarda qeyd olunur ki, xx.xx.2025-ci il tarixdə saat 12:12 radələrində Qusar şəhəri, Ç.Qurbanov küçəsində onun idarə etdiyi “HYUNDAİ H1” markalı ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayanmışdır və bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən EQ32853534 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə 80 (səksən) manat məbləğində cərimə edilmişdir. Onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda qeyd olunan məlumatlar həqiqətə uyğun deyil, heç bir hüquqi əsası olmadan onun barəsində inzibati protokol tərtib edilərək onu cərimələmişdir. Belə ki, o heç vaxt qadağan olunan yerlərdə maşın saxlamır, bütün qayda və qanunlara hörmətlə yanaşır. Protokolda qeyd olunan xx.xx.2025-ci il tarixdə, saat 12:17 radələrində o Qusar şəhəri, Ç.Qurbanov küçəsində sükan arxasında olmuş, həmin halı radar vasitəsi ilə çəkilən fotoşəkillərdə təsdiq edir. Bu səbəbdən də hesab edir ki, ona qarşı tərtib olunmuş inzibati tənbeh vermə haqqında Qərar qanunsuzdur və əsassızdır, o heç bir inzibati xəta törətməmişdir. Hesab edir ki, barəsində şikayət etdiyi qərar qəbul edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir.(hal şahidləri və digər sübutlar). Göstərilənlərə əsasən həmin qərarın ləvğ edilməsini məhkəmədən xahiş etmişdir. X1 xx.xx.2026-cı il tarixli məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə müdafiə edərək bildirmişdir ki, həmin protokol və protokol əsasında tərtib edilmiş qərar qanunsuz və əsassızdır. Məhkəməyə təqdim etmiş olduğu fotoşəkildəki avtomobilin ona məxsusdur. Həmin yerdə saxlamaq qadağandır nişanı olmadığına görə, orada avtomobilini orada saxlamışdır. Həmin ərazidə avtomobili təxminən iki üç dəqiqə saxlamış, qəza işıqlarını yandırmamışdır. Həmin zaman o sükan arxasında olmuşdur.Bunları nəzərə alaraq məhkəmədən həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Qusar RPŞ-nin DYPB-nin nümayəndəsi X5 məhkəmə iclasında qəbul edilmiş qərarı müdafiə edərək bildirmişdir ki, həmin küçədə yolun hərəkət hissəsinin 2-ci cərgəsində dayanma və durmanın qadağan edilməsi üçün əlavə nişana ehtiyac yoxdur. Çünki yolun hərəkət hissəsinin 2-ci cərgəsində dayanma və durma Azərbaycan Respublikasının Yol Hərəkəti haqqında qanunun tələblərinə əsasən qadağandır. Şikayətçi isə yolun hərəkət hissəsinin 2-ci cərgəsində saxladığından onun barəsində qəbul edilmiş qərar qanunidir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.2-ci maddəsinə əsasən məhkəmə iclasının X1nun iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını, məhkəmə iclasında verilən izahatları tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan fotoşəkillərə baxış zamanı, həmçinin məhkəmə iclasında X3 izahatından məlumat olmuşdur ki, X4 avtomobili Qusar şəhəri, Ç.Qurbanov küçəsidə yolun hərəkət hissəsində 2-ci cərgədə saxlamışdır. Bu isə məhkəmə tərəfindən “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının qanununun 52-ci maddəsinin İ bəndinin tələbinin pozulması kimi qiymətləndirilir. Həmçinin şikayətçinin izahatında həmin hissədə avtomobil saxlamanın qadağan olmasını bilmədiyi və saxlasa belə sükan arxasında olmasına münasibətdə isə bildirir ki, şəxs tərəfindən qeyd edilən sükan arxasında olduğu halda məsuliyyətə cəlb edilməməsi ilə bağlı qanunvericilikdə hər hansı müddəa yoxdur və şəxsin həmin yolda 2-ci cərgədə saxlamanın qadağan olmasını bilməməsi onun məsuliyyətini istisna etmir. Azərbaycan Respublikasının “Yol Hərəkəti haqqında” qanunu: Maddə 52. Dayanma və durma İ. Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır Vİİ. Dayanacağın qadağan edildiyi yerlərdə məcburi dayandıqda sürücü nəqliyyat vasitəsinin həmin yerlərdən aparılması üçün mümkün olan bütün tədbirləri görməlidir. Maddə 55. Nasaz nəqliyyat vasitələri və onların yedəyə alınması İİ. Dayanmanın qadağan edildiyi yerdə nəqliyyat vasitəsi məcburi dayandıqda və ya hərəkət hissəsində onun olması yol hərəkətinin digər iştirakçılarına maneə yaradırsa, sürücü qəza dayanması işıq siqnalını yandırmalı və ya qəza dayanması nişanını quraşdırmalıdır. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, X3 barəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32853534 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X3 barəsində olan Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 32853534 saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar