Azərbaycan Respublikası adından QƏRAR Qusar şəhəri İş № 3(5-141)-55/2026 11.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Səfərli Günel Adil qızının sədrliyi, Hacıbalayev Ayaz İlham oğlunun katibliyi ilə, Şikayət verən şəxs X3, Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarından X3 verdiyi şikayətinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 məhkəməyə müraciət edərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv olunması barədə qərar qəbul edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 izahatında göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə 16 dekabr 2025-ci il tarixli, MN № ******* saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 272.1-ci maddəsinə əsasən vəzifəli şəxs kimi 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Hesab edir ki, həmin qərar ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Qusar rayonu Gican kəndində olarkən 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları avtomobilə xəbərsiz və icazəsiz daxil olaraq üzərində olmayan ona məxsus olan qanuni mülkiyyətində olan odlu ov silahlarını götürürək onu 1000 manat məbləğində cərimə ediblər. Həmin vaxt üzərində heç bir ov predmeti olmayıb. O, qanunu pozmuşdursa belə fiziki şəxs kimi qanunu pozmuşdur. O zaman fiziki şəxs kimi cərimələnməli idi. Məhkəmə iclasında sədrlik edən hakimin suallarına cavab olaraq X5 bildirdi ki, illərdir ov ilə məşğuldur, silah da ona məxsus olan silahdır, ov iti də ona məxsus olan ov itidir, onların üstü açıq maşınlarla-pik up-la gəzdiyi yerlər də ov üçün nəzərdə tutulmuş yerlərdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərin də onlara məxsus, onların (digər tanışları-hansı ki, onların da barələrində eyni qərarlar qəbul edilmişdir) olduğu şəkillər olduğunu məhkəmənin nəzərinə çatdırdı. Həmçinin son olaraq da qeyd etdi ki, “lap ovçuyam, ov edirəm, hanı sübutları, hanı ov predmeti?“ Məhkəmənin suallarına cavab olaraq həmçinin onu da bildirdi ki, ov bileti var, Ovçular İttifaqının üzvüdür, amma lisenziyası yoxdur, lisenziya olmadan ov etmişdir həmişə, çünki dəfələrlə lisenziya üçün müraciət etmiş və lisenziyanın olmadığı ona bildirilmişdir. Təzəlikcə də 1 həftə öncə müraciət etmişdir, verməyiblər. Sonda o, şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 izahat verərək bildirdi ki, şikayət əsassızdır, belə ki, “Ovçuluq haqqında” qanunun 1-ci maddəsinə əsasən ovçuluq, quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür, biz də şikayəti verən şəxs X4 ov üçün nəzərdə tutulmuş yerdə, ov silahı, ov itləri, bir neçe “ovçu” tanışı ilə birlikdə (hansı ki, hər biri ayr-ayrı yerlərdə-Xaçmaz və s yerlərdə yaşayır-yəni reyd keçirdiyimiz yerdə-Qusarda yaşamırlar) görüb şəkillərini də çəkmişik və aktlaşdırmışıq. Həmçinin onu da qeyd etdi ki, şəxsin dediyi kimi ov bileti olmuş olsa da qanunun tələbinə əsasən əgər ov etmək üçün icazə-lisenziya alınmamışdırsa, ovçuluqla məşğul olmaq qadağandır. Ola bilsin ki, lisenziya üçün dediyi kimi bizə müraciət olunub, lakin lisenziya müəyyən vaxtlarda sayla gəldiyi üçün hər kəs müraciət edilən alanda lisenziya almaya bilir. Lisenziya bir dəfə gəlir, məsələn 30 dənə, 40 dənə, kim tez gəlibsə ona veririk, bitir. Ov paltarları ilə, ov silahları ilə, ov itləri ilə, toplanmış silahlanmış bir neçə nəfər bəs ov etmirdisə, nə üçün ov sahəsində, pik-up-da əlində silahlarla maşından kənara çıxıb ov üçün nəzərdə tutulmuş ərazini tüfənglərlə müşahidə edirlər, həmin ərazidədirlər. Onların çəkilmiş əlavə fotolarını da məhkəməyə təqdim etdi. Sonda şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İş materiallarını araşdıraraq hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan barəsində inzibati tənbeh barədə qərar qəbul edilmiş şəxsin də olduğu, ov ərazisində, ov itləri, ov tüfəngi, ova getdiyi tanışları-bir qrup şəxslə birlikdə çəkilmiş fotolardan da görünür ki, həqiqətən də X5 ov üçün nəzərdə tutulmuş ərazidədir, ov itləri, ov tüfəngləri ilə birlikdə ətrafı müşahidə edirlər, Şəkillərdən görünür ki, ov heyvanları təqib edilir, izlənilir, əlində silahlar var, həmin bir qrup şəxs ona məxsus pik up-dadırlar. İş materiallarında olan 12 dekabr 2025-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 094319 saylı aktdan da görünür ki, qanunsuz ov ilə mübarizə sahəsində keçirilən reyd zamanı Qusar rayonu, Gican kəndində, ov üçün nəzərdə tutulmuş yerdə ov tüfəngləri ilə X3 lisenziyası olmadan, ov etmək hüququ olmadan çöl heyvanlarının izlərini müşahidə etdikləri görülüb, həmin anların da fotoşkəilləri çəkilərək iş materiallarına əlavə edilib. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən ov etmək qaydalarının pozulması-Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla,( Balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə) ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə –inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır; Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında məhkəmə qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest haqqında qərar qəbul edildikdən dərhal sonra elan edilir. Həmin Məcəllənin 136.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərarın surəti, onun qəbul olunduğu gündən iki gün müddətində, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə, zərər çəkmiş şəxsə və ya protest vermiş prokurora verilir. “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsiovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növüdür. Həmin Qanunun 1.0.6-ci maddəsinə əsasən ovçu - ovçuluq fəaliyyətini həyata keçirmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ovçuluq bileti və ov etmək üçün icazəsi olan fiziki şəxsdir. Həmin Qanunun 1.0.7-ci maddəsi- ov aləti - həvəskar və idman ovunu həyata keçirmək üçün istifadə edilən ov silahları, ov itləri, ovçu quşları və başqa ov vasitələridir. Həmin Qanunun 12.1-ci maddəsi-ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. Həmin Qanunun 12.2-ci maddəsi-ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. Həmin Qanunun 14.1-ci maddəsi-ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. Həmin Qanunun 20-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində ov edilməsi ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda qadağan edilir. İş materiallarını tam şəkildə araşdıraraq hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinin 272-1 ci maddəsinin tələbindən də göründüyü kimi şəxsin təqsirliliyi tam şəkildə sübuta yetirilib, şəxs özü də etiraf edir ki, illərdir ov ilə məşğuldur, hansı ki, lisenziyası yoxdur. Ov etməkdən başqa da bir peşəsi olmadığını dəfələrlə məhkəməyə bildirir, şəxsin ov üçün lisenziyasının olmaması məhkəmə iclasında öz təsdiqini tapdı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin hətta “ov itini nə üçün gətirmişdin?” sualına cavab olaraq bildirdi ki, hə ov etmək üçün gətirimişəm, sənin sübutun varmı, bəlkə iti gəzdirirəm. Həmçinin özü öz izahatında bildirir ki, illərdir ovla məşğuldur, lizensiya olmadan ov edir və lisenziya üçün də dəfərlərlə müraciət edib. Göründüyü kimi onun verdiyi izahat özü özlüyündə qərarın qanuniliyindən və əsaslılığından xəbər verir. Həmçinin şəxsin təqsirliliyi iş materiallarına əlavə edilmiş fotoşəkillər, aktla da öz təsdiqini tapır. İzahat, akt və fotoşəkillərdən də aydın olur ki, X5 ov üçün icazəsi olmamış, nəticədə ov etmək qaydalarını pozmuşdur.Bu səbəblə də hazırkı inzibati xəta haqqında işə baxmış və qərar qəbul etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2025-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olmuşdur. Şəxsin təqsiri tam şəkildə sübuta yetirilmişdir, ona görə də qeyd edilən məlum qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 16 dekabr 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qusar rayon məhkəməsi vasitəsilə və ya birbaşa Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və protest verilmədikdə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Qusar rayon məhkəməsinin hakimi: Günel Səfərli
Məhkəmə qərarları › İş №3(5-141)-55/2026
Qusar Rayon Məhkəməsi Qərar — İş №3(5-141)-55/2026
11.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver