Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-115/2026 18.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə, Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Qusar rayonu, Yasab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləyən, Qusar rayonu, Yasab kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333- 1.1-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Qusar RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiallara Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2026-cı il tarixdə “OPEL ASTRA MİNİK” markalı **- DX-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında sərxoş vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası DİN-nin Qusar RPŞ DYPB-nin polis serjantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsi ilə xx.xx.2026-cı il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qusar rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasına barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında protokol üzrə özünü təqsirli bilməmiş və izahatında bildirmişdir ki, o Zərifə Əliyeva küçəsində, Dəmir bəy və Araz bəy tərəfindən saxlanılmışdır və ona bildirmişlər ki, maşını kirlidir və arxa şüşə də plyonkalıdır, sonra da ona spirtli içki qəbul etdiyini bildirmişlər. O isə içmədiyini bildirmişdir. Sonra alkotester müayinəsinin aparılmasını bildirmişlər, o da alkotester aparatına üfürmüş, polislər ona testin müsbət çıxdığını bildirmiş, sonra yenidən üfürmüş yenədə testin nəticəsi pozitiv çıxmışdır. Lakin o spirtli içki qəbul etdiyini inkar etmişdir. Sonra polislər ona birtəhər göründüyü bildirmiş, o isə normal olduğunu, heç bir problem olmadığını bildirmişdir. Polis əməkdaşları ondan narkotik vasitə qəbul edib etmədiyini soruşmuş, o da heç vaxt narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Daha sonra onu onu şöbəyə apardıqlarını, orada analiz verməyi təklif olunduğunu, o isə öz növbəsində ora analiz verməyə etiraz etdiyini, nəticədə Xaçmazda yerləşən xəstəxanaya analiz üçün aparıldığını, Xaçmazda analiz verdiyini, həkimin ona “sən narkoman deyilsən” dediyini, ordakı analizin müsbət çıxdığını, polis əməkdaşı Dəmirbəyin oradakı həkimlə nəsə söhbət etdiyini, həkim tərəfindən ona rəyin altına narkotik qəbul etməsini yazmasını deməsini, belə bir şeyi yazmağ istəmədiyini, polis əməkdaşı Dəmirbəyin ona yazmadığı təqdirdə işini çətinləşdirdiyini, sonradan rəyin altına narkotik vasitə qəbul etməsini yazdığını, ordan çıxaraq Qusar RPŞ-yə gətirildiyini, orada polis əməkdaşı Asif tərəfindən narkotik vasitəni hardan əldə etməsini, kimdən və necə əldə etməsini soruşduğunu, o isə belə bir şey etmədiyini, sonra Qusar RPŞ-nin rəis müavininin yanına aparıldığını, eyni sualların onun tərəfindən verildiyini, sonradan polis əməkdaşı Araz tərəfindən ondan işini həll etmək üçün 1000 manat istənildiyini, o isə verməyəcəyini, sonradan Arazın onun üstünə əsəbləşdiyini, polis əməkdaşları tərəfindən döyüldüyünü, şalvarının soyundurulduğunu, nalayiq sözlərlə təhqir edildiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı izahatı isə polisin təsiri altında və qoxduğu üçün yazdığnı, polisin bu hərəkətlərindən Baş Prokurorluğa şikayət etdiyini, lakin şikayətini təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməyəcəyini, ətrafındakı tanışlarının məsləhəti ilə yenidən analiz verməyini, bunun üçün Xaçmaz xəstəxanası deyil, Quba rayon Mərkəzi xəstəxanasına getdiyini və tibb bacısı işləyən arvadı ilə getdiyini, oradakı test nəticəsinin isə neqativ çıxdığını bildirmişdir.Göstərilənlərin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası DİN Qusar RPŞ-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası DİN Qusar RPŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli 27 №-li “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında akta əsasən, narko-test müayinəsi zamanı Şəxs tərəfindən narkotik vasitə olan marixuana-çətənə bitkisi aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac yoxdur. Beləliklə məhkəmə iş materiallarını və Şəxs izahatını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, məhkəmə tərəfindən şəxsin izahatı özünümüdafiə xarakterli hesab edilərək, şəxsin bu izahatını inzibati məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verdiyini nəzərə alaraq şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin şəxsin təqdim etmiş olduğu “Quba rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2026-cı il tarixli, 4 nömrəli aktına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin akt hazırki iş üzrə şəxsin təqsirsizliyini sübut edəcək mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki həmin akt Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş forma və məzmuna uyğun deyildir. Həmçinin şəxsin Xaçmaz rayon Mərkəzi Xəstəxanasında vermiş olduğu rəyin aşağı hissəsinə rəylə tanış olduğunu və 3 ay əvvəl narkotik vasitə qəbul etdiyini yazması, ama sözdə həmin rəylə razı olmadığını bildirməsi məsələsində isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxs həmin rəylə razı olmadığı təqdirdə həmin rəyi vermiş şəxsə yazılı yaxud şifahi etirazını bildirməmiş, yoxlamanın yenidən aparılması barədə heç fikrini bildirməmişdir. Həmçinin “Quba rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2026-cı il tarixli, 4 nömrəli aktının aşağı hissəsində qeyd qrafasında bildirilir ki, “Müayinə ekspress üsulu olduğundan, vətəndaş nəticə ilə narazıdırsaa təkrar müayinə spesifik alternativ “Gas Chromatigraphy mass spectometr” (GSMS) yoxlaması məsləhət görülmüşdür. Burdan isə məhkəmə belə qənaətə gəlir ki, ekspress üsulu ilə aparılan yoxlamanın nəticəsi hazırki iş üzrə mötəbər sübut qismində qəbul edilə bilməz. Həmçinin məhkəmə şəxsin məhkəməyədək icraat zamanı etirafedici izahatını polisin təsiri altında verdiyini bildirməsi məsələsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, şəxsin Qusar RPŞ-də döyülməsi, nalayiq təhqirlərə məruz qalması və məcburi yalan izahat yazdırılması ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciətini təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarının 2.1-ci bəndinə göstərilmişdir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1.nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2.ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3.özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.2-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. Həmin Qaydaların 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Həmin Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən Alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan Respublikasının İXM-nin 333-1.1 maddəsinin qeydinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İXM-nin 333-cü maddəsinin qeydinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası İXM-nin 33.3-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində inzibati xəta tərkibinin əlaməti kimi nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hal, inzibati tənbeh tətbiq edilərkən təkrar nəzərə alına bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən Azərbaycan Respublikası İXMnin 33.3-cü maddəsinin tələbinə əsasən şəxsin inzibati xətanı sərxoş halda törətməsi pozmuş olduğu maddənin tərkib əlaməti kimi mövcud olduğundan həmin hal məsuliyyəti ağırlaşdıran hal qismində nəzərə alınmamalıdır. Məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırki inzibati xətanı törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri pozmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə sürücülük hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılmalıdır. Məhkəmə Şəxs cərimə növündə inzibati tənbehin tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, cərimə inzibati tənbehi tətbiq olunacağı təqdirdə cəmiyyətdə bu qəbildən inzibati xətaların artımı müşahidə oluna bilər. Həmçinin cərimə inzibati tənbehi digər şəxslərin bu kimi inzibati xətaları törətməsində “stimul” rolunu oynaya bilər. Məhkəmə hesab edir ki, tətbiq olunacaq Şəxs verilmiş sürücülük hüququnun 6 (altı) ay müddətə məhdudlaşdırılması Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib sürücülük hüququ 6 ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Günel Səfərli
Məhkəmə qərarları › İş №3(5-141)-115/2026
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-115/2026
18.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver